#
12 Yanvar 16:10

“İki sahil“ qəzeti elektron formatda MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil ediləcək

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “İki sahil” qəzetinin rəhbərliyi ilə görüş keçirilib. Görüşün məqsədi MEK-in mətbuat fondunun zənginləşdirilməsini ənənəyə çevirmək, bu prosesin aparıcı media tərəfindən ictimailəşdirilməsini təmin etmək və əməkdaşlıq məsələlərini müzakirə etmək olub.

Görüşdə MEK direktoru Leyla İmanova kitabxanada bu istiqamətdə başlanan prosesi, görülən işləri nəzərə çatdırıb. L.İmanova ölkə qəzetlərinin mövcud nüsxələrinin həm çap, həm də elektron formatda kitabxana fondlarında mühafizə edilməsini Azərbaycan mətbuatı tarixi irsinin qorunması baxımından vacib proses kimi dəyərləndirib. O, bu mənada elm sahəsində baş verən yeniliklərin, inkişafın media vasitəsilə ictimaiyyətə çatdırılması, təbliğ edilməsi, informasiyanın toplanılması, sistemləşdirilməsi və etibarlı şəkildə qorunub saxlanılması barədə 2017-ci ildə AMEA rəhbərliyi və Mətbuat Şurası arasında əldə olunan razılaşmanın əhəmiyyətini xüsusi vurğulayıb. Milli Rəqəmsal Yaddaş (MRY) layihəsinin işlək vəziyyətə gətirilməsini və elmiləşməsini 2017-ci il üçün kitabxananın nailiyyətləri sırasında qeyd edən MEK direktoru Azərbaycanın aparıcı mətbu orqanlarının nüsxələrinin elektron formatda MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilməsi mərhələsinin davam etdiyini bildirib. L.İmanova Azərbaycan mətbuat aləmində özünəməxsus rolu olan “İki sahil” qəzetinin də prosesə qoşulmaq istəyini yüksək qiymətləndirib.

“İki sahil” qəzetinin ölkə mətbuatındakı yerindən, keçdiyi inkişaf mərhələlərindən danışan qəzetin baş redaktoru, Mətbuat Şurasının idarə heyətinin üzvü Vüqar Rəhimzadə MEK-in bu təşəbbüsünü Azərbaycan mətbuat tarixinin formalaşması, qorunması, gələcək nəsillərə çatdırılması baxımından yüksək qiymətləndirib. V.Rəhimzadə MEK ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. Baş redaktor kitabxanada mənbələrin qorunub saxlanılması istiqamətində görülən işləri təqdir edərək “İki sahil” qəzetinin 2017-ci il üçün elektron nüsxələrini PDF şəklində MEK-ə təqdim edib. Görüşün yekununda Mərkəzi Elmi Kitabxana ilə “İki sahil” qəzeti arasında müəllif hüquqlarının qorunmasına dair müqavilə imzalanıb.

MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü, Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, Fondların mühafizəsi bölməsinin baş kitabxanaçısı Allahverən Allahverdiyev fikirlərini bildirib, əməkdaşlıq üçün təkliflər səsləndiriblər. Sonda ümumi razılaşmaya əsasən informasiya təhlükəsizliyinin təmin edilməsi mövzusunda MEK-də Mətbuat Şurası üzvləri və aparıcı media qurumları ilə birgə seminarın təşkil edilməsi qərara alınıb. Görüşdən sonra qonaqlar Geoloqlar Cəmiyyətinin kitabxanada mühafizə edilən kolleksiyasını, Nadir kitab fondunu, Diplomatik fondu ziyarət ediblər.

Xatırladaq ki, hazırda MEK-də aparıcı mətbuat orqanlarının nüsxələrinin PDF formatında Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi prosesi həyata keçirilir. MRY layihəsinin məqsədi Azərbaycanın qədim mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçılarının istifadəsinə verməkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)