“HAMININ GETDİYİ YOL”

“HAMININ GETDİYİ YOL” (26 dəq., DE WEG VAN ALLE VLEES / THE WAY OF ALL FLESH)

Filmin rejissoru – Deben Van Dam

Tibo yaman dərdə düşüb – darıxır, canı sıxılır. O, palliativ yardım şöbəsində xəstə baxıcısı işləyir və son vaxtlar fikrindən keçən bircə puldur. Bəzən, rəngsiz günlərinə rəng qatmaqdan ötrü iş yoldaşları ilə mərcə girir: ölümcül xəstələrdən kimin nə vaxt dünyasını dəyişəcəyi barədə öz aralarında mərc qoşurlar. Ancaq nə xeyri. Bir gün isə iş yoldaşı Anuk ağız açıb Tibodan xahiş edir ki, şöbələrində yatan irqçi Frans Kləskens üçün sonuncu olan günü bu xəstə ilə keçirsin…

Festivalları:
2013: Gent Kinofestivalı (Belçika), Löven Beynəlxalq Qısametrajlı Filmlər Festivalı (Belçika)
Mükafatları:
2014: Ən yaxşı Beynəlxalq Qısametrajlı Film – Oban Beynəlxalq Kinofestivalı (Fransa), Qran-Pri – Brüssel Qısametrajlı Filmlər Festivalı (Belçika), Xüsusi Mükafat – Tabor Beynəlxalq Qısametrajlı Filmlər Festivalı (Xorvatiya), Ən yaxşı Beynəlxalq Qısametrajlı Film – Tel-Əviv Beynəlxalq Tələbə Filmləri Festivalı (İsrail)
2013: Tamaşaçı seçimi – Gent Kinofestivalı (Belçika), HUMO Mükafatı / Flamand Müsabiqəsi Münsiflər Heyətinin Mükafatı / Flamand Müsabiqəsinin Tamaşaçı seçimi – Löven Beynəlxalq Qısametrajlı Filmlər Festivalı (Belçika), “Wildcard Bədii Film” Nominasiyasının Qalibi – VAF Wildcard Müsabiqəsi (Belçika)

“ÜRƏK” (21 dəq., HART/COEUR)

Filmin ssenari müəllifi və rejissoru – Koen Blounblomme

“Ürək” – iki gənc qadının Kortriyk şəhərciyində gecə gəzintisindən bəhs edən qısametrajlı filmdir. Bu gecə gəzintisi zamanı onlar müxtəlif yerlərdə olur, təsadüfü həmsöhbətlərlə kəlmə kəsir, qaranlıq bir sirr saxlayan adamla qarşılaşırlar.
Filmin orijinal adı (HART/COEUR) “ürək” sözünün niderlandca və fransızca qoşa yazılışından ibarətdir.

Qısametrajlı bu filmin hədəfi – eşq, zorakılıq, psixodelika, bir də pank-rok kimi mövzulardır.
Bu mövzuların araşdırması ilə yanaşı, filmdə həmçinin anaxronist, bir də vizual-psixodelik təsviri nitq üsullarına dair axtarışlar da yer alıb. “Özün düzəlt” yanaşmasına söykənən “Ürək” (HART/COEUR) filminə əksəriyyəti könüllülər və özünü ilk dəfə sınayan aktyorlar çəkilib, filmin büdcəsi isə cəmi 3500 avro təşkil etmişdir.

“DÖRD DİVAR ARASINDA” (12 dəq. 25 san., ENTRE QUATRE MURS / BETWEEN FOUR WALLS)

Filmin ssenari müəllifi və rejissoru – Leyli Qafarova

Tomas, Flamand sərhədində məskunlaşmış bohem həyatı yaşayan sənətkardır. O, Əlcəzair əsilli Zəhra-ananı günah sayılan xəyanət yoluna çəkməyə müvəffəq olur. Bu iki sevgili, Tomasın xudmani emalatxanasında kölgəli bir cənnət guşəsi quraraq, burada yol azdıran, qatma-qarışıq, həm də həzin anların hüdudlarını sınayırlar.
CinéWomen “Dörd divar arasında” filmi haqqında
Böyük məmnunluq hissi ilə Sizə xəbər veririk ki, “Dörd divar arasında” filmi CinéWomen-in məxsusi olaraq müstəqil kinorejissor və video-art sənətkarlarını təqdim edən özəl Biennale buraxılışı üçün seçilmişdir. Filminiz həqiqətən bizə böyük təsir bağışlamışdı. Sizin mövzuya necə yanaşmanız, birbaşa, yəni düşünmədən emosional reaksiya göstərməniz çox bəyənilmişdi. Zərif 16-millimetrlik ağ-qara kinematoqrafa müraciət edərək, əldə tutulan kameradan tədbirli istifadə etməniz bizə Filipp Qarrelin erkən yaradıcılığını xatırlatdı.

18 +
Filmlər fransızca nümayiş etdiriləcək, ingiliscə alt-yazıları olacaq.
8 dekabr 2015-ci il
saat 19:00-da
YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı meydanı yaxınlığında)
Giriş sərbəstdir

Bir cavab yazın

Back to top button