26 İyul 12:34

Məşqçilər üçün texniki təlim kursları başa çatdı

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu, Beynəlxalq Velosipedçilər İttifaqı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Respublika Velotrekində təşkil edilən “Məşqçilər üçün texniki təlim kursları” başa çatıb. Bu gün kursu uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim edilib.

 

18-25 iyul tarixlərində keçirilən təlimin iştirakçılarına sertifikatları Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov təqdim ediblər.

 

Layihənin əsas məqsədi beynəlxalq standartlara cavab verən məşqçilərin hazırlanması, onların nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Təlim nəzəri və praktiki məşğələlərdən ibarət olub.

 

Tədbirin sonunda mətbuat nümayəndələrinin suallarını cavablandıran MOK-un vitse-prezidenti Çingiz Hüzeynzadə peşəkar kadrların hazırlanması baxımından bu cür seminarların əhəmiyyətini yüksək qiymətləndirib: “Velosiped idmanı Azərbaycanda günü-gündən inkişaf edir və bu baxımdan ixtisaslı kadrlara böyük ehtiyac var. Respublika Velotrekində yaradılan şəraitə söz ola bilməz. Bu isə bizə onu deməyə əsas verir ki, qarşıdakı illərdə Azərbaycan velosipedi daha da inkişaf edəcək. Biz isə öz növbəmizdə idmançı və məşqçilərin bilik və bacarıqlarının artırılması üçün bu cür tədbirləri davamlı olaraq təşkil edəcəyik”.

Bəyən və paylaş

Rəylər

rəy(lər)