5 Avqust 15:04

Elvin Mirzəyevin performansı

Əziz dostlar, avqustun 8-i, saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində rəssam Zadi Çanın “Maqohalmi övladı və yaradılış sədası” fərdi sərgisi çərçivəsində rejissor və aktyor Elvin Mirzəyevin performansının nümayişi keçiriləcək.

Performans dəniz ruhunun danışdığı batmış şəhər hekayəsindən bəhs edir. Ruh rolunda, Səbail rayonunun köhnə günlərini xatırlayan qadın çıxış edir. Bakının ən qədim yaşayış məntəqələrindən biri olan Səbail rayonu, inzibati ərazi vahidi kimi ötən əsrin 20-ci illərində formalaşmağa başlayıb. Bu rayon əvvəllər “Bayıl-Bibi-Heybət”, “Stalin” (1931-ci ildən), “26 Bakı Komissarları” (1960-cı ildən) adlanıb və 29 aprel 1992-ci il tarixindən etibarən Səbail rayonu adlanır. Səbail Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi abidənin adıdır. Rayonun ərazisində qədim dövrə və orta əsrlərə dair digər abidələr də mövcuddur.

Performans peşəkar aktyorlar Nigar Həsənzadə, Aişə Mirzəzadə və Əlixan-Əliheydər Mirzəzadənin iştirakı ilə nümayiş olunacaq.

Performansın müəllifi haqqında:
Elvin Mirzəyev – teatr və kino aktyoru və rejissoru. Bir sıra tamaşaların quruluşçu rejissorudur, o cümlədən: “Əli və Nino” (nüfuzlu “Qızıl Maska” teatr festivalının iştirakçısı), “Arşın mal alan”. Almaniya, Çexiya, Rusiya, Ukrayna, Türkiyə, İran və digər ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında iştirak etmişdir.

8 avqust, 19:00
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)