İş axtaranlar üçün ümumi tövsiyələr : Müsahibəyə hazırlıq mərhələsi

Müsahibəyə hazırlıq mərhələsi

Əgər siz artıq çoxdan gözlədiyiniz müsahibəyə dəvət almısınızsa, bu hələ ki işə qəbul olunmağınız demək deyil.

Unutmayın ki, həmin vakansiya ilə bağlı sizdən əlavə digər namizədlər də müsahibə olunacaq və işə götürən şəxs özünə ən uyğun bildiyi, ən çox bəyəndiyi namizədi seçəcəkdir.

Digərlərindən yaxşı mənada fərqləməyə bacarsanız, mütləq namizəd olaraq yaddaşda qalacaq və bəlkə də həmin işi qazanacaqsınız.

1)   Müsahibəyə dəvət aldığınız şirkəti yaxşı araşdırın. Bunun üçün müxtəlif mənbələr vardır. Demək olar bütün şirkətlərin rəsmi veb-saytları var, həmin saytı taparaq, şirkətin dəyərləri, fəaliyyət sahəsi və digər məlumatları əldə etməyə çalışın. Bu rəsmi məlumatlar olacaqdır.

Hər bir şirkətin öz daxili korporativ etikası, “ruhu” vardır və bu barədə məlumatı daha yaxşı öz tanışlarınızdan və ya müxtəlif forumlar, sosial şəbəkələrdən əldə edə bilərsiniz. Bunlara güvənmək olarmı? Əlbəttə ki, tam yox. Ancaq ən azından şirkət barədə kənardan olan fikirləri əldə etmiş olacaqsınız.

2)   Şirkətin ünvanını öncədən müəyyənləşdirin, təxmin edin həmin ünvana çatmaq üçün nə qədər vaxt lazımdır, tıxac və ya yolda hər hansı digər səbəbdən ləngimə olma ehtimalını da nəzərə alın.

3)   Müraciət etdiyiniz vakansiyanın tələblərini və işin əsas öhdəliklərini bir daha incələyin. Müsahibə zamanı suallar əsasən həmin işin təsviri ətafında keçir, çünki hər bir vakansiyanın öz spesifik tələbləri vardır.

4)   Əmin olun ki, şəxsiyyət vəsiqəniz, qeyd dəftəri və qələm öncədən hazırdır.

5)   Geyim məsələsi çox həssas mövzudur. Hər kəsin fikri bu barədə fərqlənə bilər, kimsə daha rahat tərzdə geyinməyi sevir, kimsə əksinə, rəsmi geyimə üstünlük verir.

Bu barədə ümumi tövsiyəm belə olardı ki, çalışın müsahibəyə rəsmi bir geyimdə gedəsiniz və ya ən azından səliqəli xarici görünüşünüz olsun, çünki hətta şirkətdə rəsmi “dress-code” olmasa belə, xarici görünüş ilkin təəssürat üçün vacib amillərdən birisidir.

Geyiminizi, ayaqqabınızı, aksesuarları öncədən hazır edin ki, müsahibənin olacağı gün bunlara vaxt itirməyəsiniz.

6)   Əgər ünsiyyətlə bağlı hər hansı kompleksiniz varsa, evdə öncədən danışacağınız mətni təkrarlayın. Məsələn HR-ların əksəriyyəti “Özünüz barədə qısa məlumat verə bilərsinizmi?” sualını verir və əgər özünüz barədə əminsizliklə danışırsınızsa, bu növbəti mərhələyə keçməkdə müəyyən maneələr yarada bilər.

Jeyran Farazi

 

Bir cavab yazın

Back to top button