16 Oktyabr 14:06

Funksiya. Quruluş. Dəyişiklik / Foto sərgi

FUNKSİYA. QURULUŞ. DƏYİŞİKLİK.
Qrup foto sərgi
19 oktyabr – 30 noyabr 2018

İştirakçılar: Hüseyn Hüseynzadə, Asiyat Fatullayeva, Elnur Babayev, İlkin Hüseynov, Emil Xəlilov, Sevinc Aslanova, Fəxriyyə Məmmədova, Orxan Aslanov, Nana Rəhimova, Sergey Xrustalyov, Natavan Vahabova, Cavidan Axundov

Kuratorlar: Asiyat Fatullayeva, Lana Sokolova, Anna Fex

Sərgi YAY Qalereyası tərəfindən ArtFaktor foto agentliyinin təşkilatı dəstəyi ilə təşkil olunur.

Sərgi Azərbaycan fotoqraflarının bəzi ətraf obyektləri, çoxqatlı dinamik sistemlər kimi araşdıran əsərlərini təqdim edir. Kamera obyektivi maraqlı mövzuları, funksiya, quruluş və dəyişiklik kimi ölçülər vasitəsilə anlamağa çalışır. Quruluş – elementlər arasındakı məkan əlaqələri müəyyənləşdirir, funksiya – ayrı-ayrı cəhətlərin qarşılıqlı təsiridir, dəyişiklik isə quruluşla funksiyanın dəyişkənlik xüsusiyyətidir. Demək olar ki, bu ölçülər ətraf aləmi olduğu kimi göstərməyə imkan verirlər. Həmçinin, onları məzmun səviyyəsində tətbiq etməklə daxili paradoksal anları da aşkarlamaq mümkündür.

Birinci mərtəbədə keçmiş sovet dövrünü sənədləşdirmiş Hüseyn Hüseynzadənin foto silsiləsini görmək olar. Bu fotolarda mərkəzləşmiş sistem şəraitindən kənara çıxa bilməyən insanlar bir qurğu kimi, vahid mexanizmin daim hərəkətdə olmasını təmin edən çarxlar kimi göstərilib. Həmçinin, Asiyat Fatullayeva da insanları öz kompozisiyalarına daxil etdikdə, onları adsız, pazl oyun-tapmacası kimi göstərir: simalar naməlum qalaraq, qurğunun bütövlüyünü təmin edirlər. Bəs bu sistem, bu quruluş çökəndə, nə olur? İlkin Hüseynov “Şərikli su” silsiləsində Sovet İttifaqının dağılmasından sonra su hövzələrinin bölünməsi və qeyri-müəyyən ayırmalar nəticəsində yaranan münaqişələri təhlil edir. Cavidan Axundov öz foto toplusunu “Puça çıxmış niyyətlər” adlandırmışdır. O, məzmunu tanınmaz hala salan texniki səhvləri və xətaları (fotolentin lüzumsuz işığa məruz qalması, yırtılması və s.) şərh edir. Natavan Vahabova öz silsiləsində taleyinə dəyişiklik yazılan bir ailənin – vaxtilə zadəganlardan olub, Şura Hökuməti gəldikdə isə müsadirə ilə üzləşmiş, indi də kasıbçılıq içində yaşayan bir fəhlə ailəsinin həyat şəraitini sənədləşdirmişdir.

İkinci mərtəbədə Emil Xəlilov, Sevinc Aslanova, Fəxriyyə Məmmədova, Elnur Babayev, Nana Rəhimova, Hüseyn Hüseynzadə, Orxan Aslanov və Sergey Xrustalyov kimi fotoqrafların seçilmiş əsərlərində səthlərin, strukturların və eləcə də münasibətlərin incə ahəngi tədqiq olunur. Hərçənd, birinci mərtəbədən fərqli olaraq, bu təsvirlər, sanki, gündəlik həyata aid deyil və artıq konkret hadisələr haqqında bəhs etmirlər. Bu fotolarda təsvir olunan müəmmalı, abstrakt səhnələrin məzmunu zəriflik, xəyalpərvərlik və romantikadır. Onlar bizi xatirələr, proyeksiya və introspeksiyalar məkanına aparır, seyrçinin öz təxəyyülü üçün də yer saxlayırlar. Bu obrazlar sərt reallıqdan uzaqdırlar, hər şeyin və hər kəsin zamanın axarına və təbəddülatına, eləcə də subyektiv qavrayışa tabe olduğunu bizə xatırladırlar.

Giriş sərbəstdir.

Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5
(Əliağa Vahid heykəlinə yaxın).
Tel.: 012 505 2323

Bəyən və paylaş