“Google” Qərbi Kaspi Universitetinin tələbələrinə dəstək verəcək – MÜSAHİBƏ

“Google” Qərbi Kaspi Universitetinin tələbələrinə dəstək verəcək – MÜSAHİBƏ

 

Xəbər verdiyimiz kimi, Azərbaycanda bu ildən fəaliyyətə başlayan “Google” şirkətinin Proqramçı Tələbələr Klubu (“Developer Students Clubs”) Qərbi Kaspi Universitetində yaradılıb. Universitetin 4-cü kurs tələbəsi Azər Nemanlı, “Google” şirkətinin Proqramçı Tələbələr Klubu proqramına Klubun yerli bölməsinin rəhbəri olaraq qəbul olunub. Həmçinin Azər “Google Developer Group Bakı” üzrə təşkilatçı komandasının üzvüdür. Bununla yanaşı, o, bu ildən artıq Azərbaycanda formalaşdırılacaq Proqramçı Tələbələr Klubunun ölkə üzrə təşkilati işlərinə nəzarət edəcək.
A.Nemanlı ilə müsahibəmizdə bu proqramın əhəmiyyətini, tələbələrə hansı faydaları verə biləcəyini müzakirə etmişik.

 

-Azər, Qərbi Kaspi Universitetində “Google” şirkətinin Proqramçı Tələbələr Klubu yardılıb və sən Klubun yerli bölməsinin rəhbəri olaraq qəbul olunmusan. Qısaca, bu proqram barədə.

– Proqramçı Tələbələr Klubu “Google” tərəfindən yaradılan və tələbələr üçün təşkil olunan proqramdır. Proqramçı Tələbələr Klubu “Google”un proqramlaşdırma texnologiyaları ilə maraqlanan tələbələr üçün universitet daxili icma yaratmağı hədəfləyir. 2020-2021 ci il tədris ili ərzində mütəxəssislər və ya öz komandası daxilində aktiv olaraq ən azından ayda bir dəfə də olsa, tədbirlər (seminar, vebinar və s.) keçirməlidir. Həmçinin tədris ilinin sonunda komanda şəklində layihələr hazırlanıb təqdim edilməlidir. Azərbaycanda ilk dəfədir ki, bu kluba rəhbər təyin edilir.

 

Klub tələbələrə nə verəcək?

– Klubun əsas üstünlüyü ona “Google” kimi qlobal nüfuza malik şirkətin dəstək verməsidir. Tələbələr öz təhsil ocaqları ilə “Google” arasında əməkdaşlıq əlaqələri yarada və öz üzərində işləyərək inkişaf edə, eləcə də karyeralarına böyük töhfə verə bilərlər. Həmçinin hər ay baş tutacaq seminar və ya vebinarlara qoşularaq onlar üçün maraqlı olan mövzuları dinləyə, ekspertlərdən istiqamət və dəyərli məsləhətlər ala bilərlər. Bundan yanaşı, Universitetin Texnoparkında işləniləcək layihələrə qoşulub, sonda uğurlu olan layihəni “Google”a təqdim etmək imkanlarından yararlanacaqlar.

 

Digər ali təhsil müəssisələrinin tələbələri kluba qoşula bilərmi?

Klub Qərbi Kaspi Universitetinin tələbələri üçün nəzərdə tutulub. Seminar və ya vebinarlara universitet daxilində arzu edən hər bir tələbə qoşula və bu fürsətlərdən yararlana bilər. İştirak isə tamamilə ödənişsizdir. Digər universitet tələbələri klubun tədbirlərini onlayn olaraq izləyə biləcəklər.

Bir cavab yazın

Back to top button