“İrəli”nin “İZ” gənclər düşərgəsi başa çatıb

“İrəli”nin “İZ” gənclər düşərgəsi başa çatıb   Azərbaycan Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində həyata keçirilən “İZ” gənclər düşərgəsi yekunlaşıb. “İrəli” İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində birliyin nümayəndələri və düşərgə iştirakçıları Ümummilli liderin Lənkəran şəhərində yerləşən abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb. Tədbir iştirakçıları Ulu Öndərin azərbaycançılıq məfkurəsinin davamçıları olan gəncliyin inkişafının intibah dövrünə qədəm qoyduğu, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlərin həyata keçirildiyi xüsusi olaraq vurğulanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ön sıralarında gənclər olan rəşadətli ordumuzun Vətən müharibəsində Qarabağ həsrətinə son qoyması da təməli möhkəm qurulan bu siyasətin bariz nümunəsi kimi qeyd olunub. Lənkəran şəhərində beş gün davam edən “İZ” layihəsi çərçivəsində iştirakçılarla görüş keçirilib, düşərgə qaydaları haqqında onlara ətraflı məlumatlar verilib. Daha sonra gənclər komanda təqdimatlarında iştirak edərək, praktiki sessiyada öz komandaları haqqında topladıqları məlumatları nümayiş etdiriblər. Layihə iştirakçılarının “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı ilə görüşü keçirilib. Ümummilli liderin “Azərbaycanın hər bir gənci öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilmirsə, o, həqiqi vətənpərvər ola bilməz. Əgər bunu bilməsə, o, millətini qiymətləndirə bilməz. Əgər onu bilməsə, o, millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz” sözlərini xatırladan təşkilat sədri layihənin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, dövlət gənclər siyasətinin əsasında tarixinə, milli-mənəvi dəyərlərinə bağlı vətənpərvər gənclərin formalaşması dayanır. “İrəli” İctimai Birliyi bu istiqamətdə tədbirlər həyata keçirir. Gələcəkdə də bu kimi tədbirlərin təşkili davam edəcək. Layihə çərçivəsində müstəqil Azərbaycanın ilk Baş naziri, tarixçi alim Həsən Həsənovla keçirilən görüşdə Azərbaycanın tarixi dövlətçilik ənənələri haqqında məlumat verilib, gənclərin çoxsaylı sualları cavablandırılıb. Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov da gənclərin qonağı olub. Görüşdə ölkəmizin dövlət gənclər siyasəti, gənclərə yaradılan imkanlar və perspektivlər mövzusunda ətraflı fikir mübadiləsi aparılıb. Layihə iştirakçıları tanınmış televiziya və radio aparıcısı, əməkdar mədəniyyət işçisi Rahib Azəri ilə də görüşüblər. Diskussiya formatında keçən görüş boyunca gənclər ölkəmizin və paytaxtımızın tarixi, mədəniyyəti haqqında geniş məlumatlar əldə ediblər. “İZ” gənclər düşərgəsinin iştirakçılarının AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı ilə görüşündə Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq ideologiyası mövzusunda müzakirələr aparılıb, ümummilli liderin əsasını qoyduğu dövlət siyasəti və ölkəmizin inkişafında rolu haqqında gənclərə məlumat verilib. Layihə iştirakçıları ilə görüşlərdə müstəqil Azərbaycanın qurulmasında dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu, müdrik siyasəti haqqında danışılıb, tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qorunması istiqamətində atdığı addımlardan bəhs edilib. Layihə iştirakçıları, həmçinin komanda quruculuğu təliminə qatılıblar. Malik Bağırov tərəfindən keçirilən təlim çərçivəsində gənclər effektiv komandanın qurulmasında əsas meyarlar, komanda üzvlərinin rolları və xüsusiyyətləri haqqında ətraflı məlumatlar alıblar. Layihə çərçivəsində gənclər üçün Lənkəran şəhərinin tarixi məkanlarına ekskursiya təşkil olunub. Bununla yanaşı, gənclərin bilik və bacarıqlarının artırılması, asudə vaxtın səmərəli təşkili məqsədi ilə intellektual oyunlar keçirilib, atıcılıq idman növü üzrə yarışlar təşkil edilib. “İZ” gənclər düşərgəsinin əsas məqsədi adından da bəlli olduğu kimi, gənclərimizə Azərbaycanın dövlətçilik, mədəniyyət, sənətkarlıq, elm, ordu quruculuğu, tarixi haqqında geniş məlumat vermək, eləcə də görkəmli şəxsiyyətlərimizi tanıtmaq, milli-mənəvi dəyərlərimizi aşılamaq olub. Layihə Azərbaycanın görkəmli şəxslərinin gənclərə tanıdılması, onlarda milli kimliyin formalaşması baxımından da olduqca əhəmiyyətlidir. Dahi şəxsiyyətlərin həyatı, ədəbi-elmi irsi, Azərbaycan dövlətçiliyi üçün göstərilən fəaliyyətin təbliği gənclər üçün ən yaxşı nümunələrdəndir. Qeyd edək ki, layihə 17-25 yaş arasında olan, ilkin qeydiyyat və müsahibə mərhələlərində məqbul nəticə göstərmiş gənclər sırasından gender balansı qorunmaqla seçilən 100-ə yaxın gəncin iştirakı ilə həyata keçirilib. Layihənin sonunda həyata keçirilən tədbirlərdə fəal iştirak etmiş komandalar təltif olunublar.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az