Geolokasiya - tarixi, təsviri, tətbiqi

Geolokasiya - tarixi, təsviri, tətbiqi Edumap.az Tural Əzimzadənin “Geolokasiya – tarixi, təsviri, tətbiqi” məqaləsini təqdim edir. İnformasiya hərisliyi və ilkin coğrafi kəşflər Azəbaycanın görkəmli şəxsiyyətlərindən və dövrün hökmdarı Hülakü xanın baş məsləhətçisi olan Nəsirəddin Tusi Marağa rəsədxanasının tikilməsi üçün Hülakü xandan maliyyə vəsaiti istəyir, Rəsədxananın tikintisinin çox xərc aparmasına görə Hülaki xan buna həvəslə yanaşmır. Tusi, xanı şəhərdən kənara, dağlıq bir ərazidə gəzintiyə dəvət edir. Onların səyahətinin baş tutduğu zaman dağın aşağısında ordu təlim keçirmiş. Nəsrəddin Tusi göstəriş verir ki, dağın başından bir mis qazanı aşağı aşağı atsınlar. Bu mis qazan dağdan aşağı yuvarlanarkən çox böyük gurultu salır və bu səsi eşidənlər vahimə içində qaçıb canlarını qurtarmağa çalışırlar. Tusi burada Hülakü xandan insanların qorxub qaçma səbəbini soruşur. Xan deyir ki, səbəb bizə bəllidir. İnsanların isə bundan xəbəri yoxdur. Ona görə də biz sakit və rahat dayanmışıq. Bundan sonra Nəsirəddin Tusi xana deyir: “Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimiz üçün burada sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün təşviş içindədir. Eyni qayda ilə əgər biz səmada baş verən hadisələrin mahiyyətini əvvəlcədən bilsək, yer üzündə həmişə sakit yaşayarıq”. Və bu hadisədən sonra Hülakü xan Marağa rəsədxanasının tikilməsinə razılıq verir. Dünyanın yaradılışından etibarən insanlar üçün bilgi, informasiya əsas güc hesab edilib. Daha inkişaf etmiş elmə, texnologiyaya sahib olan xalqlar hər zaman digərlərindən daha üstün olublar. İnsanların digər canlılar kimi həyatda qalmaq uğrunda mübarizə aparmaq üçün güclü caynaqları, dişləri, soyuqdan qorunmaq üçün xəzləri olmadığından, insanlar bu çatışmazlıqlarını öz ağıllarının, dərrakələrinin hesabına kompensasiya etməyə çalışıb və buna nail olublar. Məhz bu səbəbdən, insanlar növbəti addımı hesablamağa, sabahın hava proqnozunu gözdən keçirməyə, gündəlik ulduz falına baxmağa, hansı yolda tıxacın olub-olmamasını bilməyə, yeni tanış olduqları insanı araşdırmağa, daha çox kitab oxumağa, informasiya əldə eləməyə meyllidirlər. Bizim gücümüz nə qədər çox informasiya emal etmə qabiliyyətimizlə, ümumi inkişafımızın səviyyəsi isə informasiyanın ötürülmə sürəti ilə, sivilizasiyamızın səviyyəsi isə mənimsəyə bildiyimiz enerjinin həcmi ilə ölçülür. Müxtəlif planetləri və sivilizasiyaları kəşf etmə istəklərimizin qarşısıalınmaz bir sürətlə inkişaf etdiyi bu dövrdə belə planetimizin üzərində hələ ayaq basmadığımız yerlərin olması çox təəccüblüdür. İnsanların öyrənmək istəyi o qədər güclü olub ki, səhvən Amerika qitəsini, Nyufoundlendi, müxtəlif dəniz yollarını kəşf ediblər. Sonradan, bu informasiyaların gələcək nəsillərə ötürülə bilməsi üçün bu məkanların, yolların, yeni kəşf edilmiş torpaqların dünyanın bilinən xəritəsi üzərinə köçürülməsi prosesi geniş vüsət almışdır. Bizə bəlli olan ilk xəritənin banisi sayılan Anaksimandr hesab edilir və ümumiyyətlə, yunanların Ellin mədəniyyəti qalıqları da onu deməyə əsas verir ki, müasir xəritələrin əsas əcdadları yunanların çəkdikləridir. Şəkil.1 Anaksimandr xəritəsi. Anaksimandr planetimizi slindrik formada, hər şeyin də bu slindrin üzərində olduğunu düşünürdü. Və cəmi bir neçə yüz il içində elm və texnologiyanın inkişafı o dərəcəyə gəlib çatıb ki, artıq insanlar nəinki yaxın çevrə və regionun, bütün planetin xəritəsini ovuclarında saxlaya bilirlər. Xəritələr də kitablar, sənədlər kimi informasiya daşıyıcıları sayılırlar. Nəticə olaraq, əlimizdə tutduğumuz cihazlarla informasiyaya bir toxunuş qədər yaxın oluruq. Amma, informasiyanın əlçatanlıq səviyyəsinin bu qədər yüksək olmasının həm müsbət, həm də mənfi tərəfləri var. 3D xəritələrin aktuallaşması Hər kəsin istifadə etdiyi Google maps və ona bənzər MAPS.ME, Bing Maps, Navmii, Citymapper kimi rəqəmsal xəritələr hər nə qədər effektiv olsalar da, özlərinə məxsus məhdudiyyətlərlə müşayiət olunurlar.
  • Bu tip xəritələr oflayn rejimdə maksimum effektiv ola bilmirlər;
  • Xəritələrin sadəcə yuxarıdan görüntüsünün olması, binaların görüntüsü, eniş-yoxuşların harada olması, məkanın real təsvirinin həqiqətə tam uyğun gəlməməsi və s;
  • Məkanların adlarının bir qayda olaraq dəyişilməsi, yeniliklərin rəqəmsal xəritələrə əlavə edilməsi zamanı səhlənkarlığa yol verilməsi;
  • Bu tip xəritələrin xüsusi applikasiyalara ehtiyac duyması və telefonun işləmə sürətinə, yaddaşına mənfi təsir göstərməsi və s.
Bu və buna bənzər bir sıra səbəblərdən texnoloji inqilab səviyyəsində bir yeniliyə ehtiyacın olduğu bu dövrdə 3D xəritələr, LiDAR kimi sistemlərin ərsəyə gəlməsi labüd idi. Xüsusilə, pandemiya zamanı daşınma şirkətlərinin, əsasən də yemək daşınma xidmətlərinin sayının artması, bəzi ölkələrdə dronla çatdırılma xidmətlərinin istifadəyə verilməsi məsələsinə görə 3D xəritələr həyati önəmə sahib olmağa başladı. Dronların hansı hündürlükdə uçacağı, yollarında elektrik və digər təyinatlı xətlərin, ağacların, maneələrin olmasını 2D xəritələr vasitəsilə görmək mümkün deyildi. Buna görə də, şəhərlərin 3D planının hazırlanması və bu cür naviqatorlardan istifadə edilməsi daha böyük əhəmiyyət kəsb etməyə başladı. Şəkil 2. Dronla yemək daşınması. Kənd təsərrüfatında LiDAR texnologiyası Resurslardan səmərəli istifadənin ön plana çıxması, faydalı iş əmsalının yüksəldilməsinin böyük bir tələb halına gəlməsinin nəticəsi olaraq təhsil, kənd təsərrüfatı, tikinti, nəqliyat, enerji stansiyalarının qurulması, mədən və hətta idman və əyləncə sahələri 3D planlamaya hava-su kimi ehtiyac duyur. Şəkil 3. LiDAR sisteminin kənd təsərrüfatında istifadəsi. LiDAR sistemindən effektiv istifadə edən fermerlər bitkilərin su, günəş işığı və ehtiyaclarını əvvəlcədən mövcud datalara əsasən hesablaya bilirlər. Bu da torpağın ümumi məhsuldarlıq səviyyəsinin artırılmasına kömək edir. Azərbaycan kimi kənd təsərrüfatı məhsullarının əhəmiyyətli qismini idxal məhsulları hesabına təmin etməyə çalışan bir ölkənin bu cür texnologiyadan istifadə etməyə böyük ehtiyacı var. Göründüyü kimi, 2014-cü ildən etibarən idxalın həcmini azaltmağa çalışan Azərbayacan bu texnologiyalardan istifadə edəcəyi təqdirdə həm torpaqlardan, həm işçi qüvvəsindən, həm ərazinin relyefindən, eyni zamanda günəş enerjisi və yağışlardan maksimum dərəcədə yararlana biləcək. Şəkil 4. 2005-2015-ci illər ərzində Azərbaycan Respublikasında idxalın dinamikası (mln. manat). Keçmiş və Gələcək birləşir Arxeoloqlar topoqrafiyada qazıntı sahəsini göstərə bilən incə dəyişiklikləri aşkar etmək üçün LiDAR şəkillərindən istifadə edirlər. Bu, xırda bir detalı böyük bir ərazidə axtarmaq əvəzinə birbaşa qazıntı aparılmalı olan yeri aşkara çıxarır və vaxta qənaət etməyə kömək edə bilər. Bundan əlavə, bəzi məkanlar yerdən ümumiyyətlə görünməyə bilər və havadan çəkilmiş şəkillər yerin sadəcə üstünü göstərdiyindən başqa cür heç vaxt tapılmayan məkanları radar sistemi rahat şəkildə göstərə bilir. Məsələn, 2018-ci ildə Mərkəzi Amerika ölkəsi olan Qvatemala da meşəninaltından Mayalara aid böyük bir gizli şəhər aşkarlanmışdı. “Nəşnl Cioqrafik” (National Geographic) jurnalında yayımlanan məqaləyə görəşəhərin aşkarlanmasında istifadə edilən LiDAR lazer üsulu arxeologiya tarixində bir inqilabdır. Bəzi arxeoloqlar isə butexnologiyanı bir sehir olaraq qələmə verərkən, bəziləri LiDAR-ın adi gözlə görülməyənlərin aşkarladığını deyir. Keçmişin qalıqlarını gələcəyin texnologiyası ilə kəşf etmək daha da rahatlaşır və bu, öz-özlüyündə gözəl bir təzad təşkil edir. LiDAR tarixə toxunmağa kömək edən bir alət kimi öz əhəmiyyətini bir daha sərgiləyir. Şəkil 5. LiDAR texnologiyası uzun müddət insanlardan uzaq qalmış məkanları aşkarlaya və yeni arxeoloji qazıntılara işıq tuta bilir. Azərbaycan və LiDAR Bizim üçün ən önəmli olan Qarabağ müharibəsi zamanı Azərbaycanın geniş şəkildə istifadə elədiyi PUA-lar LiDAR sistemləri ilə təmin olunmuşdu. Bu, dronların yüksək dəqiqliklə hərəkət etməsinə, Qarabağ kimi çətin relyefi və hava şəraiti olan bir ərazidə maksimum effektivliklə fəaliyyət göstərməsinin başlıca faktorlarından idi. Bundan əlavə “Azərişıq” ASC, ilk dəfə olaraq, Ağıllı Şəbəkələr konsepsiyası çərçivəsində elektrik şəbəkələrinin elektron şəkildə idarə edilməsində müasir 3D-mobil xəritə layihəsini reallaşdıraraq, virtual monitorinq sisteminin əsasını qoyub. LiDAR Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə “Müasir metodlarla neft-qaz əməliyyatlarının keçirilmə zamanı ətraf mühitin çirklənməsinin monitorinqi” layihəsi çərçivəsində qurulub. Layihənin məqsədi neft-qaz çıxarılması zamanı su və yer səthinə çıxan neft məhsullarının, kimyəvi reagentlərin və qazma məhlullarının məsafədən zondlanması üçün nəzərdə tutulan flüorissent LiDAR-ın istehsalı və inkişafıdır. LiDAR-ın Xəzər dənizi və ətrafının təmizlik və monitorinqində böyük rol oynayacağı, onun Azərbaycanın müxtəlif sahələrində istifadə perspektivlərinin də nəzərdə tutulur. Atmosferdəki aerozolların xüsusiyyətlərinin müəyyənləşdirilməsində LiDAR-ın əhəmiyyəti var. Son 15 ildə dünyada LiDAR texnologiyasının zəlzələ diaqnostikasında geniş yayıldığından onun Azərbaycanda tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi də düşünülür. İnteraktiv və 3D dizaynla çəkilmiş xəritədə Bakının istənilən yerində, mərkəz yaxud kəndlərində olan bir sıra ticarət obyektlərini, yaşayış binalarınının yerini axtarmaq və ətraflı informasiya əldə etmək mümkündür. Bu həm vaxta qənaət etmənizə, həm müəyyən anlaşılmazlıqların qarşısının alınmasına kömək edə bilər. Sahibkarlar da bu sistemdən yararlana bilər: Yeni biznes qurmağa hazırlaşan şəxslər əhalinin çox yaşadığı, biznes obyektlərinin çox yerləşdiyi küçələri və əraziləri evdən çıxmadan öyrənə, bazar araşdırmasının ilk mərhələsini elə bu xəritə üzərindən apara bilər. Və son olaraq... Artıq 2020-ci ildən etibarən azad olan Qarabağda “ağıllı şəhər” və“ağıllı kənd” konsepsiyalarının həyata keçirilməsinə başlanılıb. Məsələn, Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun Ağalı kəndinin ərazisində “ağıllı kənd” layihəsinin təməli qoyulub və tikinti işləri davam etdirilir. Burada hər şey sıfırdan qurulmağa başladığından nəticədə texnoloji qaydalara əməl edilən mükəmməl görünüş və infrastruktur ortaya çıxacaq. İşğaldan azad edilmiş Zəngilan rayonunda və ümumilikdə Qarabağda həm “ağıllı evlərin” tikintisində, həm Qarabağın logistikasının dəqiq qurulmasında, həm enerji təminatında, həm də yaşıllaşdırma işləri və kənd təsərrüfatı sahəsində LiDAR və 3D texnologiyalarından istifadə etməklə bölgənin potensialından maksimum istifadə etmək mümkündür. Nəzərə alsaq ki, bölgənin həm turizm, həm mədənçilik, həm kənd təsərrüfatına uyğun əraziləri var, bu sahələrin inkişaf etdirilməsi ölkə üçün makroiqtisadi səviyyədə prioritet hədəflərdən hesab edilir. İşğaldan azad edilmiş ərazilərdə quruculuq və bərpa işləri üçün LiDAR texnologiyasından istifadə edərək tarixi binaları və tarixi abidələri əvvəlki görünüşdə yenidən həyata qaytarmaq olar. Şəkil 6. Müharibə nəticəsində dağıdılmış və sonradan baxımsız qalmış tarixi abidələr.  

Tural Əzimzadə

 
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az