6 Aprel 22:32

“Gəlinciyim: gerçəkliyim, gələcəyim” adlı sərgi

“NUR Art House” qalereyası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə həyata keçirdiyi yeni Art-layihə çərçivəsində tamaşaçılarımızı minilliklərlə davam edən, milli ənənələrimizin və genetik yaddaşımızın daşıyıcısı olmaqla, zaman dəyişdikcə yeni dünyagörüşü və baxışların təcəssümü, tarixin bir parçasından ənənənin müasir interpretasiyasına çevrilən qeyri-adi, interaktiv “Gəlinciyim: gerçəkliyim, gələcəyim” yeni proqram-sərgisinə dəvət edir.

İnsanların təbiət qüvvələri qarşısında qorxusundan yaranan, hiss və həyəcanlarını, sonradan isə zövq və arzularını ifadə edən gəlinciklər tarix boyu həyatımızın və məişətimizin ayrılmaz hissəsinə çevrilmiş və bu gün də bizi müşayiət edirlər. Yağışı, günəşi çağıran “kudul”, xeyir-bərəkət, uğur gətirən “Çömçəxatun” ayin gəlincikləri “İnci”, “Sarı gəlin”, “Şahzadə”, “Mələk” və s. gəlinciklərdə Azərbaycan qadının əzəmətini, zəngin geyimi, gözəl zövqünü təcəssüm etdirir. Başmaqlarını cütləyib sandığın üzərinə sərilmiş xalça üstündə oturan nənə onu əhatə edən milli geyimli gəlinciklərə sanki dünəndən, keçmişindən söhbət açır, bir-birindən ədalı müasir geyimli xanımlar mərkəzdə duran, ata evində “Xınayaxdı” mərasimini keçirərək sabahdan yeni ailənin təməlini qoyan gənc nişanlı qıza xoşbəxtlik arzusu ilə tamaşa edirlər.

Aybəniz Yusubova və Gülbəniz Qəmbərova bacılarının müəllifləri olduqları  “Xurşudbanu Natəvan”, “Xalçaçı qız”, “Muğam”, “Şərq gözəli” və s. gəlinciklərdə Bakı, Lənkəran, Naxçıvan, Şəki, Qəbələ zonalarına xas milli geyimlərin özünəməxsus cəhətləri öz əksini tapıb. Hədiyyəlik “Solmayan güllər” kolleksiyası təbiətin bizə bəxş etdiyi gözəl güllərə, çiçəklərə əbədi ömür bəxş edir.

Sərginin qeyri-adiliyi Elçin Hami Axundovun müəllifi olduğu “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Ağca və yeddi cırtdan”, “Novruz” silsiləsindən olan gəlinciklərin sanki bir-biri ilə dialoqda verilməsidir.

Sənubər Səmədova və Nigar Babayevanın tamaşaçılara təqdim etdiyi “Ənənə və müasirlik” kolleksiyası gəlinciklərin ana xəttini təşkil edir.

Azərbaycan Rəssamlar İttifaqının və Müəllif Kuklası Beynəlxalq Təşkilatının üzvü Fərəh Əliyevanın “Edem”, “Meşə ilahəsi”, “Qız qalası” kompozisiyası, “Sarı gəlin”, “Nar-qız”, “Şərq yuxuları” (çıraq), “Tıq-tıq xanım”, “Cənnət mələyi”, “Nar budağı”, “İlham”, “Bazarlıq”, “Məğrur Xəzər”, “Modern – Üçlük”, “Bahar”, “Qəhvə ətirli qadın”, “Cırtdan”, “Novruz”, “Bakılı qız”, “Balıqçı qız”, “Tanışlıq” və s. modern üslubunda hazırlanmış gəlincikləri bir-birindən gözəl rəng duyumu, cizgiləri və zərifliyi ilə seçilir.

Professor Səbirə xanım Dünyamalıyevanın milli geyimlərdən ibarət kolleksiyası isə sərgiyə xüsusi zəriflik və gözəllik gətirir. Professor Rəna xanım İbrahimbəyovanın “Kəlağayılar” kolleksiyası isə sərgiyə xüsusi ab-hava gətirir.

Princ School – Ənənəvi Şahzadə İncəsənət Mərkəzinin batika üzrə məzunu Ruslan Hüseynovub və Bakı Dövlət Universitetinin Coğrafi Turizm fakültəsinin məzunu Fuad Cəbrayılovun XVIII-XIX əsrə aid orijinal milli geyim kolleksiyasından seçmələr isə incəliyi, nəfis parçaları və yüksək zövqlü işləmələri ilə sərgiyə əsrarəngiz yaraşıq verir.  Xatırladaq ki, istedadlı gənclər on ildən artıqdır ki, 3500-dən çox muzey əhəmiyyətli Azərbaycan milli geyimləri, tikmə nümunələri, baş örtükləri, parçalar toplamaqla yanaşı, onları tarixi və işləmə üslubu baxımından tədqiq edirlər. Ölkəmizdə və onun hüdudlarından kənarda 18 sərgidə uğurla iştirak etmiş və Bakıda 2 fərdi sərgi keçirmişlər.

Proqram-sərgi çərçivəsində 15.04.2017-ci il tarixində saat 16.00-da Aybəniz Yusubovanın “Güllərin sehri”, saat 18.00-də Nigar Babayevanın “Milli gəlinciklərin hazırlanma texnikası”, 18 və 20.04.2017-ci il tarixlərində saat 16.00-da Fərəh Əliyevanın “Gəlinciklərin yaranma tarixi”, 19.04.2017-ci il tarixində saat 16.00 Nəzakət Əhmədovanın “Geyimlərin modelləşdirilməsi”, 21.04.2017-ci il tarixində saat 18.00-də balalarımız üçün hazırlanmış Uşaq proqramı çərçivəsində isə Elçin Axundovun “Kağızdan qəhrəmanları özün düzəlt” adlı “Ustad dərsləri” keçiriləcək.

Art-layihənin rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Afət xanım Aslanovadır. Proqram-sərginin dizaynerləri Nəzakət Əhmədova, Gülnaz Mədətova, Şərqiyyə Əfəndizadə. Kənan Səlimovdur.

Proqram-sərginin açılışı 7 aprel 2017-ci il tarixində saat 19.00-da İçərişəhərdə, Qəsr küçəsi, 27 ünvanında yerləşən “NUR Art House” qalereyasında keçiriləcək.

“Gəlinciyim: gerçəkliyim, gələcəyim” adlı sərgi

Bəyən və paylaş

Rəylər

rəy(lər)