5 Aprel 19:31

DİN elan verdi

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2016-cı il aprel ayının 27-də saat 10:00-da Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş  şəhər və rayonlarının sakinlərini Göyçay rayon Polis Şöbəsində qəbul edəcəkdir.

Qəbul başa çatdıqdan sonra saat 12:00-da, aprelin 27-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Göyçay rayon Polis Şöbəsində sıra baxışı keçiriləcəkdir.

Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 25-dək olan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Qeyd olunan vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır.

Bununla yanaşı, “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə də Azərbaycan Respublikası vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcəkdir.

Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 24-dək olan, özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaqdır. İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcəkdir.

Ümumilikdə qeyd olunan rayon polis orqanlarında vakant olan 38 kiçik rəis heyəti və 260 mülki işçi vəzifələrinə  qəbul həyata keçiriləcəkdir.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)