7 Dekabr 13:28

Empirik zaman. YARAT rezidentlərinin sərgisi

Görəsən biz zamanın içində, yoxsa zaman bizim içimizdə yaşayır? “Kvant qravitasiyası” nəzəriyyəsinə əsasən, bizim zamanla bağlı keçmiş, indiki və gələcək zaman axını kimi təsəvvürümüz, əslində həqiqətə söykənmir və bu, sadəcə insanın zamanla bağlı qavrayışını əks etdirir.

“Empirik zaman” – YARAT rezidentləri Janna Qladko (Belarus), Gelare Xoşgözaran (İran/ABŞ), Ritz Monet (İtaliya), habelə Diana Hacıyeva və Şəlalə Salamzadənin (hər ikisi Azərbaycan) əsərlərindən ibarət qrup sərgisidir.

Açılış tarixi: 13 dekabr, 19:00

Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Kiçik Qala küç., 5
Giriş sərbəstdir

Sərgi öz ilhamını ümumi mənada “Zəmanənin hökmü” adlı Azərbaycan nağılından götürüb. Bu nağıl, müdrik ilanın canavarlar, qılınclar və insanlıq kimi müxtəlif dövrlərlə bağlı “öncə görmələrindən” yararlanan kasıb bir kişinin hekayəsindən bəhs edir. Kişi zəmanəyə uyğun olaraq, gah fırıldaqçılıq, gah zorakılıq, gah da alicənablıqla məşğul olur. Bu isə belə bir sual doğurur: görəsən biz zaman (zəmanə) və onun tələblərini özümüz yaradırıq, yaxud, bizim davranışımız, yaşadığımız dövrün (zəmanənin) nəticəsidir? Rəssamlar, bizim bölgəmizin keçmişini, tarixini, mifologiyasını və keçmişin bu günə, yəni, “indiki zaman” adlandırdığımız dövrə təsirini izləməklə, rezidentura ərzində yaşadıqları şəxsi “empirik zamanı” araşdırırlar. Rəssamların əsərləri ambivalentlik (ikilik), dönüş, dəyişiklik və birgə mövcudluq anlarını araşdırmaqla yanaşı, insanın mənəvi və rəqəmsal xüsusiyyətlər vasitəsilə gələcəyi öncədən görməklə bağlı fundamental arzularına nəzər salır.

Janna Qladkonun “Qılıncların uclarında” adlı əsəri, rəssamın “Incıtıng Force” (“Gücün qızışdırılması”) adlı avtobioqrafik silsiləsinə (2011–2019) daxildir və müasir cəmiyyətdə gender, mədəni, tarixi və dini aspektlərdə “gücün təxribatını” araşdırır. Bu silsilə, hakimiyyət və güc kateqoriyalarına aid olan, ailə arxivlərindən götürülmüş sənədlər ilə qarşı-qarşı qoyulan şəkillər, materiallar və simvollardan ibarətdir. Foto və videomateriallar ənənəvi Qafqaz xəncərlərlə rəqsi vasitəsilə ambivalentlik, qavrayışın duallığı və fraqmentasiya anlarını araşdırır. Rəqsdə adətən qadınlar çox zərif hərəkətlər edir, kişilər isə xəncərlərlə rəqs ifa edirlər. Rəssamın bu əsəri mifologiya, gender mövzularında aparılan cari diskussiyalar və dəyişən qaydalara istinad etməklə, maskulinizm və maçizm anlayışlarını sual altına qoyur.

Diana Hacıyevanın “Fortunator” adlı əsəri, inam və etiqadı bir insan tələbatı kimi nəzərdən keçirir. “Falçı”, “ekstrasens”, “bioenergetik” kimi tanınan və ya “Allah ilə əməkdaşlıq” etdiklərini iddia edən digər insanlar, bu inamdan sui-istifadə edir, onun üzərində öz biznes modellərini qururlar. Əsər bir-biri ilə bağlı üç halqadan ibarətdir. Halqalardan birini çevirəndə, ziyarətçi fundamental suallara cavab alır. Rəssam falçılığın “fövqəltəbii fenomeninə” olan inancı tənqid edir və falçılara müraciət edənlərin öz məsuliyyətini digərlərinin üzərinə qoyması kimi təqdim edir; halbuki, yad adamın fikri, faktiki olaraq, əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər. “Mənim əsərim sadəlövhlük haqqındadır. İştirakçılar halqanı çevirməklə öz suallarına cavab ala bilərlər. Belə ki, real həyatda olduğu kimi, öz intellektimizi işə salmadan, müvafiq cavabı tapmaq mümkün deyil”.

Gelare Xoşgözaranın “ق /Qāf/” instalyasiyasının adı fars əlifbasının 24-cü hərfi, ərəb əlifbasının 21-ci hərfi və Orta Şərq mifologiyasında çox populyar olan əfsanəvi Qaf dağlar silsiləsinin adından götürülüb (Kohi-Qaf – کوه قاف (farsca)، جبل قاف (ərəbcə)). “Zümrüd dağları”, “Məhşər dağları” və “Cinnistan” (“Cinlər diyarı”), Qaf dağının mifoloji təsvirlərinin sadəcə bir neçəsidir. Fəridəddin Əttarın məşhur “Məntüqüt-teyr” (“Quşların dili”) əsərində, əfsanəvi müdriklik quşu olan Simurq, Qaf Dağının zirvəsində tək-tənha yaşayır və otuz quş, bura yetişmək üçün “Yeddi sevgi şəhərindən” keçməlidirlər. Bu səbəbdən, zaman ötdükcə, “Kohi-Qaf” ən uzaq məkana və ən çətin səfərin metaforasına çevrilir. Qāf – Qara dənizlə Xəzər dənizi arasında uzanan, bizim tanıdığımız Qafqaz dağları kimi izah edilir. “Qāf” sözü – orta fars dilində “naməlum” mənasını verən, “gâp” sözünün ərəbizm formasıdır.

“Der Euro des Kaukasus” (Qafqazın avrosu) adlı ikikanallı videoinstalyasiyasında Ritz Monet müəyyən bir dövrün iqtisadi, sosial və mədəni xüsusiyyətlərini təcəssüm etdirən bir simvol və ictimai identifikasiya vasitəsi kimi, diqqəti memarlığa və pula yönəldir. Birinci videoda avstriyalı dizayner, avro və manat əsginaslarını işləyib hazırlamış Robert Kalina, əsginasların vizual xüsusiyyətlərinə və mənasına, eləcə də kollektiv təsəvvür yaratmaq məqsədilə onlardan bir vasitə, aparıcı qüvvə yaratmaq məqsədinə aydınlıq gətirir. Azərbaycan Milli Bankı tərəfindən manatın avroya bənzədilməsi tələbi ilə, Avstriyanın Milli Bankına manat əsginaslarının hazırlanmasını sifariş edir və bu səbəbdən, manat, “Qafqazın avrosu” kimi tanınır. İkinci videoda keçmiş zamanlarda kommunist dəyərlərinin şöhrətlənməsinə xidmət edən, postsovet məkanında baxımsız sovet abidələr və memarlıq nümunələrinin kadrları əks edilir. Hal-hazırda, bu tərk edilmiş xarabalıqlarda və dağıdılmış abidələrin yerində sahibsiz itlər və pişiklər yaşayır.

Şəlalə Salamzadə, zaman və məkanın ənənəvi xətti yanaşmasının pozulması konsepsiyasını nəzərə alaraq, “Superpozisiya” adlı instalyasiyasında, kvant fizikasında aparılan tədqiqatları, obyektiv gerçəkliyin olmadığını sübut yetirən elmi nəzəriyyədən bəhs edir. Kvant superpozisiyasına əsasən, hər hansı obyekt, eyni zamanda bir neçə halda ola bilər. Rəssam belə hesab edir ki, cəmiyyəti qəbul etdiyimiz məkan və zaman, ayrı-ayrı dövrlərə bölünə bilməz və onu daha çoxsaylı ilgəklərdən toxunmuş incə, dənəvərlənmiş struktur kimi təqdim etmək mümkündür. Rəssam insanların alternativ, rəqəmsal reallıq formatında gələcəyi necə yaratması ilə maraqlanır. “Artırılmış reallıq” (“AR” texnologiyası) mühitindən istifadə edən əsərində, həqiqi reallıqda mövcud olmayan bir adam var və o, bizə “gələcəkdən” olan hekayəsini danışır və bizimlə yeni dünya haqqında düşüncələrini paylaşır.

YARAT Rezidentura Proqramı haqqında
YARAT Müasir İncəsənət Məkanı, hər ilin sonunda (sentyabr ayında) rəssamları rezidentura proqramında iştirak üçün müraciət etməyə dəvət edir. Proqram üç mərhələyə bölünüb (yanvar-aprel, aprel-iyul, sentyabr-dekabr) və qrantların təqdim edildiyi rəssamlar, üç ay ərzində Bakıda işləmək və yaşamaq imkanı əldə edirlər. Hər bir mərhələdə iki beynəlxalq və iki yerli rezident iştirak edir. YARAT Rezidentura Proqramı, müxtəlif mövzular üzrə araşdırmaların aparıldığı açıq təcrübələrə və Qafqaz regionunun araşdırılmasına maraq göstərən rəssamlar üçün açıqdır. Proqram çərçivəsində rezidentlər öz həmkarları, habelə beynəlxalq səviyyəli incəsənət peşəkarları ilə müzakirələr aparmaq, eləcə də Azərbaycanın müxtəlif bölgələrinə səfərlər etmək imkanı əldə edirlər. Rezidenturanın sonunda uğurlu sənət əsərləri Bakıdakı ARTIM Layihə Məkanında nümayiş etdirilir. YARAT Rezidentura Proqramı əsasən ingilis dilində aparılır.

Sərgi tarixləri: 13 dekabr 2019 – 14 fevral 2020
İş saatları: Çərşənbə axşamı – Bazar, 12.00 – 20.00
Ətraflı məlumat üçün: www.yarat.az; 0125051414

Bəyən və paylaş