Hədəfə çatmaq üçün nə etməli?

Hədəfə çatmaq üçün nə etməli?

Bir çoxumuz hər yeni ilə böyük planlar, fikirlər, xəyallar və ümidlərlə başlayırıq. Bunları reallaşdıranlar, əldə etdiklərinə dair geriyə dönüb fərəh hissi ilə baxır, sahib olduqları qazancı və nələr etdiklərini xatırlayırlar. Keçmişdə qazandıqları uğurlarında nə qədər yaxşı performans göstərib hansı şəxsi və karyera hədəflərinə çatdıqlarını düşünərək qürur hissi duyurlar. İllik planlarını gerçəkləşdirə bilməyənlər isə karyera hədəflərini tamamlaya bilmədikləri üçün məyus olurlar və peşmanlıq hissi yaşayırlar. Hal-hazırki peşələrindən sıxılaraq karyera dəyişikliyi etmək lazım olduğunu belə düşünə bilər, bundan sonra görüləcək işlərə dair dərin bir hüzün yaşaya bilər və uğura həqiqətən layiq olub-olmadıqları ilə bağlı şübhələrə qapıla bilərlər.

Heç bir qənaətbəxş nəticəyə səbəb olmayan qərarlar verməkdən və yerində saymaqdan yorulmusunuzsa uğurlu insanların sahib olduqları prinsipləri diqqətə alaraq daha xoşbəxt yaşam tərziniz ola bilər və karyeranızı yüksək pillələrə çıxara bilərsiniz.

İş həyatında uğurlu olmaq hər kəsin ən böyük arzularından biridir. Lakin zamanla stres və ya digər səbəblər nəticəsində planlarımızı gerçəkləşdirə bilmirik. Əlqərəz, ən böyük qorxularımızdan biri olan uğursuz olma qorxusu ortaya çıxır.

Uğurlu karyeraya sahib olmadan öncə, karyera həyatınızda qazanacağınız uğurun sizin üçün nə məna kəsb etdiyini və nə qədər dəyərli olduğunu aydınlaşdırmaq lazımdır. Qazanacağınız uğur – başqalarının əldə etmək istədiyindən və təcrübə etmək istədiklərinizin başqalarının əldə etmək istədiklərindən daha önəmli olduğunun fərqinə varmaqla başlayır. Başqa insanların arzu, istək və fikirlərinin sizin karyera ilə bağlı seçimlərinizə müdaxilə etməsinə izn verdiyiniz müddətcə daxili münaqişələrlə mübarizə aparmaq məcburiyyətində qalacaqsınız. Bu səbəbdən məqaləmdə belə hallarla qarşılaşmamaq üçün istər öz işinizdə, istər çalışdığınız şirkətdə fərq yaratmaq üçün izləməyimiz vacib olan təməl yollar var. Sizlər üçün uğurlu olmağın və hədəfə çatmağın təməl yollarını detallı şəkildə izah etməyə çalışacam.

Hədəflərinizi nəzərdən keçirin, kontrol sizdə olsun

İş həyatında hədəfiniz ilin sonunda hədəfinizə çatmaq olmalıdır. Ancaq aralara kiçik hədəflər qoyub və bu hədəflərə çatdıqca motivasiyanızı artıra bilərsiniz. Özünüzə kiçik hədiyyələr vermək daha sürətli və əmin addımlarla yol qət etməyinizə səbəb olacaq. Bunlardan heç birini etmədinizmi? Elə indicə bir dəyərləndirmə edin və hədəflərinizə çatmaq üçün nələr edə bilərsiniz deyə bir nəzərdən keçirin. Sizi nəticəyə aparacaq addımları tarixi ilə qeyd edərək planlaşdırın və hərəkətə keçin. Real addımlar planlaşdırmağınız zaman və əmək itkisini azaldacaq.

Bundan sonra hədəflərinizi nəzarət altına alaraq, həm rəhbərinizlə həm də fərdi şəkildə hədəflərinizi dəyərləndirin. Hətta performansınızı rəhbərinizdən öncə özünüz dəyərləndirin. Karyeranızda irəli getməyiniz üçün inkişaf etdirməli olduğunuz tərəflərinizi araşdırın və mütləq şəkildə özünüzə verdiyiniz tapşırıqlarınızı yerinə yetirin. “Hədəfi olmayan gəmiyə heç külək də yardım edə bilməz.” İstədiyiniz yaşam standartlarına çatmaq üçün hədəfiniz kontrolunuzda olmalıdır.

Özünüzü çox yaxşı tanıyın, dəyərinizi anlayın, obyektiv olun

Ən önəmlisi özünüzü çox yaxşı tanıyın. Obyektiv olun və bəhanələrə sığınmadan karyera hədəfinizdə olduğunuz yeri dəyərləndirin. Bu dəyərləndirməni güclü və zəif tərəflərinizi aydınlaşdırıb, riskləri və fürsətləri müəyyənləşdirən metod olan SWOT analizi ilə edə bilərsiniz.

  • Güclü tərəfləriniz nələrdir? 5, 6 cəhət müəyyənləşdirin və nümunələrlə açıqlayın.
  • İnkişaf etdirilməli olan tərəfləriniz hansılardır?
  • Hədəflərinizə çatmağınız üçün fürsətlər nələrdir?
  • Hədəfinizə çatmağınıza nələr mane olur?
  • Hər zaman güclü tərəflərinizə fokuslanmaq faydalıdır. Bu arada isə özünüzü inkişaf etdirməlisiniz.
  • SWOT analizini etmək, karyeranızı planlaşdırarkən də, iş yerinizi dəyişdirirərkən də düzgün qərar verməyinizə kömək edəcək.
  • İş prosesində ekstra nələr edirsiniz? Yeni fikirləriniz, qazandıqlarınız nələrdir?

Motivasiyanızı yüksək tutmağa çalışın

Hər səhər özünüzə mütləq bəzi suallar verin: Niyyət və məqsədləriniz nələrdir və bunlara necə çatacaqsınız? Sizin əhvalınızı nə yüksəldir? Motivasiyanızı beyninizin üst səviyyələrində tutmaq, hədəflərinizə çatmaq yolunda ən vacib məqamdır.

İnkişafınıza dəstək olan çevrəniz olsun

Çevrənizi inkişafınıza mane olan yox, inkişafa təşviq edən bir hala gətirərək özünüzü uğur üçün hazırlayın. Hədəflərinizə çatmağınıza kömək olacaq vərdişlər qazanmaq lazımdır. Bunların ən təməli, inkişafınıza yatırım etməkdir. Zehninizə, vücudunuza və ruhunuza baxmağınız, özünüzü inkişaf etdirməyinizə çox önəmli təsir göstərir.

Məsuliyyətli olun

Necə məsuliyyətli olmaq olar? Gündəlik tutmaq lazımdır? Günlük hədəflərinizə çata bilmədiyiniz zaman nələrin riskli olduğuna qərar vermək lazımdır. Bu sizi qorxuda bilər, komfortlu həyat tərzinizdən çıxmağa məcbur edə bilər, lakin bir şeyi nəzərinizdə saxlayın ki, siz motivasiyanızı artırmalı olacaqsınız və inanılmaz dərəcədə yaratmağa həvəsləndirəcək riskli qərar verəcəksiniz.

Uğursuzluqlardan nəticə çıxarın

Uğursuzluq, olduqca ağır bir yük və hətta planlarınızı gerçəkləşdirmək ərəfəsində olduqca sıxıcıdır; lakin zamanla hər birinin sizin xeyrinizə olduğunu anlayacaqsınız. İnsan gücünü çətinliklərin içərisində tapır. Gücünüzü qazanın və izn verin ki, sizi məqsədinizə doğru aparsın. Uğursuzluq hər zaman qaçınılmazdır, işin açar nöqtəsi nə qədər uğursuz olduğunuz deyil, uğursuzluqlardan necə çıxacağınızdır.

Uğurlarınıza fokuslanın

Digər insanların sizin üzərinizdə heç bir təsiri olmamalıdır. Özünü başqa insanlarla müqayisə etmək çox asan, lakin bu vərdişdən vaz keçmək bir o qədər də çətindir. Səbəb nə olursa-olsun bu vərdişinizdən uzaqlaşın, bunun üçün dəfələrlə də olsa cəhd edin.

Öyrənməyə istəkli olun

İnsanların böyük əksəriyyəti inadkarlıqla ehtiyacları olan bütün biliklərə sahib olduqlarına inanırlar. Bu dar düşüncə tərzi sizi potensialınıza çatmaqdan uzaqlaşdırır. Həqiqətən uğurlu olmaq üçün, hər gün yeni bir şey öyrənməli və kəşf etməlisiniz. Problemlərin sizi məğlub etməyinə izn verməyin. Yeni biliklər əldə etmək üçün oxuyun, seminarlara qatılın, karyera kouçu və ya peşəkar mentor ilə məsləhətləşin.

Bilik uğurun təməlidir. Uğurlu olmaq üçün hər zaman daha çox biliyə, təhsilə və öyrənməyə ac olmalısınız. Nə qədər çox bilsəniz, işiniz sizə o qədər asan gələcək. Yeni öyrəndiyiniz bütün bilikləri tətbiq etməyə çalışın. Belə olan halda öyrəndiklərinizdən faydalana bilərsiniz.

Yaradıcı olun

Çox gözəl bir söz var: “İzdihamla bərabər gedənlər çox vaxt onun içində itirlər.” İddialı insanlar sürüdən olmurlar. Bəzən rədd edilmək və uğursuzluqlara hazır olun. Uğur adətən hər kəsin etdiyini etmək deyil, öz fərqli fikir və düşüncələrini həyata keçirməkdir. Kiminsə etdiyini təkrarlamaq heç zaman uğurlu nəticə verməyəcək.

İddialı insanlar yaradıcı beyinə sahib olan insanlardır. Daima “Niyə olmasın?” sualını verməlisiniz. Yaradıcı olduqda digərinin çıxılmaz vəziyyətdə qaldığı zaman siz oradan necə çıxacağınızı düşünərsiniz. Yaradıcı bir beyinə sahib olduğunuz zaman dünyanı dəyişdirmə potensialına da sahib olacaqsınız.

Perspektivinizi qoruyun

Hər gün nə qədər stres və çətinliklərlə qarşılaşsanız da hisslərinizi cilovlamağa çalışın. Perspektivinizi qoruduğunuz zaman daha asan sakitləşəcəksiniz. Problemlərə deyil onları həll etməyə fokuslanın. Bu metod, çətinliklərlə qarşılaşsanız belə sizin doğru suallar verərək məntiqli qərar verməyinizə kömək olacaq. Duyğu və hisslərinizin sizi idarə etməsinə icazə verdiyiniz zaman – hər şeyin əksinə getməyə başladığı zamandır. İş və şəxsi həyat çətinliklərin bütünüdür. Uğurlu olmaq üçün problemləri həll etməyi bacarmalısınız və hər hansı bir çətinliklə qarşılaşan zaman ona ilişib qalmamalısınız. İddianız və əzminiz daima sizi hərəkətə keçməyə sövq edəcək.

İndi – ən doğru zamandır hərəkətə keç!

İndi – birbaşa sizin ixtiyarınızda olan tək zamandır. Qarşınızda nə varsa bütün enerjinizi onun üçün sərf edin. Daha əvvəlcə olanlar üçün vaxtınızı itirməyin. Potensialınızı və uğurunuzu maksimum səviyyədə ortaya qoymaq üçün ən uyğun zaman indidir, bunu düzgün istifadə edin. Keçmiş keçmişdir, ondan dərs almalı və öyrənməli olduqlarınızı indiki zamanda tətbiq etməlisiniz, belə olduğu halda eyni səhvləri etməkdən yayınacaqsınız. Gələcəyiniz indi nələr etdiyinizlə birbaşa əlaqəlidir.

Heç vaxt tərk etməyin!

Çətinlikləri sevin. İşləriniz çətinləşdikdə, problemlərlə üzləşdikdə daha dərinə gedin. Qorxaqlar, cəsarətsizlər işlər çətinləşdikdə yarımçıq qoyanlardır, lakin iddialı, cəsarətli insanlar bu çətinlikləri beyinlərini, bilik və bacarıqlarını artırmaq üçün bir fürsət olaraq dəyərləndirirlər. Uğur əldə etmək çox asan bir şey olsaydı heç bir əziyyət çəkmədən hər kəs uğurlu olardı. Mövcud olan vəziyyəti aşmaq üçün bütün keçmiş düşüncələrdən qurtulmağa könüllü olmalısınız. Hədəfinizi heç zaman unutmayın!

Səbrli olun

Beyninizi, ruhunuzu çox yükləməyin. Hər kəs qarşısına hədəf qoyur, ancaq həyat müxtəlif müdaxilələr edir. Həyatımızın hər anını planlaşdırmaq, hər şeyi qismətə həvalə edən insanlardan daha spesifik nəticələr əldə edəcəyimizlə bağlı bizi sığortalamır. Hədəflərinizi müəyyənləşdirirsiniz və buna çatmaq üçün hər gün əlinizdən gələni edirsiniz. Bəziləri illərlə əmək sərf edərkən, bəziləri uğura çox asanlıqla nail olur. Ruhdan düşməmək və hərəkətə davam etmək sizin ən önəmli vəzifənizdir. Əgər hədəflərinizə çatmaq istəyirsinizsə səbrli olun, gözləməyi bacarın, çalışqan, zəhmətkeş olmağa davam edin, və nəticədə ən yaxın zamanda olmaq istədiyiniz insan olacaqsınız.

Bu dünyadakı ən uğurlu insanlar ən dibdən başlamış və dərindən hiss etdikləri əzmi ən ucalara yüksəlmək üçün sərf etmişlər. Sadəcə doğru zamanda doğru yerdə olmağınızla bağlı şansın da təsiri ola bilər, fəqət nə olursa olsun haraya doğru yol qət edəcəyinizi necə gedəcəyinizi siz müəyyənləşdirirsiniz. Uğurlu olmaq bunu nə qədər istədiyiniz və bunun üçün nə qədər çalışmağınızla əlaqəlidir – o nöqtəyə varmaq üçün sizə yardım edəcək istək və həvəsə sahib olmağınızla bağlıdır.

Karyeranızı doğru şəkildə yönləndirsəniz, gəminizin kapitanı siz olacaqsınız. Satışların artması, işlərin bitməsi, sistemlərin düzəlməsi və s. üçün daima çalışırsınız. Bəs bügun özünüz üçün nə etdiniz? Bügun ilk addımı atın və ilin sonu üçün şəxsi dəyərləndirmənizi edin. Düşünən deyil hərəkətə keçən yol qət edər.

Kiçik hədəflər düşünün və kiçik uğurlar gözləyin. Böyük hədəflər düşünün və böyük uğurlar qazanın.

David J. Schwartz

Gülsəfa Abdullayeva

Bir cavab yazın

Back to top button
Close