17 Aprel 14:37

COVID-19 ilə Mübarizəyə dair ISESCO mükafatı

Azərbaycan Respublikasının ISESKO üzrə Milli Komissiyası aşağıdakı məlumatı təqdim edir.

Bəşəriyyəti bürüyən qlobal sağlamlıq böhranı fonunda dünya bugünkü çağırışlara effektiv və davamlı həllər tapmaq üçün tibbi və elmi araşdırmalara daha çox ehtiyac duyur. Bu məqsədlə, Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq birliyə xitabən “virusu nəzarətdə saxlamaq, dayandırmaq, onunla mübarizə aparmaq, yayılmasını əngəlləmək və təsirini azaltmaq üçün hər fürsətdən istifadə etmək” çağırışına cavab olaraq, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) COVID-19 ilə Mübarizəyə dair Mükafat elan edir.

MÜKAFATIN MƏBLƏĞİ

Mükafat olaraq, 200.000 ABŞ dolları məbləğində mükafat məbləği və xüsusi Medal nəzərdə tutulmuşdur.

SEÇİM KOMİTƏSİ

Mükafatın Seçim Komitəsinə aşağıdakı şəxslər daxildir:

  • ISESCO-nun Baş direktoru;
  • İxtisaslaşmış beynəlxalq təşkilatlardan 2 nümayəndə;
  • Aparıcı universitetlərdən və tanınmış tədqiqat mərkəzlərindən seçiləcək 4 elm xadimi.

Seçim Komitəsinin Katibliyi Mərakeş Krallığının Rabat şəhərində, ISESCO-nun baş qərargahında yerləşir.

NOMİNASİYALAR ÜÇÜN KRİTERİYALAR

Mükafata namizədliyini təqdim etmək üçün COVID-19-a qarşı effektiv dərman vasitəsi və ya peyvənd tapdığını iddia edən müstəqil tədqiqatçı, tədqiqatçılar qrupu və ya tədqiqat müəssisəsi Komitənin Katibliyinə aşağıdakılar daxil olmaqla tam müraciət göndərməlidir:

  • Mükafat Nominasiya Forması (www.icesco.org saytında mövcuddur);
  • Kəşf haqqında təfsilatlı hesabat faylı;
  • Müstəqil tədqiqatçı və ya tədqiqatçılar qrupunun tərcümeyi-halı (CV-lər). Tədqiqat müəssisəsi olduqda, aparıcı elmi mütəxəssisin CV-si;
  • Rəsmi səlahiyyətli orqanlar tərəfindən akkreditə olunmuş hüquqi şəxs tərəfindən patent qeydiyyatı;
  • İddianı dəstəkləyən bütün texniki sənədlər (nominasiyanı dəstəkləmək üçün 3 tövsiyə məktubu).

Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.

NOMİNASİYA VƏ SEÇİM PROSEDURLARI

  1. ISESKO 2020-ci ilin aprel ayının ortalarına qədər Mükafatla bağlı nominasiya qəbulunu, həmçinin Mükafata dair şərtləri və Mükafat Nominasiya Formasını elan edəcəkdir.
  2. COVID-19-a qarşı effektiv bir dərman vasitəsi və ya peyvənd tapdığını bəyan edən müstəqil tədqiqatçı, tədqiqatçılar qrupu və ya tədqiqat müəssisəsi bütün lazımi sənədləri Komitənin Katibliyinə göndərməlidir.
  3. Seçim Komitəsi daha sonra iddianın (sənədlərin) doğruluğunu araşdırmaq üçün bir araya gələcəkdir. Komitə milli səhiyyə orqanlarından, Ümumdünya Səhiyyə Təşkilatından və ya zəruri hesab etdiyi hər hansı bir qurumdan əlavə rəy və tövsiyə ala bilər.
  4. Seçim Komitəsi, yuxarıda göstərilənlərə əsaslanaraq, mükafatın müstəqil tədqiqatçı, tədqiqatçılar qrupu və ya tədqiqat müəssisəsinə verilməsi barədə qərar qəbul edəcəkdir.
  5. ISESKO-nun Baş direktoru Seçim Komitəsinin qərarı barədə qalibə məlumat verəcəkdir.

MÜKAFATLANDIRMA MƏRASİMİ

Mükafatlandırma mərasimi mükafatın qalibi, Seçim Komitəsinin üzvləri və tərəfdaş təşkilatların iştirakı ilə ISESCO-nun Baş qərargahında təşkil ediləcək. Mərasimə bir sıra elm xadimləri və tədqiqatçılar da dəvət olunacaqdır.

Mükafat üzrə nominasiyalarla bağlı suallar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən ISESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına göndərilməlidir.

E-mail: [email protected]

Bəyən və paylaş