8 Dekabr 13:56

Formula 1 Azərbaycan Qran Prisinin Marşal Proqramı üçün qeydiyyat prosesinə start verildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) 23-25 iyun 2017-ci il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinin Marşal Proqramı üçün dekabrın 5-də qeydiyyat prosesinə start verib.

Paytaxt Bakının mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin uğurla baş tutmasında birbaşa öz töhfəsini vermək istəyən və yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən çox olan hər kəs Marşal Proqramına qoşula bilər.

Proqrama cəlb olunmuş marşallar 2017 Formula 1 Azərbaycan Qran Prisinin əvəzolunmaz bir hissəsi olmaq fürsətinə və eyni zamanda ölkədə keçirilən Formula 1 yarışının həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanına sahib olacaqlar.

Formula 1 yarış həftəsonunun uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təsdiq etdiyi beynəlxalq lisenziya təqdim olunacaq. Bu sertifikat marşallara sadəcə Azərbaycanda deyil, Formula 1 Qran Pri yarışlarına evsahibliyi edən digər ölkələrdə də keçiriləcək yarışlarda işləmək hüququ verəcək.

BŞH-nın İdman Əməliyyatları şöbəsinin və BMK-nın rəhbəri Çingiz Mehdiyev Marşal Proqramına qoşulmaq istəyənləri tezliklə qeydiyyatdan keçməyə çağırır: “Biz öncəki mövsüm mükəmməl bir yarışa uğurla evsahibliyi etdik. Marşallarımız öz məsuliyyət və bacarıqları ilə yarışın yüksək səviyyədə təşkilinə ən böyük töhfəni verdilər.

Yarışdan sonra bizə minlərlə müraciət daxil oldu və hamı marşal kimi növbəti mövsümü səbrsizliklə gözlədiklərini bildirdi. Biz çoxsaylı müraciətləri nəzərə alaraq bu mövsüm üçün marşalların seçim kampaniyasına start verdik. Bizə qoşulmaq istəyənlər gecikmədən fevralın 1-dək Marşal Proqramına Müraciət Sistemi (http://marshals.bakucitycircuit.com/#/login) vasitəsilə qeydiyyatdan keçə bilərlər”.

Marşal Proqramı haqqında ətraflı məlumatı BŞH-nın rəsmi vebsaytından və ya çağrı mərkəzinə zəng edərək marşal fəaliyyəti barəsində sizi maraqlandıran bütün suallara cavab tapa bilərsiniz.

Çağrı mərkəzi: 012 404 13 83

Bəyən və paylaş

Rəylər

rəy(lər)