17 Aprel 15:25

İş axtaranlar üçün ümumi tövsiyələr

İş axtararkən düzgün mənbələrdən istifadə edin.

Bəzi şirkətlər var ki, elanlar saytında vakansiyalarını paylaşmır. Tövsiyə edərdim ki, hədəf şirkətiniz varsa, həmin şirkətin veb-saytına daxil olaraq, oradaki vakansiyalar siyahısına da nəzər yetirəsiniz.

İşə düzəltmə agentlikləri barədə ümumi olaraq onu demək istərdim ki, hal-hazırki dövrdə dələduzluq məqsədilə iş adı ilə insanları aldadan və aldadacaq şəxslər, saxta MMC-lər çox olacaqdır, yenə də tövsiyə edərdim həmin şirkəti araşdırasınız və şübhə doğuran şirkətə müraciət etməyəsiniz.

Vakansiya üçün maraciət qaydası

Müxtəlif şirkətlərdə vakansiya ilə bağlı müraciət qaydaları fərqlidir, ancaq hal-hazırda ən çox istifadə edilən 2 üsulu qeyd etmək istəyirəm:

1)   Şirkətin rəsmi veb-saytı vasitəsilə Onlayn Müraciət Formasının doldurulması

a)   Müddət

Onlayn Müraciət Formalarını doldurarkən tövsiyə edərdim ki, məlumatları maximum 30 dəqiqə arzində doldurasınız, çünki bir çox şirkətlərdə müəyyən vaxt limiti vardır və bəzən namizəd Onlayn Müraciət Formasının doldurulmasını uzun fasilələrlə edir, nəticədə vaxt məhdudiyyəti bitmiş olur və müraciəti nəzərə alınmır (hərdən namizədin özünün də xəbəri olmur bu barədə).

b)   Əlavə qeydlər

Onlayn Müraciət Formasında özünüz haqqınızda hansısa qeyd saxlamaq istəyirsinizsə, adətən şirkətlər ayrıca “Qeyd” (və ya buna bənzər digər) adlı bir bölmə saxlayır.

c)    Məlumatların doğruluğu

Özünüz haqqında məlumatları doldurarkən əmin olun ki, istər qrammatik, istərsə ardıcıllıq cəhətdən bütün tələb olunan xanalar düzgün doldurulmuşdur.

Daha sonra müsahibə zamanı özünüz haqqında verdiyiniz yanlış məlumatlara görə sizə qarşı güvənsizlik yarana bilər və nəticədə arzuladığınız işi əldə etmə şansını itirə bilərsiniz.

d)   Texniki xəta

Səhifəni doldurarkən hər hansı texniki xəta baş verirsə, bir daha doldurmağa cəhd edin, bir neçə cəhdiniz uğursuz olarsa, saytda texniki dəstək və ya hər hansı ümumi kontaktlar varsa, həmin ünvana yazın/zəng edin.

2)   Email ilə vakansiya üçün müraciət qaydası

a)    Əgər CV-nizi bir neçə şirkətə göndərmək qərarına gəlmisizinizsə, heç bir halda siyahınızda olan bütün korporativ email ünvanları To-da yazıb CV-nizi ünvanlamayın. Bu qeyri-peşəkarlıq və sadəcə hörmətsizlik əlamətidir.

Hər bir şirkətə ayrıca email ünvanlayın.

b)   Email-in mütləq mövzusu olmalıdır və əksər hallarda şirkətlər hər bir vakansiya üçün konkret bir mövzu ilə CV-lərin göndərilməsini xahiş edir. Məsələn, Çilingər vakansiyası üçün CV göndərirsinizsə, mövzu hissəsində “Çilingər” yazmağınız kifayətdir.

QEYD: Hərdən olur ki, mövzu hissəsində namizədlər tərcümeyi-hallarını yazırlar J Bunun üçün email-in “text” bölməsi vardır.

c)    Mövzunu yazdıqdan sonra email-in mətn hissəsini də boş saxlamayın.

Orada özünüz barədə və vakansiya üçün müraciətinizin səbəbi barədə 3-4 cümlə yazmaq olar.

Bu hissəni çox uzun yazmayın. İnanın ki, HR-ların yazdığınız hər bir sözü oxumağa zamanı olmayacaq, qısa və konkret olmağa çalışın.

d)   İmza bölməsi (“Signature”). Yazdığınız mətnin altında ad və soyadınızı qeyd etməyi unutmayın.

e)    Email ünvanın özü barədə…

Şirkətlərə müraciət etməzdən öncə öz cari email adresinizin necə olduğuna diqqət yetirin. Hərdən tələbəlik dövründə yaratdığımız qeyri-ciddi emaildən də şirkətlərə müraciət edirik, sonra isə deyirik ki, niyə bizimlə əlaqə saxlanılmadı.

Təsəvvür edin ki, sizə dünyagözə[email protected]…com və ya [email protected]…com ünvanından bir CV gəlib.

İş məqsədilə daha ciddi bir email ünvanın olması tövsiyə olunur.

CV tərtib olunma qaydası

Sizcə bir HR əməkdaşı CV-nin ilkin olaraq uyğun olub-olmaması üçün nə qədər vaxt sərf edir? 3-5 saniyə! Və inanın ki, bu kifayət edir ki, təcrübəli HR nümayəndəsi qərar versin ki, CV-yə baxmağa davam edəcək ya yox.

Bilirsiniz niyə?

Çünki CV-lərin əksəriyyəti düzgün tərtib edilmir. Ya qeyri-ciddi bir şəkil paylaşılır, ya çoxlu səhvlər buraxılır məlumatlarda, ya da ki digər səbəblər.

Aşağıda CV-nin tərtib olunması zamanı diqqət yetirilməsi gərəkən əsas məqamlardır:

1)   Çalışın CV-niz 2-3 səhifədən uzun olmasın. Qısa və konkret məlumatları əks etdirin.

2)   Əgər vakansiya elanı mətnində şəkil ilə bağlı bir qeyd yoxdursa, o zaman ümumiyyətcə şəkil paylaşmamağınızı tövsiyə edirəm. Nəticədə sizə xarici görünüşünüzə görə deyil, bacarıq və təcrübənizə görə dəyərləndirməlidirlər.

Yox, əgər yenə də öz şəklinizi yenə də əlavə etmək istəyirsinizsə, heç olmasa qeyri-ciddi, rəfiqənizlə qucaqlaşıb çəkdiyiniz və ya selfie-ləri CV-yə əlavə etməyin.

3)   CV-nin dizaynı, şriftlərə diqqət yetirin

4)   CV-ni tam tərtib etdikdən sonra bir yoxlayın, ad və soyadınızı yazdınızmı J

Təcrübəmdə adsız olan CV-lər az olmayıb, bəzi hallarda email ünvanındakı adı təxmin edərək müraciət etmişik namizədə, hərdən isə olub ki, məcbur namizədə zəng edib adını soruşmalı olmuşuq)

Bu arada, adını və bütün məlumatları yazan, ancaq əlaqə nömrəsini saxlamayan namizədlər də olur) Ancaq çox xüsusi hallarda HR əməkdaşı vaxtını sərf edib namizədin email ünvanına yazıb nömrəsini istəyəcək, digər hallarda isə CV-niz sadəcə diqqətsizliyiniz səbəbindən kənarda qalacaqdır.

5)   Eyni şirkətə həftəfə 7 dəfə CV ilə müraciət etməyi tövsiyə etmirəm.Periodik olaraq fərqli vakansiyalar üçün müraciət edə bilərsiniz, ancaq eyni namizədin CV-si hər gün mütamadi olaraq müraciətlərin arasında görünürsə, bu da namizəd haqqında pozitiv bir təəssürat yaratmır.

6)   CV-nin yaradılması üçün mənbələr çoxdur və mən də xüsusi birisini tövsiyə etməyəcəyəm. Öz zövqünüzə uyğun birisini seçin, ancaq ona diqqət yetirin ki, dost-tanışlarınızın CV-sindən şablon olaraq istifadə etdiyinizdə dostunuzun email ünvanı və ya ona aid digər məlumatları sizin CV-nizdə bütün şirkətlərə göndərilməsin.

CV hər bir namizəd barədə bir ilkin təəssürat formalaşdırır.

Bu ilkin təəssüratın düzgün formalaşması üçün bir az zaman və diqqətinizi ayırmağınız kifayət edər.

Ceyran Farazi

Bəyən və paylaş