4 May 19:18

İş axtaranlar üçün ümumi tövsiyələr: Müsahibədən sonrakı müddət

Müsahibədən sonrakı müddət

Əgər sizə müsahibənin sonunda nəticələrin açıqlanacağı konkret bir tarix bildirilibsə, səbirlə o müddəti gözləyin. Əgər həmin müddət artıq bitibsə, email ünvanına yazaraq və ya şirkətin HR şöbəsinin nömrəsi ilə əlaqə yaradaraq nəticə barədə məlumat əldə etmək olar.

Müsahibədən uğurlu keçməmisinizsə, bunun ətraflı izahını istəmək, hətta bəzi hallarda tələb etmək sizə çox da nəticə verməyəcək. Çünki hal-hazırda AR-nın qanunvericiliyi işəgötürənin qarşısında namzidələrin uyğun olmama səbəblərini ətraflı izah etmək kimi br tələbi təyin etməyib.

Hətta belə deyim ki, əksər hallarda uyğun olmama səbəbinizi soruşsanız belə, böyük ehtimal ki, sizə səmimi cavab verməyəcəklər. Çünki səbəblər çox müxtəlif olur, subyektiv ola bilər və təəssüf ki, reallıq belədir ki, bu subyektivliklər nəticəyə də təsir edir.

Ancaq heç bir halda məyus olmayın!

Axı vakant yer sayı 1-dirsə və müraciət edənlərin sayı yüzlərlədirsə, demək ki bir nəfərdən başqa hamı ya CV seçim mərhələsində, ya da müsahibə mərhələsində ələnəcək. Uğur qazanmış biznes insanları məhz təslim olmadıqları üçün bu uğura nail olublar, ruhdan düşməyiblər və həyatdan küsməyiblər.

Hər şərdə bir xeyir vardır.

Hətta uğursuz müsahibə olsa belə, bu da bir təcrübədir. Üzərimizdə çalışmaq və mənfi tərəflərimizi inkişaf etdirmək üçün bir səbəbdir.Təslim olmayın və təkrar digər şirkətlərə, bəlkə də həmin şirkətə (başqa vakansiyalar üçün) müraciət etməyə davam edin. Əzmkarlığınız mütləq bir nəticə verəcəkdir.

Jeyran Farazi

Bəyən və paylaş