Dərs 2. Dünən həmişəlik getdi..

Həyatda geri qaytara bilməyəcəyimiz, həmişəlik bizdən gedənlər var. Elə birincisi zaman. Dünənimiz. Dünən etdiklərimizin nəticəsini dünən görməsək də, bugün görməsək də, nə vaxtsa mütləq görəcəyik. Müsbət iş görmüşüksə, əldə etdiyimiz iş də müsbət olacaq. Mənfi iş, yanlış iş görmüşüksə, əldə etdiyimiz nəticədə xoş olmayacaq. Zamanın hər ötən saniyələri geri dönməmək şərti ilə uçub gedir əlimizdən. Dönməyəcək birdaha geri. “Kaş”-larımız anbaan çoxalır, peşmanlıq hissimiz daha da üstələyir zamanında atılan addımlarımızı, verdiyimiz qərarları… Bugünümüz dünən üçün sabah olduğu halda, indi yaşadığımız an və əlimizdən çıxan zamandır. Sabah üçünsə dünən olacaq. Sabahımız isə növbəti günlər üçün dünən olacaq… Biz günü-günə calayaraq, ömrümüzü başa vururuq. Görəsən neçə işimizə sabah başlaram dedik? Dünən də demişdik sabah başlaram, başladıq? Neçə işə bu gördüyüm son işdir dedik, bəs son oldu? Yüzlərlə məqalələr oxuduq, təlim və seminarlar gördük, bəlkə minlərlə, milyonlarla qərarlar qəbul etdik… Niyə axı qərarsızıq yenə də? Bəlkə yeni yeni qərarlara hər zaman ehtiyac var? Bəlkə biz bəhanələrlə özümüzü aldadırıq? Birinci qərarımız iradəsizlik, çətinliklər qarşısında dözümsüzlüyü aradan qaldırmaq olmalıdır bəlkə? Niyə axı “bu son” deyə bilmirik.. Dilimiz bir ayrı cəbhə, ağlımız tamam ayrı.. Qəlbimizin yaralı cəbhəsindən isə söz açmağa dəyməz hələ! Biz isə cəbhələr arasında ya sülhün bərqərarına çalışırıq, ya da ki az itki vermək üçün əlləşirik! Bəzilərimiz isə artıq bezib. Hər şeyi buraxıb öz axarına… Çox məqalə yazmışam, oxumuşam zamanla, idarəolunması ilə bağlı. Amma bu hədis sanki məni silkələdi.. “Dünən həmişəlik getdi…” Nə deməkdir bu? Yəni ki, dünən qayıtmayacaq… Niyə axı mən 24 saata görə pis olmalıyam? Dünən getdi getdi də. 24 saatla nolacaq ki? Yaxşı bəs təkcə gedən, bir daha qayıtmayan sadəcə 24 saatım, zamanımdımı? Sadəcə ömrümdən zamanın getməsimi məni belə üzür?… Yox! Məsələ tək zamanın dönməzliyində deyil. Məsələ dünənlə həmişəlik gedən neçə-neçə arzularda, qərarlarda, görülməsi lazım olub görülməyən, başlanması lazım olub başlanmayan işlərin, öyrənilməsi lazım olub da öyrənilməyə sərf edəcəyim zamanın da gedməsindədir. Zaman bugün də var demə mənə! Hər ötən zaman ya insanı uğura aparar, ya da uğursuzluğa. Uğura aparan yolda olan vaxt itkisi isə uğursuzluğumuz sayılıb, uğuru bizim üçün daha da uzaq qərar verir… Demək itirdiyimiz dünən, dünənimizin hər saniyəsi boşa getdisə, uğur üçün addığımız addım da boşa getdi. Bəs bu addım hara düşdü? Nəticəsi nə oldu və ya olacaq? Bəzimiz bunu indi bilir, bəzilərimiz isə hələ bunu sonra anlayacağıq. Bəlkə biz “kaş o vaxt belə edərdim, bunu edərdim, bunu etməzdim” və s. sözün deməmişik?.. Ya dəqiq nə vaxtsa deməyəcəyik? Mənə dərs keçib də heçkim bundan siğortalanmayıb sözünü deyib, fəlsəfə də açmayın! Bunu biz də bilirik… Yaxşı bəs nədənsə siğortalanmamaq, onu etməyə, onun baş verməsinə zəmin yaratmaq əsasını verirmi bizə? ZamaN… 5 hərfli, lakin böyük mənanı ifadə eləyən bu məfhumun əlində avara qaldıq son zamanlar.. Necə edəciyimizi, yaralanacağımızı, faydalı keçirəcəyimizi bilmədik, bilmirik və ya bilməkdən qorxuruq.. Nə yazaq bu dərsin yekununda ki, bu vaxta kimi yazılmış yazıları, öyrəndiklərimizi daha da təkmilləşdirsin beynimizdə… Məqaləyə uyğun bir neçə sitatı yadda saxlayaq həmişə.

– Vaxt öldürmək ən bahalı əyləncədir. (Onore de Balzak:Fransız yazıçısı)

– Zaman bir daha gəlməmək şərti ilə gedir. (Lao Tszi:Çin mütəfəkkiri) – Boş zaman yoxdur,boş keçən zaman var. (Naməlum)

– Ən ağır itkilərdən biri zaman itkisidir. (Corc Lui Buffon:Fransız təbiətşünası)

– Əgər həyatı sevirsənsə,zamanı öldürmə,çünki həyat zamana bağlıdır. (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)

– Zaman həyatın vicdanıdır;itirilmiş zaman adamı itirilmiş vicdandan daha çox təşvişə salmalıdır. (Yusif Vəzir Çəmənzəminli:Azərbaycan yazıçısı)

– Təqvim özü də son payız çağında üşüm-üşüm üşüyən ağacdır:gündə bir sarı yarpaq salır. (Elçin Əfəndiyev:Azərbaycan yazıçısı)

– Vaxtdan istifadə edə bilməyən adam həmişə onun yel kimi uçmasından gileylənir. (Jan Labrüer:Fransız yazıçısı və filosofu)

– Təxirə salmaq vaxtı oğurlamaqdır. (Tomas Yunq:İngilis fizioloqu və təbiətşünası)

– Həyata yenidən başlasaydım,saniyələrin nəbzini tutardım. (Fyodor Mixayloviç Dostoyevski:Rus yazıçısı)

– Zaman heç itmir,itən bizik. (Pol Klodel:Fransız şairi,dramaturqu və diplomatı)

– Axmaqlar zamanı necə öldürəcəyini, ağıllılar isə necə qazanacağını düşünər. (Alain) – Xoşbəxtlik uğura, uğur isə zamanı dəyərləndirməyə bağlıdır. (Seneca)

– Zamanında bir addım atmayan tənbəl, sonradan yüz addım atmaq məcburiyyətində qalar. (GİOVİO) və s.

Dərs 1-də qərarın qəbulundan sonra hər birimiz zamanın dəyərini anlamalıyıq… Zamanın dəyərini anlasaq əgər ondan istifadə etmək istəyi yaranacaq bizdə, istək isə uğura gedən yolun əsas pilləsidir…

Ağaəhməd Göyüşov

Bir cavab yazın

Back to top button