30 Oktyabr 17:54

Ekspertlər ilə Görüş / Smitsonian İnstitutu (ABŞ)

YARAT Müasir İncəsənət Mərkəzi Smitson İnstitutunun ekspertlər qrupu ilə görüş tədbirinə ev sahibliyi etməkdən məmnuniyyət duyur.

Pol Maykl Teylor, Trevor Merrion və Cered Kollerin birgə mühazirəsi Smitson İnstitutunun (dünyanın ən böyük muzey kompleksi) qısa tarixçəsini, muzey işinin necə təşkil edilməsi barədə məlumatı və Smitson İnstitutunun tərkibinə daxil olan müxtəlif profilli 19 muzey (incəsənət muzeyləri, tarix muzeyləri, elmi muzeylər və s.) haqqında, həmçinin Milli Mədəniyyət Mərkəzlərin, Beynəlxalq Mərkəzlərin və ələlxüsus Vaşinqton şəhərində yerləşən Meridian Beynəlxalq Mərkəzi barədə məlumatları özündə əks etdirir. Mühazirədə Smitson İnstitutunun tarixi və fəaliyyəti barədə ümumi məlumatla yanaşı, təcrübə və təqaüd proqramları və Asiya Mədəniyyəti Tarixi Proqramının Azərbaycandakı keçmiş fəaliyyəti ilə bağlı məlumat da veriləcəkdir.

Təqdimat Amerika Birləşmiş Ştatlarının Bakıdakı Səfirliyi ilə birgə təşkil olunur.

Pol Maykl Teylor, Smitson İnstitutunun Təbiətşünaslıq Milli Muzeyinin tədqiqatçı antropoloqu və həmin muzeyin Asiya Mədəniyyəti Tarixi Proqramının direktorudur, eləcə də Asiya, Avropa və Orta Şərq etnologiyası üzrə kurator fəaliyyətini həyata keçirir. O, Asiya ölkələrinin, xüsusən də İndoneziyanın etnoqrafiyası, etnobiologiyası, dilləri və incəsənəti (və yaxud maddi mədəniyyəti) haqqında çoxsaylı kitabların və elmi məqalələrin müəllifidir. O, eyni zamanda on yeddi muzey sərgisi təşkil etmiş və antropologiya üzrə çəkilmiş beş sənədli filmdə məsləhətçi antropoloq kimi çıxış etmişdir. Bir sıra beynəlxalq qrantlara və mükafatlara layiq görülmüş cənab Pol Maykl Teylor, Asiya Tədqiqatları Assosiasiyasının Direktorlar Şurasının üzvü təyin olunmuş və uzun müddət Smitson İnstitutunun Asiya-Sakit Okean Hövzəsi Ölkələri Amerika İrsi Komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir. Virtual Muzey layihəsinin rəhbəri kimi o, İndoneziya və Filippində külliyyatların rəqəmsallaşdırılması fəaliyyətinin uğurla həyata keçirilməsinə rəhbərlik etmişdir. Onun bir sıra ölkələrin muzey mütəxəssislərinin iştirakı ilə həyata keçirdiyi fəaliyyətə Səudiyyə Ərəbistanının Milli Muzeyi ilə birgə virtual sərgi layihəsi daxildir və bu layihə, Amerika Muzeyləri Assosiasiyası tərəfindən “Muzeylər arasında beynəlxalq tərəfdaşlıq” mükafatına layiq görülmüşdür.

Trevor Merrion, Smitson İnstitutunun Təbiətşünaslıq Milli Muzeyinin Asiya Mədəniyyəti Tarixi Proqramının (AMTP) antropoloqu və muzey mütəxəssisidir. O, Türkmənistanın incəsənət ənənəsinə həsr olunmuş bir sıra nəşrlərin həmmüəllifidir və bu yaxınlarda işıq üzü görmüş “Koreya müharibəsinin kəşf edilməmiş incəsənəti: Dr. Çester və Vanda Çanqın məcmuəsinin tədqiqatları” adlı nəşrin həmmüəllifi olmuşdur. O, eyni zamanda AMTP-ın internet səhifəsinin administratorudur və hazırda, XIX əsrin etnoqrafı və bioloji kolleksiyaçısı V.L Abbotun yazışmalarının virtual arxivini hazırlayır. Cənab Merrion, 2010-cu ildə Virciniya Universitetinin antropologiya üzrə bakalavr pilləsini bitirmişdir.

Cered Koller, antropologiya-arxeologiya üzrə Nyu-Meksiko Universitetində bakalavr təhsili almış və Corc Mason Universitetinin tarix və yeni media texnologiyaları üzrə magistratura pilləsini bitirmişdir. O, hazırda Boston Universitetində fəlsəfə doktorluğuna namizəddir. Cered Koller Filippin, İndoneziya, İordaniya və Amerika Birləşmiş Ştatların şərqində həyata keçirilmiş layihələrdə iştirak etmişdir. Bostona gəlməzdən öncə Cered, Smitson İnstitutunun Asiya Mədəniyyəti Tarixi Proqramında tədqiqatçı vəzifəsində çalışmışdır. Onun hazırkı tədqiqatının əsas diqqət mərkəzində Cənub-Şərqi Asiyanın arxeologiyası, landşaft arxeologiyası, coğrafi informasiya sistemi, 3D vizualizasiya və səs arxeologiyası dayanır.

Tədbir ingilis dilində Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcəkdir.
Giriş sərbəstdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)