2 Noyabr 09:25

İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı öz işinə başlamışdır

02 noyabr 2015-ci il tarixində Oman Sultanlığının paytaxtı Məskat şəhərində İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı öz işinə başlamışdır. Konfransda ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbirdə açılış nitqi ilə çıxış edən ev sahibi ölkənin İrs və Mədəniyyət naziri Səyyid Haytam bin Tariq Əl Səid qonaqları salamlamış və Oman Sultanı adından bildirmişdir ki, İslam ölkələrini təmsil edən mədəniyyət nazirlərini qəbul etməkdən və bu tədbirə təşkilati dəstək göstərməkdən olduqca məmnunuq.

Daha sonra çıxış edən İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri bu Konfransda iştirak edən 40 ölkənin mədəniyyət nazirləri və nümayəndə heyətlərinə öz təşəkkürünü bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, İslam mədəniyyətinin inkişafı üçün məqsədyönlü siyasətin aparılması gündəmdədir və bunun üçün də İslam ölkələri arasında əlaqələrin daha da möhkəmləndirilməsində mədəniyyət mühüm rol oynayır.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Əmin Mədəni çıxış edərək İslam ölkələri ilə sıx əməkdaşlıq edən beynəlxalq təşkiiatların birləşərək terror hadisələri nəticəsində dağıdılan İslam irs və mədəniyyətinin nümunələrinin qorunmasında daha da böyük güc sərf etmələrinin vacibliyini vurğulamışdır. O, son zamanlar dünyada gedən islamafobiyadan və terror nəticəsində Avropaya axın edən qaçqınlara göstərilən münasibətdən narahatlığını ifadə etmişdir.

Məlumat üçün bildiririk ki, yaxın saatlarda Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı gözlənilir.

İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı 04 noyabr 2015-ci il tarixinədək davam edəcəkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)