22 Oktyabr 00:10

İddialı motivasiya məktubu: İzah və Nümunə

Əgər biz karyera həyatına başlamanın vacib elementlərindən danışırıqsa, motivasiya məktubundan yan keçmək yanlış olar. Siz bir iş üçün müraciət etmisiniz və bu yarışda müvəffəqiyyəti qarşınıza məqsəd qoymusunuzsa, sadəcə CV yazılışını bilməklə kifayətlənmək yarışı yarımçıq qoymağınız mənasına gəlir, burda uğurdan və qalibiyyətdən danışmaq bir qədər çətindir. Unutmayın ki, bəzi şirkətlər sadəcə CV ilə kifayətlənməyərək sizin yazı qabiliyyətinizi əks etdirən motivasiya məktubu göndərməyinizi tələb edirlər. Motivasiya məktubu – sizin müəyyən iş üçün motivasiyanızı, üstünlüklərinizi və müsbət keyfiyyətlərinizi əks etdirən bir yazı formasıdır. Sizin CV-niz  şəxsi məlumatlarınız, bəzi bacarıqlarınız (dil, ofis proqramları bilikləri) və iş təcrübənizi əks etdirdiyi halda, motivasiya məktubunuz həmin iş və ya təşkilat üçün nə dərəcədə uyğun olduğunuzu, həvəsinizi və istəyinizi göstərir. Yadda saxlayın ki, motivasiya məktubu CV-nin təkrarı deyildir, müəyyən vəzifə üçün istəyinizi işəgötürənə inandırmaq üçün yazacağınız sözləri, cümlələri ölçüb-biçərək ən optimal şəkildə izah etməlisiniz. Bu məktub bir neçə paraqrafdan ibarət olur, bura aiddir:

1.Salamlamaq

Motivasiya məktubunun əvvəlində mütləq şəkildə, salamlamaq lazımdır. Məktubunuz konkret bir şəxsə ünvanlanmalıdır. Onu qeyd etməyiniz sizin şirkət haqqında ilkin araşdırmalarınızı göstərir. Əgər iş elanında bu ad göstərilməyibsə, ad və şəxsin vəzifəsini soruşmaq məqsədilə  şirkətlə əlaqə yaratmaq üçün əla fürsətdir.

2.Təqdimat

Bu paraqraf çox mühüm əhəmiyyət kəsb edir: Siz kimsiniz, nə üçün bu məktubu yazırsınız, bu elanı harda görmüsünüz  kimi punktları qeyd etməlisiniz. Bu paraqrafda fikirlərinizi aydın şəkildə çatdırmağa çalışmalısınız. Bundan əlavə özünüz haqqında bir neçə şəxsi məlumatları da qeyd edə bilərsiniz.

3.Niyə siz?

Potensial işəgötürənə sizin iş üçün həqiqətən də uyğun olduğunuz təəssüratını yaratmalısınız. Bu paraqrafda özünüzün şəxsi keyfiyyətlərinizi, xarici dil biliklərinizi, iş təcrübələrinizi, keçdiyiniz kurslar və əldə etdiyiniz diplom və sertifikatlar, sizi  digərlərindən fərqləndirən başqa vacib cəhətlərinizi qeyd etməlisiniz. 2-3 nümunə ilə vacib keyfiyyətlərinizi əhatə etməyə çalışın. Onların iş üçün istədikləri sizdə olan  xüsusi bacarıq və iş təcrübələrinizi əsas götürərək,  şirkətin işə qəbul haqqında məlumatlarından istifadə edə bilərsiniz. “Şirin” dilinizi  işə salaraq pozitiv sözlərdən istifadə edin (uğur qazanmışam, təşəbbüs göstərmişəm və s. kimi). Bunlar həm də sizin CV-nizdə hər hansı zəif nöqtələri yox etməyə yardım göstərir.

4.Niyə onlar?

İşəgötürənə niyə bu vakansiya üçün müraciət etdiyinizi, bu iş üçün həvəsinizi və istəyinizi çatdırmağa çalışmalısınız. Bu paraqrafda həmin vəzifədə,  təşkilat və ya müəyyən sektorda sizi cəlb edən vacib punktları sadalayın. Anlaşılmaz fikirlərdən və boş təriflərdən, daha doğrusu “yaltaqlıq” -dan boyun qaçırın. Fərqli olmağa çalışın, fikirlərinizi bəzi orijinal nöqtələrlə canlandırın.

5.Sonluq

Bu paraqraf sizin maraqlarınız və iş üçün uyğunluğunuzu ümumiləşdirə bilməyiniz üçün imkan yaradır. Bu həmçinin sizin müsahibə üçün uyğun olduğunuzu və optimist notlarla (Hörmətlə,…)  sonlandıra biləcəyiniz bir bölmədir.

motivasiya-məktubu

Mənbə: Asan Kadr

Bəyən və paylaş

Rəylər

rəy(lər)