20 Aprel 16:08

İş axtaranlar üçün ümumi tövsiyələr: Müsahibəyə dəvət mərhələsi

Müsahibəyə dəvət mərhələsi

Müsahibəyə dəvət adətən iki üsulla olur: telefon zəngi və ya email vasitəsilə. Hər hansı şirkətə iş üçün müraciət etmisinizsə, gündə ən azından bir dəfə e-poçtunuzu yoxlayın.

Əgər müraciət etdiyiniz şirkətlərdən birisindən həvəslə gözlədiyiniz zəngi almısınızsa və sizi müsahibəyə dəvət edirlərsə, aşağıdakı məqamlara diqqət yetirməyiniz tövsiyə olunur.

1)   Şirkətin adını tam aydın eşitmədinizsə, bunu nəzakətli formada bir daha soruşa bilərsiniz

2)   Müsahibəyə gedəcəyiniz ünvanı deməyiblərsə, dəqiqləşdirin (xüsusilə böyük şirkətlərin bir neçə ofislərinin olmasını nəzərə alın və müsahibə günü ünvanla bağlı hər hansı anlaşılmazlıq olarsa, siz sadəcə təyin olunan vaxta gecikə bilərsiniz. Gecikmə halları isə heç bir yerdə müsbət qarşılanmır)

3)   Müsahibəyə gedəcəyiniz tarix, saat və ünvan deyildikdən sonra, telefon zənginin sonunda özünüz bir daha zəng edən şəxsə bu formada təsdiq verə bilərsiniz: “Təşəkkür edirəm, sabah saat 10-da qeyd etdiyiniz ünvanda olacağam”.

Bunu ona görə tövsiyə edirəm ki, hərdən namizədlər həyəcanlı olduqları üçün tarix və/və yaxud saatı səhv eşidirlər, sonra isə yanlış vaxtda müsahibəyə gəlirlər və nəticədə hər iki tərəf üçün xoşagəlməz vəziyyət yaraır.

Bəzi şirkətlər telefon zəngindən sonra sms və ya email vasitəsi ilə müsahibənin detallarını əks etdirən mesajı da əlavə olaraq göndərirlər.

4)   Çalışın müsahibəyə sizə deyilən vaxta gedəsiniz, ancaq əgər əvvəlcədən bilirsinizsə ki, həmin gün və saatda təxirəsalınmaz bir işiniz var, bunu yenə də çox nəzakətli bir şəkildə sizi dəvət edən şəxsə bildirin, lakin eyni zamanda müsahibəni başqa tarixə keçirmələrini xahiş edin və bu iş barədə nə qədər həyəcanlı olduğunuzu hiss etdirin.

Bəzi namizədlər var ki, CV ilə müraciət edir, zəng edib dəvət edirsən (həmin şəxslərin maksimum 1- 2 illik iş təcrübəsi olur) və telefonda sanki bir ulduz xəstəliyinə tutulmuş kimi cavab veriri ki, “Mən çox məşğul insanam, özüm sizə xəbər edərəm gələ biləndə”.

Sizcə belə namizədə ikincə dəfə zəng vuracaqlarmı? Cavab bəllidir.

Telefonla danışıq tərziniz və email ilə yazışma tərziniz sizin haqqınızda bir çox məlumat verir. Hətta elə hallar olur ki, namizədin mükəmməl bir CV-si vardır, ancaq telefonla verdiyi kobud, etikadan kənar cavaba görə elə dərhal onu namizədlər siyahısından çıxarırlar.

Jeyran Farazi

 

Bəyən və paylaş