Dünyada 50 milyondan çox azərbaycanlı yaşayır

29.12.2015 – ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) qarşıdan gələn bayramlar – Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni təqvim ili münasibəti ilə tədbir keçirilib. ATMU-nun rektoru professor Cəfər Cəfərov universitetin TGT tərəfindən təşkil olunan tədbirin, xüsusi ilə 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi gününün əhəmiyyətindən söz açdı. Rektor qeyd etdi ki, azərbaycanlılar minilliklər boyu tarixi vətən torpağımız olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına öz töhfələrini veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, soydaşlarımızın bir qismi yurd-yuvalarından didərgin düşüblər. Bu bir faktdır ki, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma yurdlarından uzaqlarda – başqa ölkələrdə məskunlaşanlar da var. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar. Professor C.Cəfərov tədbirin tələbə iştirakçılarına xitabən bildirdi ki, Azərbaycan dövlət müstəqilliyinin bərpasına kimi – təxminən 71 il başqa ölkələrdə məskunlaşan həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum idilər. Sovet dövlətinin qadağaları qardaşın-qardaşla görüşməyinə imkan vermirdi. İmperiya rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı .Dünyada yüzlərlə xalq yaşayır. Amma onların əksəriyyətinə müstəqil dövlətini qurub –yaratmaq nəsib olmayıb. Azərbaycan xalqı xoşbəxtdir ki, bir əsrdə iki dəfə müstəqil dövlətini qura bilib. 1918-ci ildə aydınlarımızın minbir müşkülatla qurduqları Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Amma azərbaycan xalqı bu illər ərzində müstəqil dövlətini qurmaq istəyini səbirlə ürəyində yaşatdı. 2016-cı ilin astanasındayıq. Keçən hər gün vətənini candan sevənləri Azərbaycanın dövlət müstəqilliyinin 25-ci yubiley ilinə yaxınlaşdırır. Bizim vəzifəmiz əsil vətəndaş, övlad kimi müstəqilliyimizin ad gününü uğurlarımızla tarixləşdirməkdən ibarətdir.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinə həsr olunan tədbirdə ATMU-nun TGT-nın sədri İlqar Quliyev, TEC-nin sədri Tural Cabbarov və I kurs tələbəsi Rəşad Qaraşov çıxışı zamanı diqqətə çatdırdılar ki, Dünya azərbaycanlılarının həmrəylik gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verildi.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir.

Bir cavab yazın

Back to top button