“İstedadlarımızı tanıyaq” sərgisi təşkil edildi

“İstedadlarımızı tanıyaq” sərgisinin təşkili fərdi layihəsi bu ilin iyul ayının sonundan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilməyə başlayıb. Fərdi layihənin müəllifi Emin Pənəhovdur.

Layihənin məqsədi sosial problemli, aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan, yaxud da, müxtəlif səbəblərdən təhsildən kənarda qalan yeniyetmə və gənclər arasında həyat bacarıqlarının inkişaf etdirilməsi yolu ilə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdi. Layihənin vəzifələri qeyd edilən qruplar arasında həyat bacarıqları barədə geniş məlumatların yayılması, onlar arasında istedadlıların seçilməsi, bu cür şəxslərin bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş təlimlərin və kursların təşkili, sonra həmin təlimlər və kurslarda hazırlanan əl işlərindən ibarət sərginin keçirilməsidir. Layihədən Bakıda olan sosial problemli, aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan yeniyetmə və gənclər faydalanacaqlar.

Ötən ay ümumi sayı 20 nəfər yeniyetmə və gənclərdən ibarət qrup formalaşmış və onlara seçim zamanı iştirakçıların layihəyə olan maraqları, ümumi görüş və ilkin söhbətlərdə əldə edilən nəticələrə görə çıxarılan qərara əsaslanılanmışdır. Keçirilən təlimlərdə yeniyetmə və gənclərə müxtəlif əl işlərinin hazırlanma metodları nəzəri formada öyrədildi.

Kurslar zamanı hazırlanmış əl işlərindən ibarət “İstedadlarımızı tanıyaq” sərgisi təşkil edildi. Sərgidə layihənin müəllifi onun məqsədi, vəzifəsi, layihə üzrə keçirilən fəaliyyətlər haqqında qonaqlara prezentasiya təqdim etdi, sərgiyə təqdim edilən eksponatlar haqqında məlumat verdi. Tədbirə dəvət edilən müxtəlif qonaqlar oradakı işlər ilə tanış oldular, onların müəlliflərinə gələcək fəaliyyətlərinə dəstək olmağa yardım edəcəklərini bildirdilər.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə 2016-cı ilin oktyabr ayında yekunlaşır.

Bir cavab yazın

Back to top button