1 Mart 18:41

Dövlət Məşğulluq Xidməti  tələbələr üçün “ADA-dan  biznesə” adlı start-up müsabiqəsi  keçirir

Dövlət Məşğulluq Xidməti  tələbələr üçün “ADA-dan  biznesə” adlı start-up müsabiqəsi  keçirir

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ADA Universitetində “Karyera həftəsi” çərçivəsində keçirilən “Karyera sərgisi”ndə iştirak edib. Dövlət və özəl sektora aid 118 müəssisənin qoşulduğu sərgidə Dövlət Məşğulluq Xidməti tərəfindən “ADA-dan  biznesə” adlı start-up müsabiqəsi elan olunub.

Müsabiqədə ADA Universitetinin IV kurs və magistr tələbələri iştirak edə bilərlər. Layihənin şərtlərinə əsasən irəli sürülən ideyanın innovativ olması əsasdır. Müraciətlər komanda şəklində təqdim edilməli və təlimlərə qoşulan qrupların hər birinin öz biznes planlarına uyğun olaraq logolar yaradılmalıdır.

Seçimlər 2 mərhələdən ibarət olacaq. İştirak haqqı qazanan komanda üzvləri 3 dəqiqə vaxt ərzində öz ideyalarını təqdim etməli və ideyaların qiymətləndirilməsi aparılmalıdır. Bu mərhələdən sonra qalib komandanın müəyyənləşməsi nəzərdə tutulur.

İştirakçıların qiymətləndirilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, ADA Universitetindən və digər dövlət idarələrindən dəvət olunmuş ekspertlər həyata keçirəcək. Qiymətləndirmənin sonunda isə qalib namizədlərə biznes ideyalarını reallaşdırmaq üçün avadanlıqlar veriləcək.

Müraciətlərin qəbulu  cari ilin 4 mart  tarixindən başlayacaq və ayın sonunadək davam edəcək.

Layihənin məqsədi gənclər arasında məşğulluq səviyyəsini artırmaq, universiteti bitirən gənclərin dövlət dəstəyi ilə əmək bazarına inteqrasiyasını, məşğulluğunu təmin etmək, gənclərin biznes ideyalarının reallaşmasına dəstək olmaqdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)