KOB-ların elm və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, elm və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edir.

 

Şərtlər:

– Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər;

– Layihələr elm və ya dəstək sahələrindən birinə aid olmalıdır;

– Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir;

– Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır;

– Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz;

– Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır;

– Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 01.03.2022-ci il tarixindən başlanılması nəzərə alınmalıdır;

– Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.

 

Ayrılan maliyyə vəsaitinin həcmi: Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20 000 (iyirmi min) manat həcmində nəzərdə tutulur.

 

Layihə sənədlərinin qəbulu: 15 noyabr 2021-ci il, saat 09:00-dan – 14 dekabr 2021-ci il saat 18:00-dək (Qeyd: Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaqdır). 

 

Müsabiqənin keçirilmə vaxtı: 16 dekabr 2021-ci il – 10 fevral 2022-ci il.

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə 15 noyabr 2021-ci il saat 09:00-dan – 14 dekabr 2021-ci il saat 18:00-dək elektron formada ([email protected]) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (AZ1069, Bakı şəhəri, Mustafa Kamal Atatürk prospekti, 134) müraciət edə bilərlər:

  • Ərizə forması;
  • Müsabiqəyə təqdim olunan layihə;
  • Layihənin büdcəsinin maliyyə əsaslandırılması;
  • KOB subyekti olan fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri;
  • Müraciət edən hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri.

(Qeyd: müvafiq sənədləri aşağıdakı linkdən yükləyə bilərsiniz: https://bit.ly/3oZx4HZ)

 

Müsabiqənin nəticələri barədə məlumat 10 fevral 2022-ci il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

 

Elm sahəsi: 

  • innovativ elm layihələrinin tətbiqi yolu ilə KOB subyektlərinin fəaliyyətinin gücləndirilməsi;
  • elmi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların ictimai birlikləri, həmçinin elmi fəaliyyətin iştirakçıları ilə qarşılıqlı əməkdaşlıq nəticəsində KOB subyektlərinin fəaliyyətinin gücləndirilməsi;
  • mikro, kiçik və orta sahibkarlığın inkişafına istiqamətləndirilmiş fəaliyyəti əks etdirən elmi işləri əhatə edən layihələr;
  • KOB subyektlərinin sənaye və texnologiyalar parkları, texnoloji transfer mərkəzləri, biznes inkubatorları və bu tipli müəssisələr ilə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi;
  • mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən respublika, regional və beynəlxalq səviyyəli elmyönümlü konfrans, simpozium, seminar və digər tədbirlərin Azərbaycan Respublikasında təşkili və keçirilməsi, habelə xaricdə elm sahəsində keçirilən tədbirlərdə iştirakın dəstəklənməsi.

 

Dəstək sahəsi:

  • beynəlxalq təcrübənin öyrənilməsi, audit, sənədləşmə, patentlərin alınması, menecment və logistik xidmətlərinin təşkili;
  • KOB subyektləri tərəfindən istehsal olunan məhsulların analizi və testi məqsədilə laboratoriya xidmətlərinin təşkilinə dəstək;
  • KOB subyektlərinin fəaliyyətində kadr potensialının gücləndirilməsi məqsədilə ölkədə və xaricdə keçirilən tədbirlərdə iştiraka dəstək;
  • istehsal olunan məhsulların xarici bazarlara çıxışına dəstək məqsədilə ilk dəfə qeyri-neft məhsullarını ixrac edən KOB subyektlərinə sənədləşmədə və tələb olunan sertifikatların alınmasında dəstək;
  • innovativ sahibkarlığı təşviq edən startapların qeydiyyatına, istehsal məhsullarının (xidmətlərin) satışına, patentləşdirilməsinə və xarici bazarlarda təşviq olunmasına dəstək;
  • KOB subyektlərinin yüksək texnoloji və innovativ imkanlardan faydalanmasına, fəaliyyətində müvafiq texnologiyaların tətbiqinə və zərurət olduğu halda, həmin subyektlərə ekspert ayrılmasına dəstək.

 

Əlavə məlumat üçün: (+994 12) 404 04 01, 131 Çağrı Mərkəzi.

Related Articles