4 Mart 15:56

“Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının formalaşması prosesinə start verildi

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilmişdir.

Bu xüsusda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı (creative.az) “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının formalaşması prosesinə start verir. Bu məqsədlə yaşından asılı olmayaraq kreativ bacarığa malik insanları müxtəlif yerli və beynəlxalq layihələrdə iştirak etmək üçün könüllü olmağa dəvət edirik.

Bu Hərəkat gələcək könüllülərə peşəkar inkişafa, Nazirliyin genişmiqyaslı fəaliyyətində yaxından iştirak etməyə, ölkəmizdə yaradıcı sənayelərin inkişafına yönəlmiş “Kreativ Azərbaycan” prosesinin bir hissəsi olmağa, eləcə də yaradıcı təhsil sisteminin təkmilləşməsinə töhfə verməyə böyük imkan yaradacaqdır.

Könüllü olmaq üçün ilk öncə aşağıdakı link vasitəsilə təqdim olunan qeydiyyat formasını dolduraraq müraciət göndərmək tələb olunur. Müraciət müddəti bitdikdən sonra qeydiyyatdan keçənlər üçün müsahibələr təşkil olunacaqdır.

docs.google.com/forms/d/1Gd7e7mEI5MAybiWfnMVdhmu4mFFGGza57ttEo_xeYuc/edit

Xatırladaq ki, “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatında iştirak üçün heç bir yaş məhdudiyyəti yoxdur. Hərəkatın özünəməxsusluğu və fərqliliyi burada təmsil olunan könüllülərin yaradıcılığın müxtəlif istiqamətləri üzrə (yazıçı, şair, rəssam, musiqiçi, sənətkar, dizayner, memar, kinematoqraf, fotoqraf, createch mütəxəssisi və s.) yaradıcı qabiliyyətə və istedada malik olmalarıdır.

Qeydiyyat müddəti: 4-31 mart 2020-ci il

Kreativ Azərbaycanla kreativ ol!

Bəyən və paylaş