Bizdən nə qədər əmək haqqı gözləyirsiniz?

Əvvəlki yazıların davamı olaraq, “Bizdən nə qədər əmək haqqı gözləyirsiniz?” sualı ilə bağlı yazımı davam etdirirəm.

Əmək haqqı barədə sual bir növ çaşdırıcı xarakter daşıyır. Adətən, bu sual namizədə psixoloji təsir edir. Namizədin mövcud vəziyyətindən asılı olaraq (işsiz olub-olmaması), o, bu suala cavab olaraq İşəgötürənin nəzərdə tutduğundan aşağı və ya yuxarı məbləğ də deyə bilər. Əslində ola bilər ki, İşəgötürən müvafiq vəzifə/peşə üçün konkret əmək haqqı təyin edib, onun bu sualı verməkdə əsas məqsədi bir növ namizədin özünə verdiyi qiyməti dəyərləndirməkdir. Çox aşağı məbləğlə özünüzün bilik, bacarıq və qabiliyyətinizə olan inamsızlığınızı nümayiş etdirir, çox yuxarı məbləğ deməklə də İşəgötürəni sizi işə qəbul etmək fikrindən uzaqlaşdırırsınız. Bir sözlə, bu sualın doğru və ya səhv cavabı yoxdur, sadəcə düşünərək diplomatik şəkildə cavab vermək lazımdır.

Həm tələbələr və ilk dəfə iş həyatına başlamaq istəyənlər, həm də yüksək kvalifikasiyalı peşəkar mütəxəssislərə bu suala cavab vermək eyni dərəcədə çətindir.

Ümumiyyətlə, hər bir kəs sahib olduğu peşənin/vəzifənin əmək bazarındakı qiymətini araşdırmalıdır. Məsələn, bu gün yeni işə başlayan kadrlar üzrə mütəxəssisin əmək bazarındakı ilkin əmək haqqı məbləği 400-500 manatdan başlayır. Daha peşəkar olan mütəxəssislərin isə başlanğıc əmək haqqı məbləği 1000 manat və üstüdür. Eləcə də, şirkətin əmək bazarındakı yeri, onun brend olub-olmaması əmək haqqının məbləğinə təsir edən amillərdəndir.

Ona görə də, müsahibəyə gedərkən mütləq hazırlıqlı olmaq lazımdır. İlk əvvəl müraciət etdiyiniz şirkətin bazardakı yerini araşdırın. Mümkündür ki, bir şirkətdə sizə nəzərdə tutduğunuz 1000 manat əmək haqqını verməyə razı olsunlar, amma digər şirkətin belə bir əməkhaqqı verməyə imkanı yoxdur.

Bəzən arzu etdiyimiz gəlir və faktiki gəlirimiz üst-üstə düşmür. İş yerində təklif edilən əmək haqqı əmək fəaliyyətinin ilk illərində az olsa da, sırf təcrübə toplamaq nöqteyi-nəzərindən namizədlər tərəfindən qəbul edilə bilər. Lakin namizəd təcrübəlidirsə, təbii ki, onun aldığı əmək haqqı onu həm də motivə etməlidir, əks halda o, həvəssiz işləyəcək və bu da səmərəliliyin aşağı olmasına səbəb olacaq.

Bütün sadaladığım məqamları nəzərə alaraq, bu suala verəcəyiniz cavablar belə ola bilər:

  • Mənim ehtimal etdiyim əmək haqqı “X” manatdır, lakin biz bunu müzakirə edə bilərik. Sizin təklif etdiyiniz məbləğ bəs nə qədərdir?
  • Mənim ehtimal etdiyim əmək haqqı “X” manatdır, bu məbləğ hal-hazırda əmək bazarında müvafiq vəzifə üçün təklif edilən məbləğdir. Mənə başqa şirkətdən hal-hazırda qeyd etdiyim məbləğlə iş təklif edilir. Lakin şirkətinizin təklif etdiyi digər şərtlər məni daha çox cəlb edir. Bəs sizin bu iş üçün nəzərdə tutduğunuz məbləğ nə qədərdir?
  • Əgər təklif etdiyiniz digər şərtlər mənə uyğun olarsa, biz əmək haqqının məbləğini müzakirə edə bilərik.

Yaxud da, mövcud vəziyyətinizi nəzərə alaraq konkret cavab verə bilərsiniz:

  • Mənim gözlədiyim məbləğ “X” manatdır və bu əmək haqqı tamamilə mənim bilik və bacarıqlarıma uyğundur. Ona görə bu məbləğdən aşağı əmək haqqı təklifini qəbul edə bilməyəcəyəm.

Yaxşı olar ki, bu suala cavab verərkən konkret bir rəqəm yox, müəyyən bir diapazonda məbləğ səsləndirəsiniz: razılaşa biləcəyiniz ən aşağı məbləğ və arzu etdiyiniz yuxarı məbləğ diapazoununda. Məsələn:

  • İlk iş təcrübəmin olmasına baxmayaraq, bu sahədə müxtəlif təlimlərdə və təcrübə proqramlarında iştirak etdiyimi, dil biliklərimi nəzərə alaraq, gözlədiyim məbləğ 400-600 manat aralığındadır.
  • Malik olduğum kvalifikasiya və bacarıqlarıma əsaslanaraq, gözlədiyim əmək haqqı 3000-4000 manat aralığındadır.

Əmək haqqının məbləğini deməzdən əvvəl mütləq öz bilik, bacarıq və qabiliyyətlərinizi ön plana çəkin. İşəgötürən sizə psixoloji təsir etdiyi kimi, siz də ona təsir edin.

Sevinj Garakishiyeva

Bir cavab yazın

Back to top button