Dördüncü Beynəlxalq “Harmoniya” Dostluq Festivalı

2015-ci ilin 7-9 noyabr tarixində Bakıda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin və Gürcüstan Respublikasının Folklor və Klassik Musiqinin İnkişafı Birliyinin təşkilatçılığı ilə Dördüncü Beynəlxalq “Harmoniya” Dostluq Festivalı keçirilmişdir. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Böyük zalında keçirilən tədbirə məktəbin şagirdləri ilə yanaşı  paytaxtın R.Behbudov adına 2, 11, T.Quliyev adına 12. R.Hacıyev  adına 15, M.Maqomayev adına 26, G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəblərinin şagirdləri qatılmışlar.

Festivalın ilk iki günündə Gürcüstan və Azərbaycan uşaqlarının ifasında yüzdən çox Azərbaycan, gürcü, rus və Avropa musiqi inciləri səslənmişdir.

Gənc musiqiçilər üçün bayrama çevrilən bu tədbirin son günündə Azərbaycan və Gürcüstanın yüksək dərəcəli mütəxəssislərindən ibarət münsiflər heyəti qalibləri müəyyən edərək onları diplomlar və mükafatlarla təltif etmişlər. Xüsusilə qeyd etmək lazımdır ki, Festivalın əsas mükafatını – 2016-cı ildə Türkiyədə keçiriləcək Beynəlxalq müsabiqədə iştirak üçün maliyyə xərclərinin ödənilməsi – Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Orxan Hüseynov (violonçel) qazanmışdır. Bundan əlavə daha iki iştirakçının – R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Emil Əhmədzadə (fortepiano) və Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Nailə İbrahimovanın (fortepiano) bu müsabiqədə iştirak etmə xərclərinin 50%-ni Festival təşkilatçıları öz üzərilərinə götürmüşlər.

Festivalda səslənən Azərbaycan bəstəkarlarının əsərləri qonaqlarda maraq doğurmuş və onlara bu əsərlərdən ibarət olan toplular Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəhbərliyi tərəfindən hədiyyə olunmuşdur.

Qonaqların şəhər gəzintisi və Festivalın gedişatı zamanı lentə alınmış görüntülər Gürcüstanın “İnkognito” televiziyası tərəfindən Festival haqqında hazırlanacaq sənədli filmin əsasını təşkil edəcək.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən bu tədbir mütəxəssislər arasında yaradıcı təcrübə mübadiləsinə şərait yaradaraq Azərbaycan- Gürcüstan dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir.

Bir cavab yazın

Back to top button