17 Noyabr 23:21

Dekart, xurafat, elm və din haqqında

Hər yeni ixtira və kəşfdə keçmiş  yanlışlıqların böyük payı var.

(Venedikt Nemov)

       “Ayaqlarımız zəifləyib tutula, belimiz bükülə, dişlərimiz tökülə bilər, amma nə qədər ki ağlımız yerindədir, iki dəfə iki dörd edəcək” – bu sözlər yeni dövrün ilk böyük fəlsəfi sisteminin yaradıcı, milyonlarla fəlsəfə azarkeşinin qarşısında təzim etdiyi fransız filosofu Rene Dekartın təfsirçilərinin ümumlikdə gəldiyi və qeyd-şərtsiz qəbul etdikləri qənaətdir.. Qəribədir, lakin düşüncənin, ağlın, şüurun müstəqil mütləqliyini bu XV əsr mütəfəkkirinədək belə formada heç kəs ön plana çəkməmişdi. Qəribə olan budur ki, şüurunun meydana gəlməsi bizə məlum olan tarixi göstəricilərə görə, 42 min il öncə ağıllı insanın formalaşmağa start götürdüyü alfa başlanğıcından Dekartla hüdudlandıra bilcəyimiz omeqa kəsimində insan sivilizasiyasının nümayəndələrini ağılın elmi təfəkkür səviyyəsindən kənar olan intuisiya, əxlaq, hisslər, dini vəhylər və bu qəbildən olan və olmayan digər nəsnələr idarə edirdi, kiminsə bu prosesə qarşı Spartaksayağı üsyana çıxdığını, Puqaçov qiyamı qaldırdığını demək doğru olmaz. Daha qəribəsi isə budur ki, insan ağlının mütləq müstəqilliyini riyazi misalla əsaslandıraraq doqmalaşdıran Dekartın fəlsəfi fikrin tarixində oynadığı rol o qədər böyüdülür ki, onun həm də riyaziyyat üçün etdiklərini, riyaziyyatçı olduğunu və “həyatın ən doğru ifadəsi riyazi dərkdir, həyat riyaziyyatla ifadə olunmalıdır” deyənlər üçün mənəvi ata olması faktı bu böyüklüyün kölgəsində diqqətdən kənarda qalır. Yəni başqa formada desək, Akvinskinin, İbn Rüşdün və ya Fərabinin irəli sürdükləri Allahın varlığının sübutları ilə Dekartın bəhs edilən və eyni arealdan olan digər fikirləri arasında pararlel aparsaq, bu planda elə ağlımız vasitəsilə ağlın üstünlüyü haqqında fikirləri kənara qoyaraq onlar arasında ciddi bir fərq olmadığını özümüz üçün dərhal müəyyən və ayırd edə bilərik. Dinlər üçün ilkin bazis mif və əfsanələr olduğu kimi, elm üçün də başlanğıc, ağlın mütləqləşməsidir və bu mütləqləşmə çayının məbəyində Platon və Dekartın müxtəlif zirvələri olduğu sıra dağlar dayanır. Ağlın mütləqliyindən kvant fizikasınadək təkamül keçən təfəkkür son dayanacaqda elmin ümumi mənzərəsini təşkil edir, hansı ki, öz mənsəbində statusar xarakter alaraq Kantın dinlərə aid etdiyi “ölü” vəziyyətinə çatır, elm öz dialektik inkişaf tarixinin sonuna – əsasən taftalogiyaların tərkib hissəsi olduğu dissertasiyalardan ibarət xurafata çevrilir.

Dekartdan gəlinən qənaət: “nə qədər ki ağlımız yerindədi, iki dəfə iki dörd edəcək” fikri həm də iki dəfə ikinin bütün hallarda dörd etməsini göstərmək cəhdidir və Dekata aid edilən bu “əsaslandırılmış arqumentasiyasından” riqqətə gəlib eyforiyaya qapılmış çağdaş elm adamları  bu “fakt”dan çıxış edərək elmin insanın yüksələ biləcəyi ən yüksək zirvə olması iddiasındadırlar. Dinin insan əqlinin məhsulu olmasına rahatlıqla, heç göz qırpmadan appelyasiya edə bildikləri halda “iki vur iki dörd edir” bərabərliyinin də analoji olaraq yaradılmasını və müasir dövrdə bütün elmi düstur və müddəaların ən primitiv nümunəsi və elmi təfəkkürün əsas silahlarından biri kimi bu silahı kral Arturun əfsanəvi ekskaliburutək daşa həkk edilməsi ilə müqayisəsindəki həqiqət payına radikal müxalifətçinin iqtidar nümayəndəsinə olan münasibətini bəsləyirlər.

Elm artıq bütün yenilikləri ilə köhnəlik qoxusundan qurtula bilmir və onun məramı kimi vurğulanan “insanlığın rifahını yüksəltmək” çağırışı sadəcə insanlığın ən böyük düşmənlərindən birinə çevrilərək hər gün minlərlə həyatı məqsədyönlü şəkildə məhv edir.

Əgər elmin əsasında yarandığı, üzərində inkişaf etdiyi özül heç də təbii deyil, elə inanc yaddaşına əsasən yaradılandırsa, ona əsaslanan bütün müddəalar da süni, sonradan və qeyri-təbii yaradılan olmalıdır. Elmin arsenalından olan ən mühüm silahlarından biri hesab edilən mütləq nisbilik əsasında yaranan mütləqlik etalonu elmin yaranmasının real dərki vasitəsilə bütünlükdə nisbiliyə boyanır və yeni dövrün statusunun dəyişdirilərək Dekartın təklif etdiyi hər şeyə şübhə ilə yanaşmanın onun özü tərəfindən inkar edilməsi ilə nəticələnən vəziyyətin elmin şahlıq kürsüsünə əyləşdirilməsinin qarşısını almaq zərurətini ortaya çıxarır. Bu monarxiyanın əvəzində isə fəlsəfə və mənəvivvat instansiyalarının da üzvləri olduğu parlamentli hökümət yaradılması zərurəti özünü qaçınılmazlıqla  aktuallaşdırır.

Ağalar Qəribov

Bəyən və paylaş

Rəylər

rəy(lər)