“Eyçar”​ olmaq nə deməkdir?

Bu yaxınlarda yaxşı işçilərin layiq olduqları dəyəri görmədiklərindən şirkəti tərk etmələri barədə bir yazı yazmışdım. Bu mövzu ilə bağlı maraqlı şərhlər və ismarıclar aldım.

Bu gün isə “niyə yaxşı işçi seçə bilmirik” məsələsinə toxunaq.

Linkedİn-də, demək olar ki, hər gün “eyçar”ların səriştəsizliyi, namizədlərlə düzgün davranış sərgiləyə bilmədikləri, namizədlərə bilərəkdən və ya bilməyərəkdən layiq olduğu qiyməti vermədikləri haqqında şikayətlər oxuyuruq. Haqlı şikayətlər də var, haqsız olanlar da.

Apardığım müşahidələrə əsasən yuxarıda sadaladığım halların səbəbləri çoxdur. Mən sadəcə ən çox müşahidə etdiyim 3 halı qeyd edəcəm:

. Tanışlıq faktoru: İki dost söhbət edir:

– Qızıma yanında bir iş olmaz?

– Olar, niyə olmasın ki. Haranısa oxuyub?

– Qızım bu il … universitetinin “Materialşünaslıq mühəndisliyi” ixtisasını bitirib.

– Əla. Alı təhsili də var. Gəlsin, sabahdan “eyçar” kimi işə başlasın.

Olsun, nə deyirik ki. Sırf valudeynlərinin təzyiqi ilə ali təhsil alsın deyə hansısa universitetin hansısa fakültəsini bitirmiş gənc də işləməlidir. Lakin ona yenə sual verən olmadı: “Sən özünü bu sahədə görürsənmi?”

. Yaş faktoru: elə işlər, elə sahələr var ki, orada təkcə bilik, savad kifayət etmir, həm də mütləq təcrübə lazımdır. Gənc və səriştəsiz 23-25 yaşlı “eyçar” 35-45 yaşlı mütəxəssisin təcrübəsini necə qiymətləndirə bilər?

. Nəhayət, ən qorxulusu və dəhşətli faktor: EQO (öz dilimizdə təkəbbür – eqonun nə olması barədə növbəti yazılarımdam birində yazacam).

Namizədlərə və işçilərə yuxarıdan aşağı baxmaq, əldə etdiyi kiçik səlahiyyətlərdən istifadə edərək başqaları üzərində hökmranlıq etmək heç də xoş hal deyil. Uşaqlıqda, iş yerində və həyatın digər hallarında aldığınız travmalara görə qarşınızdakı namizəd və ya işçilər günahkar deyil.

Tam əminliklə deyə bilərəm ki, 15 illik kadrlarla, insanlarla iş təcrübəmdə heç vaxt EQO sərgiləməmişəm.

HR özü qabiliyyətli, ağıllı, bacarıqlı ola bilər. Amma qarşısındakı namizəd bəlkə həyatda onun kimi şanslı olmayıb. Namizəd gənc, təcrübəsiz, həyəcanlı, çəkingən də ola bilər. Namizəd müsahibəyə uyğun şəkildə geyinməmiş də ola bilər (bəlkə də elə ən yaxşı paltarını geyinib gəlib). Amma bunların heç biri ona yuxarıdan aşağı baxmaq üçün əsas deyil.

Tələbələrimə keçəcəyim təlimdən əvvəl verdiyim ilk suallar bunlardır: “HR sahəsini niyə seçmisiniz? İnsanlarla işləməyi, onlarla ünsiyyəti sevirsinizmi? Təlimdə nə üçün iştirak edirsiniz”?

Bəzən çox məntiqli, gözəl və dolğun izahlı cavablar eşidirəm. Qarşımdakının əsl mütəxəssis olduğunu hiss edirəm. Bəzən də belə cavablar olur:

– “İş axtarırdım, başqa işlərə nisbətən bu sahə daha populyar olduğu üçün bu sahəni seçdim”.

– “Təlimə şirkətdən göndəriblər”.

– “Yanıma gələnlərin mənasız suallarından bezirəm. Amma başqa harada işləyim ki”?

Yazımı bu cümləylə bitirmək istəyirəm: “HR sahəsi insanlar üzərində gücünüzü göstərərək özünüzü sübut etmək yeri deyil. HR sahəsi insanlarla ünsiyyət, onlardakı gizli qabiliyyətləri aşkara çıxarmaq, insanları dəstəkləmək, ruhlandırmaq və ədalətli olmaq istəyənlərin yeridir”.

Sevinj Garakishiyeva

 

Bir cavab yazın

Back to top button