Kim daha gözəl intihar edər?

Kim deyib ki intihar zəiflərin baş vurduğu son çıxış yoludur? Hər şeydən qaçmaq… Hər şeydən qorxmaq…. Çətinliklərlə üzləşməkdən qorxaraq özünü öldürmək qorxaqlıqdır? Məncə bunu kimsə özündən uydurub. Nə vaxtsa özü də intihar etmək istəyib, amma, bacara bilməyib və özü-özünə təskinlik verib ki, intihar zəiflər üçündür. Üstünə üstlük,  heç bir din də intiharı qəbul etmir! Çünki, intihar dönüşü olmayan bir günahdır. Və son anda belə intihar etməmək, intiharın günah sayılması “Allahın verdiyi canı yalnız Allah ala bilər” deməyin bir yoludur.  Hər, halda, bəlkə də mükafatı cənnət ola biləcək intiharlar da var. Məsələn, mən bu gün bunu fikirləşdim. Yox, əslində, bu gün intihar etməmək özü bir günah olardı. Tam depressiyalıq bir hava… Heç kefim və işim yox…. Həyatda tutuna biləcək biri də yanımda qalmadığına görə həyat özü də maraqsızlaşıb… Eyni televizorda eyni televiziyalar eyni proqramlarla başımın ətini yeyir və s, və i.a. Və sonda bekarçılıqdan öz sevimli təknəfərlik kreslomdan durub pəncərəyə yaxınlaşdım. Bəlkə elə buradan tullanım aşağı? Sonra birdən yadıma düşdü ki, mən axmaq birinci mərtəbədə yaşayıram. Buradan yerə çini  bir boşqab da tullasan qırılmama ehtimalı var. Həm üstəgəl, bu pəncərədən tulanmaq intihar anlayışıma bir zərbə və böyük bir hörmətsizlik olardı. Axı kim bu səfeh pəncərədən özünü atmaq istəyər ki? Heç kim. Həəə, heç kim. Ona görə də pəncərədən sadəcə havanın necə olduğuna baxmaqla kifayətləndim. Çöldə yupyumşaq qar yağırdı. Hər yer ağappaq idi. Payızın palçığından qaçan şəhər yumşaq qar dənəciklərinə qucaq açmışdı və sevinirdi. Qar çox gözəl idi. Və bir azdan daha bir maraqlı hadisə baş verdi. Hava birdən qaraldı. İstər istəməz yuxarı baxmalı oldum. Yoooox… Hava qarala bilməzdi. Axı elə beş dəqiqə əvvəl saat 3-ə qalırdı. Nə qədər qaldığına da baxmadım. Onu bildim ki, böyük əqrəb 6-dan sağda deyildi. yəni, 3-ə işləmirdi. Həəə, nəysə, qeyri ixtiyari əlimi cibimə atıb sevimli telefonumu çıxardım. Sən demə bayaqdan düz yarım saaatdır ki, pəncərənin qabağında durubmuşam. İşə bax aaa… Bulud bir az özünü göstərəndən sonra qar dənəciklərinin üstünə yağış yağmağa başladı. Heyrətamiz mənzərədir. İntihar etmək üçün daha bir səbəb. Eyni səmanın iki oğlu olan yağış və qar bir-birini öldürürdü. Sən niyə də ölməyəsən? Şiddətli müharibə gedirdi. Hər dəqiqə, hər saniyə qurbanlar artırdı. Gah qar iri yağış dənələrinin gücünə tab gətirməyib, çevrilib su olurdu, gah da hansısa xırda yağış dənəsi böyük bir qar dənəciyi ilə toqquşub onun bir hissəsinə çevrilirdi. Çox maraqlı idi. Bu mənzərəni qaçırmaq olmazdı. Təcili asılqandakı paltoma tərəf addımlamaq istədim, sonra, bu fikrimdən daşındım. İntihar etməyə gedəndə soyuqdan donub ölməkdənmi qorxacaqdım? Nə qədər gülüncdür. Elə deyilmi? İntihar edəcəkdimsə, bu havaya xas bir paltar geyməliydim. Belə gözəl ahəngdarlığı pozmaq günah olardı. Təsəvvür edin… Hər yer  ağappaq, hər tərəfdən ağappaq qarlar yağır, üstəgəl yağış damlaları. Və sən qara bir paltoyla binanın başında durub bütün bu bəyazlıqlar içinə yavaş-yavaş ağarırsan. Nəsə maraqsız oldu. Ona görə ərinməyib, yayda geyindiyim paltarlarımı evin tən ortasına tökdüm. Evi bir daha yığışdırmayacağını bilməkdən gözəl bir hiss yoxdur, sizi əmin edirəm. Hər şeyi hara gəldi tökürsən və rədd olub gedirsən özünü öldürməyə… Əladır! Nəysə, başınızı çox ağrıtmayım deyəcəm, amma, neyləmək olar, xırda təfərrüatlar hər şeydən vacibdir. Bunu çox sevimli Sir Arthur Conan Doyle yaratdığı Şerlok Holmsun adından deyib. Bu yazıçının adını yazanda ərinib-ərinmədiyim sizi maraqlandırdımı? Maraqlandırsaydı çox yaxşı olardı. əslində bekarçılıqdan adını bütöv şəkildə yazım. Ölüb gedəndə də birilərinə bir şeylər öyrətmək istədim. Əgər bilmirdinizsə təbii ki…Bilmirsinizsə, yaxşı, öyrəndiniz, bilirdinizsə, lap yaxşı. Heç bir paradoks alınmadığına görə təəssüfləndim. Halbuki ortalığa nəsə təzə bir fəlsəfi fikir gətirməyə çalışmışdım. Eybi yox. Onsuz da ölməyə gedirəm. Və əgər imkan tapsam, söz verirəm, o tərəfdən sizə məktub yazıb Tanrının necə göründüyü barədə xəbərçilik edəcəm. Əlbəttə ki, əgər icazə versələr … Budur, axır ki, paltarlarımı yerə dağıdıb içindən axtardıqlarımı tapdım. Ağappaq bir şalvar. Heç bilmirəm, bunu kim yuyub atıb bura. Nəysə, Allah canını sağ eləsin. Romantikamıza bir qatqısı oldu. İndi qaldı köynək. Görəsən qısa qollu köynək geyinsəm necə olar? Məncə tam uyğundur. Qolsuz bir t-shirt geyinəcəm. Məndə beləsindən iki dənə olmalı idi. İcazə verin axtarım. Filmlərdə-filan müqəddəsləri həmişə bəyaz və qısaqol köynəklərdə təsvir edirlər. Baxın, heç biriniz tutmadınız, amma, özümə “müqəddəs” dedim. Heheh… Eybi yox, gələn dəfə bir az diqqətli olarsınız. Həəə, harda qalmışdıq… Köynək… Görəsən ütüləyim yoxsa, yox? Məncə ağını çıxarmasaq yaxşıdır. Onsuz da  hər şeyi eyni rəngdə seçmişəm. Amma, hər halda, bu da bir xırdalıqdır. Və bunun üzərindən elə-belə keçmək düz olmazdı. Köynəyi bacardığım kimi ütüləyirəm. əslində bu asan işdir. Komediya filmlərində həmişə bacarıqsız baş qəhrəmanlar köynəklərini ütünün altında yaddan çıxarıb yandırırlar. Baxın, ibrət götürün! Bircə dənə də qırış saxlamamışam. Afərin mənə… İndi tam hazıram. Hər şeyi geyindim. Ayaqqabılar isə, mənlik deyil. Ayaqyalın çıxmaq daha gözəl olardı. Mənzilin açarını götürüb qapımı bağladım, amma, açarı qapının üzərində saxladım. Birdən yenə nəsə yadımdan çıxar deyə, açarı blokun pəncərəsindən çölə vızıldatmadım…

Ahhh… Kaş ki məni burada görəydiniz. Səmadan eyni zamanda yağan qarla yağışın altında durub gülümsəyirəm. Həyatımda bundan daha gözəl bir gün yaşamamışam. İşə bax ki, bu elə mənim son günümə təsadüf edir. Bəlkə özümü öldürməyinm? Bəlkə bir az da yaşayım? Yox əşi, sizə söz vermişəmsə tullanacam narahat olmayın. İndi bu dəqiqə oxuduqlarınızı əlimdə götürdüyüm ağ korpuslu planşetimə yazıram. Müasir dövrün icadlarından istifadə etmək lazımdır. Bu zibil də mənə bircə bu anda köməyə gəlir. İşlətdiyim 3 ay müddətində nə hansısa bir qonşumun wi-fi şifrəsini aça biləcək bir proqramı olmadı, nə də içində hansısa bir dəyərli kitab olmadı ki, rahat oxuya bilim. Amma, hər halda, yaxşı və sürətli yazı yazmaq olur. Görəsən içinə su keçsə, tez xarab olar? Çünki yazdığım bu bir yığın zir-zibilin kimlərinsə tərəfindən oxunmasını istərdim. Amma, hər şey cəhənnəm, onu elə burada, binanın damındaca buraxıb tullanacam aşağı. Uşaq vaxtı həmişə bunu arzulamışdım. İntiharı yox haa! Birdən məni mazoxist, psixopat kimi tanıyıb  gələcəkdə də elə xatırlayarsınız. Əsla! Mən belə  paltarlarla ya yağışın, ya da qarın altında rəqs etmək, rəqs etmək olmasa da ən azından eləcə mal kimi durub başımı yuxarı qaldırmaq istəyirdim. İndi isə bunu edə bilirəm. Valideynlərinin yanında olmamasının əsas üstünlüyü də elə budur. Arada bir belə dəliliklər eləmək olur. Başınızı çox ağrıtmayacam, budur bu həmin damın kənarı. Hava dəhşət soyuq imiş. Ayaqlarım artıq sözümə baxmır. Barmaqlarımın ucu donub. Sanki kimsə başqa bir adamın ayaqlarını daşıyıram. Amma, bu gözəlliyə görə həqiqətən buna dəyər. Şəhər pəncərədən göründüyündən daha təmiz və gözəl görünür. Və tam fikirləşdiyim kimi, heç kim məni bu bəyazlığın içində, bu hündürlükdə sezmir. Çünki həm qar yağanda, həm də yağış səpələnəndə adamlar başlarını aşağı salıb tez-tez yüyürürlər. Arada bir başınızı qaldırıb baxın da! Bəlkə biri ölür burda! Yox, baxmırlar… Cəhənnəmə ki. Baxmırsınız, heç baxmayın. Özüm, öz başıma tullanacam. Siz də sağ olun. Bayaqdan yazdıqlarımı oxuyursuz. Sizə də dərin-dərin təşəkkürlərimi bildirirəm… Heyif ki aşağı düşdüyüm anlarda nələr keçirdiyimi yaza bilməyəcəm. Amma, söz verirəm, əgər imkan tapsam həmin məktubda bunu da yazacam. Salamat qalın J

Salam. Nəsə mənasız oldu elə bil. Haradan başlayacağımı bilmədim. Mən əvvəlki adam deyiləm. Yəni, yuxarıda yazılan yazıları yazan adam artıq aşağı tullanıb. Qərara gəldim ki, onun yaza bilmədiyi son saniyələri haqda yazmaq istərdim. Amma, əvvəlcə bura necə gəlib çıxdığımı kiçik bir xülasə ilə anlatmaq istərdim.  Yuxarıdakıların hamısını oxuyub qərara gəldim ki, mən indi aşağı tullanan bu oğlandan daha yaxşı intihar edə bilərəm. Yox, mən də dəli deyiləm. Sadəcə bu oğlanla eyni hisləri keçirirdim, amma, onun kimi gözəl təsvir edə bilməzdim. O isə çox dolğun təsvir edib məni bir az da ürəkləndirdi. Kaş ki onu  son anında canlı görəydiniz. Aaaa, üzr istəyirəm, bura necə gəlib çıxdığımı yenə sizə demədim. Əslində Orxan səhv etmişdi. Ona heç kimin baxmadığını zənn edirdi. Amma, mən onu gördüm. O isə məni görmədi. Çünki elə mən də onun kimi ağappaq paltarlar geyinmişəm. Ağ şuba, ağ papaq. Hamısı da təmiz, xalis dəri. Mən də həmahəngliyi sevirəm. Ona görə bu gün belə geyinmişdim. Blokumuzun ağzına girəndə başımı qaldırıb yuxarı baxdım. Qar qarışıq yağış damcıları gözümü az qala çıxarmasına baxmayaraq onu görə bildim. Sanki göylərdən enmiş bir mələk görürdüm. Sarı-qızılı saçları çiynindən azca yuxarı idi. Bəmbəyaz paltarlarda qarın içində yavaş-yavaş yoxa çıxırdı. Heyrətamiz bir mənzərəni qaçırırdım. Onu daha yaxından görməyə çalışdım. Əslində onu tanıyırdım. İki dəfə blokumuzda rastlaşmışdıq. Çox şən və optimist birinə bənzəyirdi. Amma, zövqünün də olduqca gözəl olduğunu  boynuma alıram. İlk dəfə onu qəşəng bir qızla görmüşdüm. Gülüşə-gülüşə onun mənzilinə girirdilər. İkinci dəfə artıq qız dəyişilmişdi. Onun adını da elə həmin ikinci qızın ağzından eşitmişdim. Adına uyğun gələn gülüşü və siması var idi. Qıvrım saçları sarışın simasına yaraşırdı. Məndən  yaşca kiçik olmasaydı onu özümə cəlb etmək haqqında fikirləşə bilərdim. Amma, təəssüf, mənim artıq 23 yaşım var. Və o daha az yaşlı görünürdü. Hər nəysə, qayıdım bura necə gəlib çıxdığıma. Tez-tez addımlarla lap yuxarı mərtəbəyə qalxdım. Heç vaxt bura qədər çıxmamışdım. Mən ikinci mərtəbədə yaşayıram. 5-ci mərtəbəyə qədər niyə çıxdığımı heç özüm də bilmirəm. Amma, hər halda, bura qədər gəlmişdim. Binanın damına çıxan qapını açdım. Xoşbəxtlikdən qapı çox cırıldamadı. Mənim dama çıxdığımı eşitmədi. Özü üçün binanın lap kənarında durub nəsə yazırdı. Fikirləşdim ki yəqin ya yazıçıdır. Ya da nəsə blogger-filan. Getdikcə daha da yaxınlaşdım. Bir anlıq duruxub başını yuxarı qaldırdı. Qar dənəciklərini üşümüş sifətində bir qədər də əzizlədikdən sonra dodaqlarınıın kənarında kiçik bir gülümsəmə yarandı. Planşetini qarlı döşəməyə tullayıb hər iki əlini yana açdı. Və qorxduğum o hərəkəti etdi-aşağı tullandı. Arxasınca aşağı baxdım. Soyuq, güclü külək qızılı saçlarını dalğalandırırdı. Sarışın simasında sanki ikinci bir günəş doğmuşdu. Hələ də əlləri yana açılmışdı. Və deyəsən qorxub eləmirdi. Onu gördüyüm son ana kim gözlərini yummadı. Məni gördüyündən də əmin deyiləm. Uzun illər həsrətində olduğu bir görüşə tələsmədən uçurdu. Və birdən, üzündəki o möhtəşəm gülüşlə birgə qarın içində yoxa çıxdı. Bəyazlığın içində tamam görünməz oldu. Aşağıdan yüngül bir tappıltı səsi gəldi. 5-mərtəbəli binanın 6-cı mərtəbəsindən yerə tullanıb intihar etdi. Bir müddət şokda qaldım. Heç yerə tərpənə bilmədim. Sonra birdən anladım! Bu günün ən gözəl və heyrətamiz, eyni zamanda olduqca cansıxıcı olduğunu bu binanın başında durub açıq səmaya baxarkən anladım. Tanrının nəfəsini içimə çəkərkən anladım.  Şəhər gözəlləşmişdi. Bakı gözəlləşir və eyni zamanda daha da çirkinləşirdi. Bakının palçığını Tanrı qarla örtməyə qərar vermişdi. Bəyazlıqların içində əriyib gedən Oxanı yadıma saldım, amma, heç bir təəssüf hissi keçirmirdim. O mənim heç kimim deyildi. Adi bir oğlan idi. Hansı ki, mənimlə demək olar ki eyni düşünürdü. Və birdən bütün dünyada olan intiharların ən gözəlini mənə göstərən insanı bir an öncə yenidən görmək istədim. Bircə saniyə əvvəl o mənimçün heç nə idi. Amma, birdən, nəsə oldu. Ona olduğu kimi mənə də oldu. Niyə də olmasın? Əgər o Tanrını görüb Onun haqqında məktub yazacaqdısa bunu niyə görə mən də etməyim? Niyə görə onun arxasınca cənnətin tozlu qapılarına qədər gedib onun o gözəl gülüşünü yenidən görməyim? Cənnətlə mükafatlandırıla biləcək bir intihar etmişdi Orxan. Amma, mən daha gözəlini edə bilərdim. Və cənnətdə keçirdiyim hər saniyə üçün Orxana dua edəcəkdim. Məni bu qədər tez və rahat bir şəkildə həm Tanrıya, həm də cənnətə qovuşdurduğuna görə. Orxanın planşetini əlimə götürüb mənzilimə qayıtdım. Buranı həqiqətən sevirdim, amma, yoldaşım öldükdən sonra bu mənzil də artıq mənimçün həddindən artıq narahat bir məkana çevrilmişdi. Binamızdan 2 blok aralıda gecə yarısı gəzintidən gələrkən bir qrup başıboş cavan onu bıçaqlayıb öldürmüşdülər. Özü də bilirsiniz nəyin üstündə? 20 manat pula görə. Sizin başınızı öz problemlərimlə, acı xatirələrimlə ağrıtmasam yaxşıdır. Amma, buradan tezliklə qurtulacağıma görə olduqca sevincliydim. Ən sevdiyim intiharı seçmişim. Hissə-hissə əriyib yoxa çıxacaqdım. Barmaq uclarımdan ürəyimin ən dərin nöqtələrinə qədər olan bütün hüceyrələrin yoxa çıxdığını hiss edərək öləcəkdim- damarlarımı kəsəcəkdim. Ağrılı olacaqdı, ya yox, bu haqda düşünmürdüm. Bildiyim bir şey var idisə, o da ən gözəl intiharı mənim etməli olduğum idi. Əvvəlcə nə geyinəcəyimi düşündüm. Orxan ilk öncə bunu düşünmüşdü. Ən gözəl paltarıma nəzər saldım. Heç biri bu əbədi sürəcək yuxumu anlatmağa yaraşmırdı. Halbuki Orxan hər şeyi gözəl seçmişdi. Və birdən içimdən gələn bir səs eşitdim: Tanrının sənə verdiyi cildlə Onun dərgahına qovuş!

Əlbəttə ki! Bunu bayaqdan niyə fikirləşmirdim? Bir neçə saniyə öz-özümə deyindikdən sonra axır ki fikrimi reallaşdırdım. Anadangəlmə çılpaq bədənimə baxır və  bundan ilk dəfə idi ki, zərrə qədər utanmırdım. Axı Onun yaratdığı hər şey mükəmməldir! Hər gün aldığım skarletlərin qıpqırmızı ləçəklərini vannada doldurduğum ilıq-isti suyun üzərinə yığdım. Əlimdə qalanlarını isə hamamın döşəməsinə səliqə ilə səpələdim. Sevimli şamlarımı-bunlar keçən ay təkbaşına  keçirdiyim ad günümdən qalmışdı-hamamın döşəməsinə yapışdırdım. Qalın, qırmızı-bəyaz şamlar… Çox romantik kiçik şamlar… Hər şey mükəmməl idi. Ən gözəl görünüşümlə ilıq suya girdim. Bu ülgüclərlə barmaqlarımı kəsəcəyimdən qorxurdum. Çünki, bamaqlarım kəsilsəydi, lazım olan yerlərdən başqa da yaralarım olacaqdı. Bunu isə istəmirdim. Ehtiyyatla ülgücü biləklərimə yaxınlaşdırdım. Bu arada biləklərimi kəsdiyim zaman olanların hamısını planşetin kamerası ilə çəkirdim. Orxan bunu düşünməmişdi. Əslində, əvvəlcə hansı biləyimi kəsəcəyimi bilmədim. Birdən ikiyə intihar eləməmişdim ki… Sonra oturub fikirləşdim və qərara gəldim ki, ilk öncə sağ biləyimi kəsim. Çünki, sağ əlim soldan daha güclüdür. Və sağ biləyimi kəsdiyim zaman əlim boşalıb gücdən düşsə də, sol biləyimi kəsməyə yetəcək qədər enerjisi qalacağından əmin idim. Ülgüc buz kimi soyuq idi. “Salam  Allah”ın mülayim sədaları məni bir qədər də ruhlandırdı. Bu track mən öləndən sonra da baş ucumda səslənəcəkdi…. Ta ki… Kimsə gəlib məni  vannamda ölmüş halda tapana qədər. İsti vannada, şamların və güllərin əhatəsində, incə notların qaranlıq zümzüməsi altında yarıqaranlıq hamam otağımda ölmək üçün bəhanələr axtarırdım. Sonra birdən “hər şey cəhənnəm olsun” dedim. Əvvəl elə bildim ki ülgüc kütdür. Sonra başa düşdüm ki, ülgücü biləklərimə kifayət qədər güclə sıxmıram. Yəqin hələ də bir az qorxu, ya da şübhə var. Yoox, cəsarətli olmaq lazımdır. Orxan necə gülürdüsə, mən də o qədər rahat köçməliydim bu dünyadan. İki cəhdlə sağ biləyimi qəşəngcə kəsdim. Cəld sola keçdim. Bu sağdan daha bərk ağrıtdı. Hərçənd belə olacağını bilirdim… Qolumdakı son gücümlə həssas sensorla bu son sözlərimi yazıram. Artıq bədənimə soyuq girib. Su kifayət qədər isti olsa da mənə soyuqdur. Amma, başım dumanlıdır. Sanki dünyadakı ilk şərabı elə Dionisin öz şəxsi çəlləyindən içmişəm. Lap Orxan kimi danışdım… Bir neçə dəqiqə qalıb. Artıq barmaqlarımı hiss etmirəm, gərək bağışlayasınız. Son bir şəklimi də çəkib öləcəm. Özünüzə yaxşı baxın. Məktubu yazmağa Orxana kömək edəcəm. Bye-bye J

Aman Allah!!! Belə bir gözəlliyi görmədən mənim canımı almadığın üçün sənə minnətdaram. Ahh… Kaş ki bu intihar Tanrıçasını görəydiniz. Biləklərindən axan ilıq qan ağappaq vannanın kənarı ilə sürüşüb yerdəki ən böyük şamın üstünə tökülmüşdü. Hər yer qıpqırmızı gül ləçəkləri ilə doludur. Əvvəlcə elə bildim ki bunlar qızılgüldür, sonra bunun tamam başqa bir şey olduğunu gördüm. Dünyada nəsli kəsilməkdə olan bir gül… Tanrıça hər şeyi düşünmüşdü.

Bağışlayın, həyəcandan özümü təqdim etmədim. Mən Laləyəm. Tanrıçanın qapıbir qonşusu. Onu ilk dəfə bu qədər gözəl görürəm. Ölümün bu qədər gözəl ola biləcəyini bilsəydim çoxdan ölərdim. Dərsdən evə qayıdanda qonşumun qapısının azca aralı olduğunu gördüm. Nə qədər çağırsam da hay verən olmadı. Narahatlanıb içəri girdim. Hamam otağından istilik və yüngül akustik hip-hop sədaları gəlirdi, amma, işığı yanmırdı.  Qapısı da açıq idi. Və sonra… Bu mənzərəni gördüm…

Qandallarını çıxararkən qollarını kəsən bir dəlisov, azadlıqsevər Tanrıçanın qarşısında diz çökmüş, ağlayırdım. Tanrı, bu qədər gözəl bir mənzərəni niyə məhz son anda ortaya çıxarırsan? Ehhh. Onsuz da Səni heç vaxt başa düşə bilməmişəm. Qanlı əllərindən öpərkən gözyaşlarım onun qanına qarışırdı. Planşetdəki Orxanın başlayıb Nihalın bitirdiyi məktubu sona qədər hərfbəhərf canıma çəkdim. Nihalın son şəkillərinə, ölüm anında necə gülməyinə. Damarını kəsəndə qaşlarını necə çatmasına baxdım. Tracki söndürmək istədim, amma, əlim gəlmədi. Və sonra cansız, çılpaq bədəninə bir daha nəzər saldım… O azad idi. Tanrılar qədər, mələklər qədər… Öz günahından həzz alan günahkarlar qədər. Mənsə hələ 3 il əvvəl etməli olduğum bu mənzərəyə heyranlıqla baxır, boğula-boğula ağlayırdım. Görəsən ölməmişdən əvvəl tövbə etmişdimi? Məgər vacibdirmi? Belə bir gözəllik heç bir şəkk-şübhəsiz cənnətdən pay alacaq. Tanrı onu Şəxsən qarşılayıb bağrına basacaq. Buna qəlbən inanıram. Tanrı, nə olar, onu əfv et! Günahlardan təmizlə. Bu  gözəlliyin acı çəkməsinə könlüm razı olmaz. Onun niyə intihar etdiyini də çox yaxşı bilirdim. Mənə məktub qoymuş iki dəyərli insanın səbəbini anlamağa çalışırdım. Amma, tam anlamadan da onların ardınca gedəcəyimi bilirdim. Amma, onlara layiq bir intiharla getməliydim. Qarların içində əriyən bəyaz mələyə, öz qanından bir neçə qurtum içməyə imkan tapmağı bacaran “İntihar Tanrıçama” yaraşacaq bir intihar etməliydim. Onun son fotoşəkillərinə baxdıqca bir az daha kövrəlib bir az daha ürəklənirdim. Qapını eləcə açıq buraxıb öz mənzilimizə qaçdım. Xoşbəxtlikdən atamgil evdə deyildi. Amma, saat hardasa 6 idi. Uzağı bir saata gəlib çıxacaqdılar. Tez tərpənmək lazım idi. yaxındakı marketə düşüb ip almaq istədim. Amma, satmaqdıqlarını deyəndə  bir qədər də kədərləndim. Gözlərimin yaşları qurumamışdı. Makyajım azca gözümün qıraqlarına axmışdı. Deyirlər belədə qızlar daha cəlbedici görünürlər. Amma, heç nə vecimə deyildi. Hər saniyə məni onlardan uzaqlaşdırırdı. Orxan və Nihaldan… Nihal… Necə də gözəl idi o İlahi! İlk qadın idi ki bu qədər gözəl olduğu halda məndə paxıllıq hisləri yaratmamışdı. İlk qadın idi ki, ölü gözəlliyi ilə məni göylərdə mələklərin ola biləcəyinə inandırmışdı. Evimizdə nə qədər pulum var idisə hamısını götürmüşdüm. Əvvəlcə qara bir don aldım. Dizimdən azca yuxarı idi. Qolları tamam yox idi, çiyinlərində nazik, hörük formasında iplər vardı. Və ümumiyyətlə, olduqca sadə paltar idi. 122 manatımın 80 manatı buna getdi. Hərçənd ki, pul haqqında düşünmürəm. Paltarı heç geyinmədim. Ən kiçik ölçüsünü alıb evə tələsdim. Əynimə olacağından əmin idim. Yaraşacağını da bilirdim. Çünki, bu dünyada iki rəng var. Hansı ki, hamıya yaraşır- ağ və qara. Tanrı bu iki rəngi bizə hədiyyə verib və digər rəngləri onların içində gizlədib. Ən vacib rəng isə qaradır. Hətta, ağ rəng özü də qaranın bir növ yansımasıdır. Aman Allah! Bir dəqiqə…

Məncə bunu ip əvəzi istifadə etmək olar. Qara ipək parça. Əlimdəki pulun 20 manatını satıcıya verib parçanı istədiyim formada kəsdirdim. Bu ipəyin 5 metr uzunluğu, 30 sm qalınlığı var idi. məncə enini 3 dəfə qatlasam yaxşı ip alınar. Uzunluğu da kifayət qədərdir. Vaxtım azalır. Tələsməliyəm. Həm bura yazıb həm intihara hazırlaşmaq çətin məsələdir. Amma, Tanrıçamın şəkilləri ümidimi artırır. Gücümü çoxaldır. Bu ipək parça isə sanki taleyin hədiyyəsi idi. Düz binamızın yaxınlığındaymış, heç vaxt başımı qaldırıb baxmamışdım. Daim başıaşağı bir şeylər dinləyə-dinləyə harasa tələsmişəm. Gör bir ömrüm necə keçib… Dəhşət!

Evimizdəki çilçırağın bir işə yaramadığını, sadəcə artıq xərc olduğunu düşünürdüm, amma, bax ki, bu anda köməyimə çatdı. Bütün evin işıqlarını söndürdüm. İpək dar ağacımı hazırladım. Makyajımı da təzələmişəm. Gözlərimin dərinliyindəki yaşıl rəngi vurğulamaq üçün gözaltlarıma yüngül tonlu yaşıl rəng çəkməli oldum. Hər şey ideal olmalıydı. Çünki, boğulandan sonra yanağımda olan-qalan qan sovrulub gedəndə bəmbəyaz görünmək istəmirdim. Onda adi intihar edənlərdən heç nə ilə fərqlənməzdim. Otaqda piano, ayağımın altındaysa onun fırlanan başlıqlı taburetkası və ipək dar ağacımın özəyi olan çilçıraqdan başqa heç nə  saxlamamışam. Hətta, xalçanı da çətinliklə də olsa o biri otağa tullaya bildim. Sonra özləri hər şeyi yerbəyer edərlər. Mənə nə? Mən özümçün ölürəm. Son sözlərimi Orxanın başladığı məktubun ardına yazdım. Ümid edirəm inciməzsiniz. Hal-hazırda taburetkanın üstündəyəm. Qara paltarım, boğazımda ipək ip, ayağımın altında qara taburetka və tozlu döşəmə. Həmişə evi təmizləyəndə təkcə xalçanı tozsoranlayırdıq. Heç bura baxmırmışıq. Nə isə, mən artıq ölüm, gecikirəm. Sizsə, davam edin. Vaxtınızın gəldiyinə əmin olmayana qədər davam edin. Həyatın da öz gözəl tərəfləri var. Yəqin ki var, ən azından mən heç birini görməmişəm. Mən sadəcə ölümün nə qədər gözəl olduğunu bilirəm…

Özünüzə yaxşı baxın.

Sizin Lalə…

 

Gülməli idi… “Bədbəxt intiharçılar”…   Bütün xəstəxana bu hadisəyə gülürdülər. 3 gözəl şəxs ən möhtəşəm şəkildə intihar “etmişdilər”. Amma,  bədbəxtlikdənmi, yoxsa, xoşbəxtlikdənmi, heç biri ölməmişdi. Orxanın tullandığı yer binanın oyun meydançasına təsadüf eləmişdi. Burada olan azca donmuş qum təpəciyinin üstünə düşmüşdü. Qar həddindən artıq çox olduğundan ona heç nə olmamışdı. Üstəlik, güclü sağ tərəfi üstə düşdüyündən demək olar ki, bədənində ciddi zədə yox idi. Sinəsinin aşağı hissəsindəki qabırğalardan ikisində çat var idi. Və çiynindəki oynaqda bir qədər problem vardı. Yaxınlıqda gəzişən balaca bir uşaq onun göydən tappıltı ilə düşdüyünü görüb yaxınlıqdakı valideynlərini çağırmışdı. Ailəlikcə qartopu oynayırmışlar. İndi də Orxanın başının üstündə durub maraqla ona baxırdı. Sarışın balacanın üzündəki çillər onu çox qəşəng birinə çevrirdi. O sanki Orxanın junior variantı idi. Eyni qızılı, azca qıvrım saçlar, eyni sima. Hətta, burunları da azca bir-birinə bənzəyirdi. Orxan gözünü açıb onu görəndə ikisi də bir-birilərinə diqqətlə baxmağa başladılar. Orxan artıq axirət sorğusunda olduğunu düşünürdü. Düşündükcə təəssüflənirdi. “Gərək heç olmasa yerə düşməmiş tövbə edərdim”-deyə düşünürdü. Düşündükcə özü-özünə gülümsünürdü. Və fikirləşirdi ki, bu balaca elə o özüdür. Və indi həmin yaşda olan zaman etdiyi bütün bəd əməllərini bir-bir üzünə vuracaq. Amma, uşaq dayanmadan xırdaca, qəhvəyi gözlərini qırpır, heç nə danışmırdı. Arabir gülümsəyir, xırdaca, bəmbəyaz süd dişlərini ona göstərirdi. Qabaqdakı bir dişi yox idi. yerində dalğavari diş çuxuru görünürdü. Orxan da bu məzəli mənzərəyə daha artıq ciddi baxa bilməyib uşağa gülümsədi. Öz uşaqlığının simasına gülümsəyir, onunla salamlaşırdı. Uşağın cupbulu əlini üç barmağı ilə yüngülcə sıxırdı.

Nihal hələ yatırdı. Onu üçüncü mərtəbədəki qonşu xilas etmişdi. Lalənin otağa girdiyi kimi girib dəhşətli və eyni zamanda heyrətamiz mənzərə ilə qarşılaşmışdı. Bu gözəllik qarşısında bir neçə dəqiqə duruxduqdan sonra cəld tibbi yardıma zəng vurmuşdu. Hadisə yerinə çatan tibb işçiləri də bu mənzərədən şoka düşsələr də, Nihalın hələ də yaşadığını bilib onu xəstəxanaya apardılar. Qonşu isə xəstəxanaya gəlməmişdi. İstəmirdi ki, Nihal onu çılpaq gördüyünü bilsin. Nihal isə, dünyadakı bütün gözəllikləri öz simasında toplayaraq uzun kipriklərini tərpətmədən uzun illərin yorğunluğunu çıxarırmış kimi yatırdı… Heç kim onu oyatmağa ürək eləmirdi. Bəmbəyaz xəstəxana paltarı belə ona olduqca gözəl yaraşırdı. Ona nə yaraşmırdı ki…

Ən maraqlısı və gülməlisi isə Lalənin başına gəlmişdi. Ayağı ilə taburetkanı itələməyə çalışanda taburetka aşmamışdı. Yəqin ki, ayaqlarında kifayət qədər güc qalmayıbmış. Yazıq qız o qədər gəzmişdi ki… Ayaqlarını bir qədər də hərəkət etdirən zaman birdən çilçırağa bağladığı ipək sürüşüb açılmışdı və o da taburetkanın üstündən yerə yapışmışdı. Başını çılpaq döşəməyə möhkəmcə çırpdığından özündən getmişdi. Valideynləri gəlib onu o vəziyyətdə görəndə öldüyünü zənn edibmişlər. Amma, nəbzinin hələ də vurduğunu bildikdən sonra xəstəxanaya gətirmişdilər.

Zülmətin gözqamaşdırıcı qaranlığından pay almış bir paltarda qolları və ayaqları azca açıqda qalmışdı. Boynundakı qara ipək lent boynundan ayağına tərəf uzanırdı. Qanadsız bir ölüm mələyinə bənzəyirdi. Bəyaz simasından bir yüngüllük və xoşbəxtlik oxunurdu. Hələ də canlı olduğu zamanlarda olduğu kimi təravətli görünürdü. Qan qırmızısı dodaq boyası qara rəngli donu ilə qeyri-adi, vəhşi, anarxist bir gözəllik yaratsa da, simasının, qollarının, ayaqlarının solğun dərisi, incə boynundakı ipək lenti, sarı-qızılı, düz saçları onu daha çox “zərif” göstərirdi… Atası çətinlik çəkmədən onu qucağına götürüb xəstəxanaya çatdırmışdı. Qızının niyə intihar etdiyini hələ özü də bilmirdi. Amma, bu haqda ondan heç nə soruşmayacaqdı. Qızı psixoloji travma almış ola bilərdi. Üzərinə çox gedilərsə, yenidən intihar edə bilərdi…

Qızların hər ikisi Orxanı tanıdı. Orxan isə heç birini tanımırdı. İndi onu bir sual düşündürürdü:

-Mən niyə ölmədim?

-Yəqin kiməsə lazım imişəm- “ikinci mən”i cavab verdi

Otaqda onların üçündən başqa heç kim yox idi. Nihal ən gözəl intihar edənin Orxan olduğunu deyirdi. Lalə isə, birmənalı olaraq Nihalı dəstəkləyirdi. Vəziyyəti belə görən Orxan da Lalənin tərəfini tutdu. Gülüşdülər… Tibb bacısı içəri girəndə hər üçünün gözləri qamaşdı. Krem rəngli dalğalı saçlar, möhtəşəm bir sima, bədən quruluşu, geyimi… Dizlərini azca örtən xalatı tamamilə sakitləşdirici bəyaz rəngdə idi. Çox ideal birinə bənzəyirdi. Əlində bəyaz bir planşet tuturdu.

-Hər üçünüzün hekayəsini oxudum, uşaqlar. Və belə qərara gəldim ki, hər üçünüz dəlisiniz.

Bunu deyib dolu dodaqlarını azca aralayıb gülümsədi. Bəmbəyaz dişlərinin aşağı hissəsi azca göründü. Gülüşü uşaq gülüşü kimi saf və içdən idi.

-Bağışlayın, çöldə hələ də qar yağırmı?-Orxan soruşdu.

-Hə, Orxan, yağır- naməlum, gözəlçə, tibb bacısı cavab verdi.

-Sizin yerinizdə olsaydım intihar edərdim. Ya da ən azından dama çıxıb mənim hiss etdiklərimi hiss etmənizi istərdim. Sizdən xahiş edirəm, bir daha həyatınızda bu anı tuta bilməzsiniz. Dama çıxdıqdan sonra qayıtmaq istəməyəcəksiniz… Sizə söz verirəm. Bu olduqca gözəldir. İndi etməsəniz belə, bunu nə vaxtsa edəcəyinizə söz verin. Hər şeyin ən gözəlinə layiq tək-tük insanlardan birinə bənzəyirsiniz. Bunu özünüzə çox görməyin.

-Özünüzü yormayın cənab psixopat Orxan. Mən intihar edən deyiləm.

-Haha… yox, intihar etmənizi istəmirəm, həqiqətən, sadəcə o mənzərəni görmənizi istəyirəm.

-yaxşı, bu qədər danışmaq yetər. Bu da sizin planşetiniz. Amma, əvvəlcə hər üçünüzün şəklini çəkəcəm. Bəlkə gələcəkdə baxıb xatırlamaq istəyərsiniz.

-Unudulmuş şeyləri xatırlamaq lazımdır, gözəl qız. Biz bunu heç unutmayacağıq ki…

***

15 dəqiqə sonra Orxan axsaya-axsaya binanın çardağına tərəf irəliləyirdi. özündən əmin addımlarla çardağın qapısını açmağa çalışdı

-Biz də gəlirik- arxadan Lalənin şirin, cingiltili səsi gəldi.

Həmin gözəllər gözəli tibb bacısı Orxanın məsləhətinə əməl edib damın lap kənarından səmaya baxırdı. Çox sərbəst görünürdü. Yıxılacağından heç qorxmurdu. Qar daha yumşaq yağırdı. Sadəcə gecə və qar vardı… Hava da soyuq deyildi. Gecənin səssizliyini çardağın qapısının cırıldaması pozdu. 4 başdanxarab çardağın kənarında durub səssizcə qarı izləyirdilər. Amma, heç biri intihar haqda düşünmürdü. Tanrı onların yaşamasını istəmişdi…

-Bəs məktub? Onu kim yazacaq?

-Bilmirəm, 3 nəfər bacarmadısa, deməli o məktub yazılmamalı imiş…

Sükut…  Sükut… Sükut…

10 dəqiqə… 15 …. 20…

-Ay səni!!! Yoxxx!!! Ay… –Orxan söyəcəyi söyüşü yarıda saxlaya bildi…

-Nə oldu?-Bu dəfə Nihal dilləndi.

Hər üç qız təəccüblə Orxana baxırdı.

-Evi yığışdırmalıyaaaaam !

Gülüşdülər…

-Bax, sənin 3 yeni qız dostun var, kömək edərik…

-Hə… Az qala yadımdan çıxırdı. Üstəlik ikisi qonşudur… Bədbəxt intiharçılar…

Yenə gülüşdülər….

-Sən heç adını demədin?

-Mələk…

Tural Əzimzadə

Bir cavab yazın

Back to top button