Gənc Müəllimlərin II Forumu keçirilib
İyunun 11-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə Gənc Müəllimlərin II Forumu keçirilib.
Forum gənc müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilib.
Forumda təhsil naziri Emin Əmrullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və müxtəlif bölgələrdən yaşı 35-ə qədər olan 300-ə yaxın müəllim iştirak edib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Forumda salamlama nitqi ilə çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası İdarə Heyətinin sədri Rüfət Əsədzadə bildirib ki, rəhbərlik etdiyi Assosiasiyanın əsas məqsədi istedadlı gənc müəllimlərin aşkara çıxarılması, bilik və bacarıqlarının inkişaf etdirilməsi və onların şəbəkələşməsi, eləcə də elmi-praktiki konfransların təşkilidir.
Forumda iştirak edən təhsil naziri Emin Əmrullayev müəllim peşəsinin məsuliyyətindən və təhsil işçilərinin üzərinə düşən vəzifələrdən söz açıb. Pandemiya dövründə müəllimlərin fədakarlıq göstərdiklərini vurğulayan nazir ölkəmizdə müəllimlərə göstərilən diqqət və qayğıdan danışıb. Emin Əmrullayev cəmiyyətimizdə müəllimlərə yüksək səviyyədə dəstək göstərilməsinin vacibliyini vurğulayıb.
Təhsil naziri müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri vurğulayıb, ölkəmizdə təhsil sahəsində həyata keçirilən mühüm təşəbbüslərdən də bəhs edib.
Emin Əmrullayev çıxışının sonunda Forum iştirakçılarına uğurlar arzulayıb.
Çıxış edən digər qonaqlar Forumun əhəmiyyətinə toxunub və iştirakçılara uğurlar arzulayıblar.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Cadenza Orkestrinin ifasında müxtəlif çıxışlar nümayiş edilib.
Forumda müəllimlərin inkişafına dəstək olmaq və onları maarifləndirmək üçün “Doqquz dildə danışmağı necə öyrəndim?”, “Təhsildə keyfiyyət mədəniyyəti nədir və ona necə nail olmalı”, “Ən yaxşı məktəb yaradıcı şagirdlərlə innovativ və savadlı müəllimlərin vəhdətidir”, “Təhsil sistemində sosial və emosional bacarıqların inkişafı” mövzularında məruzələr dinlənilib.
Forum gənc müəllimlərin çıxışları və tədris təcrübəsi ilə fərqlənən müəllimlərin təltif olunması ilə yekunlaşıb.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur