30 Oktyabr 17:11

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Rusiya mətbuat nümayəndələrinin suallarını cavablandırdı

Oktyabrın 30-da Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya mətbuat nümayəndələrini qəbul etdi. Iki ölkə arasında mədəni əlaqələri yüksək dəyərləndirən nazir Rusiya və Azərbaycan arasında  mədəni əlaqələrin dərin kökü olduğunu, bu əlaqələrin 200 ildən də artıq tarixi faktlara söykəndiyini bildirdi. Uzunmüddətli tərəfdaşlıq ikitərəfli mədəni əlaqələrə də təsirsiz ötüşməyib bütün bu əlaqələr xalqlarımızın dünyagörüşü və mədəniyyətində iz buraxıb.

Bu gün də əlaqələr davamlı olaraq inkişaf etdirilir. Davamlı olaraq hər il Azərbaycana Rusiyadan incəsənətin müxtəlif sahələrini təmsil edən mədəniyyət xadimləri dəvət olunur. Onların sırasına teatr xadimləri, kinorejissorlar, musiqiçilər daxildir. Mədəni mübadilə çərçivəsində ikitərəfli master-klasslar, konsert, sərgi və digər mədəni layihələr böyük uğurla həyata keçirilir. Bundan əlavə muzey və kitabxana sahəsində də sıx əməkdaşlıq layihələri gerçəkləşməkdədir. Nazir qonaqlarla söhbəti zamanı həmçinin Azərbaycan xalqının mədəni dialoqa hər zaman açıq olduğunu, bunun sübutu olaraq ölkədə keçirilən Mədəniyyətlərarası Dialoq Forumu, azsaylı xalqların folklor festivallarını misal göstərdi. Yüksək tolerantlıq nümunəsi olan ölkəmizdə hər bir qonaq kilsə, məscid, sinaqoqu ziyarət edə bilər və Azərbaycana gəlişləri zamanı tam olaraq özünüifadədə rahatlıq tapa bilərlər. Azərbaycanın tarixi abidələri haqqında qonaqları məlumatlandıran nazir onları bu tarixi məkanları ziyarətə dəvət etdi.

Mədəniyyətlərarası dialoq millətləri və xalqları bir-birinə yaxınlaşdırır. Azərbaycanda keçirilən beynəlxalq mədəni tədbirlər və festivallar barədə qonaqları məlumatlandıran nazir bu tədbirlərdə Rusiya sənətçilərinin və mədəniyyət xadimlərinin də yaxından və aktiv şəkildə iştirak etdiyini bildirdi.

Həmçinin Azərbaycanın turizm potensialı barədə danışaraq bu sahədə də ikitərəfli əlaqələrin inkişaf etdirildiyini, Rusiyada keçirilən turizm sərgilərində Azərbaycanın turizm potensialının tanıdılması həmçinin Rusiyadan Azərbaycana gələn turistlərin sayının illər ərzində heç də azalmadığını bildirdi. Qeyd edildi ki,  Azərbaycana gələn turistlərin siyahısında Rusiyalı turistlər ikinci və üçüncü yerləri bölüşürlər. Bu sahədə yeni layihələrin də həyata keçiriləcəyini vurğulayan nazir Rusiya və Azərbaycan arasında daim dinamik əlaqələrin inkişafda olduğunu nəzərlərə çatdırdı.

Görüş zamanı nazir Rusiya mətbuat nümayəndələrinin çoxsaylı suallarını cavablandırdı.

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)