“Fors-major hallarda biznes proseslərinin optimallaşdırılması” adlı biznes-simulyasiya yarışı keçiriləcək

“Fors-major hallarda biznes proseslərinin optimallaşdırılması”

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Fibonacci Games”-in birgə təşkilatçılığı ilə 14 may 2020-ci il tarixdə gənclər arasında “Fors-major hallarda biznes proseslərinin optimallaşdırılması” adlı biznes-simulyasiya yarışı keçiriləcək.

Məqsəd – gənclərin iqtisadi biliklərinin artırılması və onlar arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsidir.

Biznes-simulyasiya “praktiki təhsil” konsepsiyası modelidir və qeyri-formal təhsil metoduna əsaslanır. Simulyasiya oyununda bazar iqtisadiyyatına aid real situasiyalar modelləşdirilir və iştirakçılara: müddət, qiymət, risk və qərarların qəbul etmək bacarıqları öyrədilir.

Simulyasiya oyunu özündə aktual mövzu üzrə ssenarini ehtiva edəcək. Belə ki, komandaların hər biri eyni virtual biznes şəraitində fəaliyyət göstərən şirkətlər kimi çıxış edəcəklər. Komandalar verilən tapşırığa görə hadisələrə çevik reaksiya verərək düzgün taktiki addımlar atacaqlar. Misal üçün: Virtual regionda son bir ildə kənd təsərrüfatı məhsullarının istehsalının maya dəyəri, satış qiyməti və həcmi göstərilir. Oyunda komandalar pandemiyadan əvvəl, pandemiya zamanı və sonrası qiymət siyasətlərinə və biznes proseslərinə dəyişiklik etməklə həm məhsullarını satmalı, həm də hansı əmtəəyə tələbatın artıb və ya azalacağını nəzərə almalıdırlar. Komandaların bu istiqamətdə verəcəkləri qərarlar nəinki öz göstəricilərinə, o cümlədən hər bir komandanın maliyyə balansına təsir edəcək.

14 may 2020-ci il tarixdə saat 15:00-da keçiriləcək onlayn-yarışda iştirak şərtləri:

8 may tarixinə qədər 3-6 nəfərdən ibarət komanda kapitanları iştirak üçün [email protected][email protected] ünvanlarına məktub yazmalı, məktubda komanda adını, oyunçuların siyahısını, təmsil etdikləri şəhər və rayonu, habelə əlaqə üçün telefon nömrələrini (WhatsApp tətbiqinə çıxış olmalıdır) qeyd etməlidirlər.

Oyun onlayn formada “Zoom” proqramı vasitəsilə təşkil olunacaq, komandalar canlı yayımlanan “Youtube” efirində sual və şərtlərlə, həmçinin nəticələrlə tanış ola, www.fibonaccigames.com saytında isə xüsusi elektron blankları doldurmaqla cavabları göndərə biləcəklər. Biznes-simulyasiya oyununda 25 komandanın iştirakı nəzərdə tutulub.

Oyunda qələbə qazanmaq üçün bilik və birlik vacibdir. Bu fürsətdən yararlanın, özünüzü sınayın.

Biznes-simulyasiya yarışı “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramı”nın 5.3.5 bəndinə (Gənclər arasında biznes fəaliyyətinə dair intellektual yarış və müsabiqələrin keçirilməsi) uyğun olaraq həyata keçirilir.

Bir cavab yazın

Back to top button
Close