18 Mart 20:53

İnternat dramı: “taxtayonan”ın zülmü, karser şoku, qatarla qaçış… – III HİSSƏ

Həyatın girdabına düşmüş üç qardaşın ürək titrədən hekayəti Lent.az-da davam edir

Əvvəli

 

Arazın Vaqif adlı bir sinif yoldaşı var idi. Vaqif uşaqlar arasında meyxana demək bacarığı ilə xüsusi fərqlənirdi. Yaşca onlardan böyük idi, bir neçə il sinifdə qalmışdı. Bir gün kimya dərsində müəllimə:

 

– Başım möhkəm ağrıyır, – dedi.

 

– Qalx get “medpunkta”, həkimdən bir dərman al, iç, gəl.

 

Artıq Adil müəllim vəfat etmişdi. Yeni direktorun – əvvəlki əmək dərsi keçən Allahverdi müəllimin dövrü idi. Məktəbin bütün qayda-qanunu pozulmuşdu. Hətta “medpunktda” həkim tapmaq da müşkül idi. Heç kim işini görmür, hamı hardasa dəstə ilə yığışıb söhbət edir, deyib gülürdü…

 

Başı ağrıyan Vaqif gəlib “medpunkt”un qapısını açıq, içini boş görəndə bütün məktəbi gəzib həkimin harda söhbətdə olduğunu axtarmağa həvəsi olmur. Onsuz da məktəbdə elə qaydalar hökm sürürdü ki, həkimi tapsa da, o çətin ki, söhbətini yarımçıq qoyub, Vaqifin qayğısına qalardı.

 

Vaqif qanı qara sinfə qayıdanda sinif qapısının qarşısında təzə direktorla qarşılaşır:

 

– Hardan gəlirsən?

 

– Başım ağrıyırdı, “medpunkt”dan.

 

– İndi mən “medpunkt”dan çağırıb soruşaram görüm orda olmusan, ya yox!

 

Allahverdi müəllim o qədər qışqıraraq danışırdı ki, Arazgil bu sözləri sinifdə eşidirdilər. Məktəbin rejiminin pozulmasına, həkim tapmamasına, üstəlik də direktorun onun üstünə qışqırmasına əsəbiləşən Vaqif acıqlı tərzdə cavab verir:

 

– “Medpunkt”da həkim tapsanız soruşarsınız.

 

Bu sözdən xoşlanmayan direktorun Vaqifə vurduğu şillənin səsi sinif otağında eşidildi…

 

– Dərsdəyik, birdən gördük bərk qışqırıq səsi gəldi. Başladıq pəncərədən baxmağa. Vaqif həyətdə qışqıra-qışqıra meyxana deyirdi:

 

Girirsən “medpunkta” tapılmır doktor,

Taxtayonan gəldi oldu direktor.

“Reski” keçdi rəndədən bu ruçkaya…

Xəbərsizdir namusu qeyrətindən,

Yox insafı, uzaqdı rəhmətindən…

 

Çox qəzəblənmişdi. Açıq görünürdü ki, hirsindən partlayır. Bir müəllimimiz də düşüb dalınca, tuta bilmir… Vaqif o qaçan qaçdı məktəbdən… Həmin hadisədən sonra heç birimiz onu görmədik…

 

Təzə direktor gələndən uşaqlara qarşı belə hallar çox olurdu. Artıq xeyli vaxt idi burda idim, zaman keçdikcə üstümdə tək iki qardaşımın yox, internatdakı bütün uşaqların məsuliyyətini hiss eləyirdim. Sanki qayğıya qalmağa alışmışdım. Uşaqlara qarşı olan ədalətsizliyə göz yuma bilmirdim. Nə qədər özümü saxlamağa çalışırdım, yenə də alınmırdı və… döyülənlərdən olurdum…

 

– Tərəf saxlayanlar nə ilə döyülürdü?

 

– “Şvabra” ən çox istifadə olunan şey idi… Artıq 9-cu sinfi qurtarmışdıq, bir az da böyüyən fason olmuşduq. O vaxt amerikalılar məktəbə yardım gətirmişdi. Böyük pendir qabları boyda dəmir qablarda peçenye və konserv qablarında Holland pendirləri…

 

– Peçenye qabında pendir, pendir qabında peçenye…

 

– Bəli. (Gülür) Anbar məktəbin ikinci mərtəbəsində yerləşirdi. Bu yardımları da daşıyıb ora yığmışdılar, uşaqlara vermirdilər. Daşınmada uşaqlar özləri iştirak etmişdi deyə dəqiq bilirdik hansından nə qədər gəlib. Bir həftə keçdi. Saat 3-5 arası hazırlıq vaxtı idi. Müəllimlər bizi sabahkı dərslərə hazırlayırdı, ev tapşırıqlarını eləyirdik. Mən həyətdəydim, bu vaxt gördüm həmin ərzaqları baqaja yığıb aparırlar. Çox pis olmuşdum…

 

– Nə maşını idi? Hamısını aparırdılar?

 

– “06” maşını idi, 3 qutu birindən, 5 qutu isə o birindən götürdülər. Amma bunun daha neçənci dəfə olduğunu bilmədim. Səhərisi dostlarımı yığıb, danışdıq. Planlaşdırdıq ki, sabah dərslər qurtarıb, bütün uşaqlarının həyətdə olduğu vaxtı, saat 1 ilə 2 arasında hamı yığışsın anbarın arxa tərəfinə və biz birimiz anbarı yaraq. Plan – anbarı yarırıq! (Gülür)

 

Danışdıqları vaxt anbarın pəncərələri qarşısında toplaşdılar. Araz ikinci mərtəbənin pəncərəsinə çıxıb, ordakı dəmir barmaqlıqlara vurulmuş mismarları çəkib çıxartdı, barmaqlıqları götürüb kənara atdı. Pəncərədən içəri keçib qapının dəstəyinin altına taxta parçası qoydu. Qapını bayırdan açarla açandan sonra mütləq bu dəstəyi çevirməlidilər. Araz taxtanı elə qoydu ki, dəstəyi çevirə bilməsinlər. Sonra tər içində amerikalıların gətirdiyi ərzaq qutularını bir-bir pəncərədən aşağıya, uşaqlara atmağa başladı. Aşağıda hardasa əlli nəfərə qədər uşaq toplaşmışdı. Onlar adama üç qutu ərzaq aparıb gizlədir, yenə qayıdıb dayanırdılar pəncərənin altında…

 

– Dostlarımla o qədər qəzəbli idik ki, acığımızdan özümüzə heç nə götürmədik. Bizim tək istədiyimiz uşaqların pozulan hüququnu bərpa etmək idi. Bir də gördük qapını sındırırlar. Açarla açıblar, amma dəstəyi çevirə bilmirlər… Aşağı düşdüm… Polis çağırdılar, izahat aldılar, bir neçə müəllimə imzalatdırdılar. Direktor məni xüsusi məktəbə göndərmək istəyirdi.

 

– Niyə ancaq sizi?

 

– Gördülər ki, yuxarıdan atan ancaq mənəm. Onda uşaqlar məktəbdə az qala qiyam qaldırırdılar.

 

– Belə bir film var, “Pəncərə”. Yəqin baxmısınız…

 

– Onun bir hissəsi bizim məktəbdə çəkilirdi. Hətta yadımda, bir hissəsinin çəkilişlərində bizə dondurma payladılar ki, çəkiliş vaxtı dondurma yeyə-yeyə arxada gəzişin. Dondurmanı payladılar, kameranı quraşdıranda gördülər hamımız yeyib qurtarmışıq, dondurma yoxdur. Ondan sonra hərəyə bir taxta dondurma verdilər… (Gülür)

 

– Uşaqlarınız polislərə necə etiraz elədilər?

 

– Darvazanı möhkəm bağlamışdılar. Həmin vaxtı da məktəb həyətində ağaclar budanmışdı. Uşaqlar bütün budanan qol-budaqları daşıyıb gətirib darvazanın qabağına yığmışdılar. Böyük bir taya əmələ gəlmişdi. Polislər məktəbdən çıxıb getmək istəyəndə gördülər ki, həyətdən çıxmaq heç cür mümkün deyil. Onda uşaqlara dedilər gəlin bizə kömək edin yolu təmizləyək, çıxıb gedək. Narahat olmayın, dostunuzu aparmırıq.

 

– Siz polisə ifadə verdiniz?

 

– Həmin günü məndən heç nə soruşmadılar. Hardasa bir həftə sonra gəlib məni danışdırdılar. Mən də necə olub, bu addımı hansı səbəbdən atmışam və nəticə olaraq özümə heç bir şey götürməmişəm, hamısını ətraflı yazdım. Polislər Allahverdi müəllimdən insaflı çıxmışdı, gördülər ki, biz oğurluq eləməmişik… Məni danışdıran çox yaxşı adam idi. Sualları elə qoyurdu ki, mənə kömək eləsin, özümü çətinə salmayım, dolaşdırmayım. Axırda da polis bildirdi ki, uşaqlar oğurluq eləməyiblər, özlərinə aid olanı götürüblər. Əgər siz onların payını versəydiniz, götürməzdilər. Bununla da məsələ bağlandı, mənə dəymədilər. Bu hadisə bizi çox ayıltdı.

 

– Və o gündən məktəbdə bir növ bütün uşaqların sözünü deyən, hüququnu qoruyan şəxs oldunuz.

 

(Gülür) Belə alındı. Hər şey ordan başladı. Beləcə, internat uşağının əlindən alınan haqlarının bərpasını təmin etməyə ordan ilk addımları atdıq.

 

– Həmin dönəmdə direktorla üz-üzə gəldiniz?

 

– Artıq məsafəli idik. Hiss eləyirdi ki, məktəbdə ona qarşı çox qəzəbli bir kütlə dayanıb. Ondan bir-iki ay keçəndən başqa hadisələr də oldu və onu çıxartdılar.

 

– Nələr oldu?

 

– Aşağı siniflərdə kütləvi zəhərlənmə olmuşdu. Hardasa 40 nəfərəcən uşaq zəhərlənmişdi. Bu onun üçün çox böyük problemə çevrilmişdi. Məsələ çox ciddi böyüdü, mətbuata çıxdı, işə nə qədər adam qarışdı və ən önəmlisi, həmin vaxt artıq onun arxalandığı qohumunu işdən çıxartmışdılar deyə, büdrədi. Bir növ Allahın cəzası onu tutdu, çıxartdılar! İki ilə yaxın əlindən o qədər yığmışdıq ki, sevinirdik… (Gülür)

 

– Yerinə kim gəldi?

 

– Zaur müəllim. Bu dəfə bizim müəllim deyildi, kənardan gəlmişdi, tanımırdıq. 9-cu sinfi qurtarana yaxın idi.

 

– Zaur müəllim yadınızda necə qalıb?

 

– Mən internatda olduğum vaxtlarda ondan bir pislik görməmişdim. Mənimlə çox yaxşı davranırdı.

 

– Bəs “taxtayonan”ın cəza üsulları qüvvədə qalırdı?

 

(Gülür) Zaur müəllim gələn kimi “taxtayonanın” bütün qaydalarını ləğv elədi. İnternatda “şvabra” əməliyyatına son qoyuldu.

 

– İnternat yenə Adil müəllimin vaxtlarındakı kimi olmuşdu?

 

– Bəli. Elə vəziyyət idi ki, mən rahatca yanına girib sərbəst danışırdım ki, bir həftə keçib, amma hələ yataq dəstləri dəyişməyib. O da mənə uşaq kimi yox, böyük kimi yanaşır, hörmət qoyurdu. Hətta axşamlar evə gedəndə növbətçi müəllimlərin yanında ucadan deyirdi ki, “Araz, buralar sənə əmanət”. Sonra da müəllimlərə bir istehza ilə baxırdı. Yəni ki, sizə etibar yoxdur. Allahverdi elə adam idi ki, onunla salamlaşmaq da mümkün deyildi. Onunla isə səmimi danışmaq olurdu. Nə problem olsa, gedirdik yanına.

 

– Belə olduğu halda yəqin artıq yanına gedib əsas məsələnizi onunla danışmışdınız…

 

– Əlbəttə! İlk fürsətdə qardaşlarımı Lənkərandan gətirmək haqda danışdım. Sonra hər dəfə bu haqda soruşur, maraqlanırdı. Mən tez-tez Lənkərana gedirdim, 9-cu sinifdə oxuyanda artıq öz pulum var idi. Pulum olan kimi qardaşlarımı yanıma gətirmək istədim, gedib Nazilə xanımla danışdım, vermədi… Orda mübahisəmiz oldu, dedi uşaqları burdan götürə bilmək üçün sənin pasportun, qəyyumluq kağızın olmalıdır…

 

– Hardan idi pulunuz?

 

– Onu demədim axı, Küveyt Xeyriyyə Cəmiyyəti bizim internata yardım gətirirdi. Onlara gətirdikləri yardımın paylanmasına nəzarət edən bir nəfər də internat uşaqlarından nümayəndə lazım oldu. Necə oldusa mən gözlərinə güvən verici gəldim və məni seçdilər. Artıq orda oxuya-oxuya həm də oranın işçisi oldum. Xeyriyyə cəmiyyəti mənə müəllimlərdən yüksək maaş verirdi.

 

– Artıq “anbarlara nəzarət” üzrə bəlli bir təcrübəniz var idi…

 

– Bəli. (Gülür) Geyim və ərzaq anbarının açarları məndə idi. Ordan hər şeyi sənədlə verir, sonra da yeməkxanaya nəzarət edirdim ki, verdiyim ərzaqların hamısı uşaqlara verilirmi. Xeyriyyə cəmiyyətinin qaydaları belə idi.

 

– Uşaqlar ən çox hansı ərzaqları yemək istəyirdilər?

 

– Ən çox süd qurusu ilə şəkər istəyirdilər. Orda niyəsə hamı süd və şəkər sevirdi…

 

– Bəs işləməyən vaxtı pulu hardan alırdınız? Xalanız verirdi?

 

– Yox, heç vaxt xalamdan pul götürməmişəm. Özümün pulum olurdu.

 

– Hardan?

 

– Bizdə evə gedib gələn uşaqlarda pul olurdu. Məndə də elə bir şey ola bilirdi ki, məsələn, hardansa nə isə tapıb düzəldirdim, onlara satırdım. Elə-elə əlimizdə pul olurdu. Yəni ortada həmişə pul olurdu, kiməsə valideyni gətirib verirdi, kimsə evdən gətirirdi. Düzdür, cüzi məbləğ idi, amma bizim üçün pul idi. 9-cu sinfə qədər heç bir nəqliyyat vasitəsinə pul verməmişəm, heç metroya da. Uşaq kimi keçirdik… (Gülür)

 

– Saxlamırdılar?

 

– O vaxtlar belə şeylərə çox fikir vermirdilər. Hərdən qatarda bələdçilərlə problem olurdu, onda da vaqonu dəyişirdim. Məsələn, əlimdə min manat pul olurdu, o vaxt ona “bir Məmməd” deyirdilər. Düşünürdüm ki, bunu yola verincə aparıb qardaşlarıma çatdıraram. Bəlkə ürəkləri nə isə istəyər, alarlar…

 

– Lənkərana həmişə əlinizdə pulla gəlirdiniz?

 

– Bəli. Elə vaxt olurdu ki, məktəbdən əlimə nə isə düşürdü, onu yeməyib saxlayıb gətirirdim qardaşlarıma. Biz şəhərdə idik, nisbətən asan idi. Yeni ildə, Novruz bayramında bizi prezidentlə görüşə aparırdılar. Orda bizə hədiyyələr verirdilər. Mən həmişə o bağlamaları yığıb saxlayıb qardaşlarıma aparırdım. Həm də Nardaran, Maştağa camaatı dindar olur, bayramlarda internat uşaqlarını yada salırdılar.

 

– Nəzarətinizdə böyük bir anbar var idi. Ordan qardaşlarınız üçün nə isə gətirirdiniz?

 

– Yox, maaş alırdım axı. Pulum olandan sonra qardaşlarıma ürəklə pul verirdim. Tapşırırdım ki, nə istəsəniz alın. Orda dostları var idi, onlar da iki qardaş idilər. Onların da birinin adı Elçin idi. O Elçin bizimkilərdən böyük idi deyə, uşaqlar ona “Baba Elçin” deyirdilər. Baba Elçin hasarın arasında keçib mağazaya gedir, uşaqların istədiyi hər şeyi alıb gətirirdi.

 

– Qardaşınız Elçin şəhərdən Lənkərana alıb apardığınız hədiyyələrdən danışdı…

 

– Hə, Elçin onu həmişə deyir. Bir dəfə Elçinə nağara, Rəşada isə qarmon alıb aparmışdım. Təbii ki, oyuncaq! (Gülür) Əllərinə alıb düşmüşdülər uşaq evinin canına. Dayanmadan çalırdılar… Rəşad qarmonu cırıldadır, Elçinsə çubuqlarla nağaranı guppuldadırdı…

 

– Və bütün məktəb bilirdi ki, “Elçingilin qardaşı gəlib…”

 

– Hə, mən gedəndə dostları ilə bir yerdə qaçırdılar üstümə. Sonra da elə dəstə ilə yola salırdılar. Lənkəran uşaq evi dəhşətli yer idi… Hələ də xatırlayanda dəli oluram. Təsəvvür edin, orda karser var idi… Balaca, dar, beton otaq, kiçik bir pəncərədən ibarət… Uşağı cəzalandırmaq üçün ora atıb, gündəlik bir fincan su ilə bir dilim quru çörək verirdilər…

 

– Körpə uşaqları karserə salmaq dəhşətdir ki…

 

– Oranın varlığından xəbər tutanda dəli olmuşdum. Təsəvvür edin, yay tətili başlayanda Lənkərana gəlmişəm. Hələ məktəbin içinə girməmiş həyətdə gördüm qardaşım Elçın arxa tərəfdən çıxıb yuxarıdan pəncərənin barmaqlığını dartışdırır. Ora niyə çıxmısan soruşdum, dedi “Rəşadı bura salıblar”. Dəli oldum… Elçin də yuxarıda balaca əlləri ilə ha barmaqlığı silkələyir, təbii ki, çıxarda bilmir. Ordan özümü direktorun otağına necə saldım, xəbərim olmadı. Beynim tamam pozulmuşdu…

 

– O vaxt Rəşadın neçə yaşı var idi?

 

– Rəşadın beş, mənimsə on beş.

 

– Beş yaşında uşağı belə cəzalandırmaq… Neyləmişdi axı?

 

– Səbəbi belə açıqladı ki, “şuluq eləyib”. Qardaşlarımın ikisi də birinci sinifdən dörd qiymət nədir bilməyiblər. Əlaçı olublar. Rəşad hazırlığa gedirdi, artıq hərfləri tanıyırdı və bu səfərimdən əvvəlkində Lənkərandan Bakıya qayıdanda mənə bir məktub yazıb vermişdi. Düzdür, hələ rəqəmləri qarışdırırdı… Rəşad bunu bilmir, amma mən o məktubu bu günə kimi saxlayıram. Bəlkə də heç özü xatırlamır belə məktub yazdığını…

 

– Məktubda nə yazmışdı?

 

O, Rəşadın məktubundan danışanda ilk dəfə gözlərini gizlədib üzünü çevirdi, səsi titrəməyə başladı…

 

– O məktubu Lent.az-a təqdim edə bilərsiniz?

 

– Ən yaxşısı odur. Özünüz oxuyun… Mən deyə bilməyəcəm. “Böyüyüb ailəmizə kömək edəcəyik” yazırdı… O məktubda mənə ən çox təsir edən o idi ki, Rəşad anama da salam göndərmişdi… (Gülümsəməyə çalışır) Rəşad belə idi, kaş ki, onun uşaqlığını görərdiniz ki, nə qədər həyat dolu, şıltaq uşaq idi. Bir yerdə dayanmırdı, adına civə deyirdilər.

 

– Rəşad əsl sonbeşikdir – şən və dəcəl. Hiperaktiv uşaqdır, bu onun günahı deyil axı. Buna görə uşağı karserə salarlar?

 

– Elə onu deyin də. Dəcəl idi, amma zərərverən uşaq deyildi. Çox şirindil idi, müəllimlər hamısı onu çox istəyirdi, hətta evlərinə də aparırdılar.

 

– Karserə döyüb salmışdılar?

 

– Mənə dedilər guya vurmayıblar…

 

– Elçini pəncərəni açmağa çalışarkən görüb Nazilə xanımın yanına getdiniz. Necə izah elədi?

 

– Mənim gələcəyimi gözləmirdilər. Mən qəfil kabinetinə girəndə tez yanında dayanan müəlliməyə göz elədi, o tez otaqdan çıxdı. Çox gərgin idim. İlk gündən, “buraları yandıracam” dediyim gündən o bir az məndən ehtiyat edirdi. Düşünürdü ki, bu uşaq qardaşları üçün bir gün bu məktəbə nə isə edəcək. Onda elə fikir yaratmışdım. Başladı ki, biz onun yaxşı olmasını istəyirik. Bu tənbeh metodudur, təlim metodudur, nə bilim nədir… O dedi, mən dedim… Biz mübahisə edəndə gördüm Rəşad üstümə qaçdı, ayaqlarımı qucaqladı…

 

– Halı necə idi?

 

– Rəşad məni görmüşdü deyə üzündə təbəssüm var idi. Əyildim, bərk-bərk qucaqladı məni. Əslində onun gülməyi bəlkə də müdirəni xilas elədi, çünki mən özümdə deyildim. Əlimdən hər cür xəta çıxa bilərdi. Əgər həmin an Rəşadı ağlamış, qəmgin görsəydim, necə reaksiya verəcəyimdən əmin deyildim. Mən axı ən çətin vaxtlarımızda da Rəşadı qəmgin görməmişdim. O uşaq haqqı olan uşaqlığını, gülüşünü yaşayırdı. Onu döyülmüş görsəydim, özümə cavabdeh deyildim.

 

Rəşad Arazı elə möhkəm qucaqlamışdı ki, on beş yaşlı oğlan beş yaşlı uşağın qucağından çıxmağa güc tapmırdı. Elə burda, Rəşadın qolları arasında da qərarını verdi:

 

– Dedim ki, gəlmişəm uşaqları yay tətilinə aparım. Xalamgildə qalacaqlar, bacılarımla görüşəcəklər, payızda gələcəklər.

 

– İnandıra bildiniz? Bu dəfə də qəyyumluq kağızı istəmədi?

 

– Yox, bu dəfə alındı. Birdəfəlik aparmırdım ki, “tətilə” gedirdik. (Gülür) Yaxşı yadımdadır, ilk dəfə idi yol pulu verirdim. Onların hesabına ilk dəfə qatara bilet aldım, özü də kupeyə… Yola yemək də aldım. Qatar yola düşəndə başladım onlara planımı izah eləməyə. Dedim sizi qaytarmayacağam. Artıq həmişə bir yerdə olacağıq. Hələ yolda bir az da Naziləni “prikola” tutduq ki, “ona atdıq”. Bu mövzuda xeyli lağlağı elədik, qələbə çalmışdıq axı! Onlara Bakı haqqında danışdım, dedim bacılarımızı görəcəksiniz. Sonra nə almışdıq, hamısını yedik, yatdıq. Səhər çatdıq şəhərə!

 

– Birbaşa internata, yoxsa xalanızgilə?

 

(Gülür) Heç birinə, zooparka! Uşaqlar üçün o qədər maraqlı idi ki… Elə sevinirdilər, mən də onlara qoşulmuşdum ki, artıq yanımdadırlar. Artıq bizi heç kim ayıra bilməz. Günortaya qədər gəzdik, onlara şəhəri göstərdim, sonra gəldik internata.

 

– Artıq Zaur müəllimdən uşaqların icazəsini almışdınız?

 

– Bu haqda çox danışmışdıq, ondan arxayın idim. Ondan sonra başladım təhsil nazirliyinə məktublar yazmağa.

 

– Nə yazırdınız?

 

– Bildirirdim ki, bizə qarşı belə bir haqsızlıq baş verib, bizə əziyyət verirlər. Nə isə, dördüncü məktubdan sonra nazirliyin xətti ilə qardaşlarımın sənədlərini gətirtdim öz internatımıza.

 

– Niyə bu məktubu indiyə qədər yazmırdınız?

 

– Qorxurdum birdən Nazilə xanım xəbər tutar və uşaqları verməz. Ona görə də Zaur müəllimlə danışıb uşaqları gətirmək barədə razılıq alandan sonra uşaqları götürdüm. O vaxt Küveyt Xeyriyyə Cəmiyyəti əlaqə saxlamaq üçün mənə mobil telefon vermişdilər. Dördüncü məktubdan sonra Nazilə xanım mənə zəng edib dişinin dibindən çıxanı dedi. “Sən mənim ən yaxşı oxuyan uşaqlarımı apardın” deyib qışqırırdı. “Uşaqlarımı qaytarmasan, səni polisə verəcəyəm” deyib hədələyirdi…

 

(Davamı olacaq)

Vusala Mammadova

Bəyən və paylaş

Rəylər

rəy(lər)