“Erkən nikahların qarşısını alaq” – teatr tamaşalarının nümayişi

“Erkən nikahların qarşısını alaq” – teatr tamaşalarının nümayişi fərdi layihəsi bu ilin sentyabr ayının ortasından Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilməyə başlayıb. Fərdi layihənin müəllifi Arzu İbrahimovadır.

Edumap.az xəbər verir ki, layihənin məqsədi mxtəlif sosial qruplardan olan gənclər arasında erkən nikahların qarşısının alınması sahəsində maarifləndirməni gücləndirmək və gənclərin öz icmalarında ictimai fəaliyyətə cəlb olunmasını təmin etməklə bu problemin aradan qaldırılması üçün daha geniş əhalini cəlb etməkdir. Layihənin vəzifələri gənclər üçün teatr əsaslı təlimlərin təşkil olunması, təlimlər zamanı hazırlanmış sosial teatr tamaşalarının gənclər və yeniyetmelərdən ibarət kütlə qarşısında nümayiş etdirilməsi, gənclərin öyrəndiyi biliklərin öz icmalarında yayması, gənclərin öz icmalarında mövzu iə bağlı tədbirlər həyata keçirməsinin təmin olunmasından ibarətdi.

Layihədən Bakı şəhəri Binəqədi, Xəzər, Sabunçu rayonlarında həssas təbəqədən olan yeniyetmə və gənclər yararlanacaq. Yaş qrupu 14-23 yaşı əhatə  edən gənclərin ümumi sayı 200 nəfərdən artıq olacaqdır. Layihə çərçivəsində gənclərdən ibarət qrup təşkil ediləcək. Qrupun yaradılması üçün sosial şəbəkələrdə müsabiqə elan olunacaq. Orada hazırlanmış anketi doldurub layihənin icraçılarına göndərənlər arasında ən fəal və fikirlərini əsaslandıran 20 nəfərlik qrup formalaşacaq. Təlimlərdə iştirakçılarla teatr əasəslı təlimlər keçiriləcək. “Teatr Əsaslı Təlim nədir?”, “Həmyaşıd Təhsili Nədir?”, “Obrazların yaradılması, Paylaşmaq, Nümayiş etmək”, “Tamaşada mesajın çatdırılması yolu” mövzuları öyrədiləcək, kiçik qruplarla səhnə planlaması, nümayiş, komandaların və mövzuların müəyyənləşməsi, final ssenarilərin yaradılması və səhnələşdirməsi olacaq. Sonra ən yaxşı ssenari əsasında tamaşalar hazırlanacaq və müxtəlif sosial vəziyyətli yeniyetmə və gənclər arasında tamaşalar nümayiş olunacaq. Tamaşalarda səhnəciklər əsasən erkən nikahların qarşısının alınması sahəsində maarifləndirməyə, erkən nikahın yaratdığı tibbi, psixoloji, sosial və iqtisadi problemləri, onun insan sağlamlığına göstərdiyi fəsadlar barədə məlumat veriləcək. Tamaşalar videokamera ilə çəkilərək sosial şəbəklərdə yerləşdirilməklə mesajları daha geniş tamaşaçı kütləsinə çatdıracaq.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə 2017-ci ilin yavnarında yekunlaşacaq.

Bir cavab yazın

Back to top button