Magistraturaya sənəd qəbulu fevral ayında aparılacaq

“Magistr” jurnalının 2016-cı il tarixli 1-ci sayı çapdan çıxmışdır. Jurnalın bu sayında “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları” dərc olunmuşdur. Məlum olduğu kimi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 22.5-ci maddəsinə magistratura ilə bağlı dəyişiklik edilib. Dəyişikliyə əsasən, magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələri ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda da yaradıla bilər. Dəyişiklik elm və təhsil sahəsində inteqrasiyanı təmin etmək məqsədilə edilib. Artıq cari tədris ilindən etibarən, Azərbaycan Milli Elmlər Akademiyasında da magistr hazırlığı həyata keçirilməyə başlanıb. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 20 noyabr tarixli 683 nömrəli Fərmanının 1.3-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 15-ci hissəsi rəhbər tutularaq Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının 10 dekabr 2015-ci il tarixli qərarı ilə magistraturaya qəbul qaydalarında da müvafiq dəyişikliklər edilib.

Bundan əlavə, TQDK-nın Kollegiyasının həmin qərarı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2011-ci il 29 dekabr tarixli qərarında bəzi digər dəyişikliklər də edilmişdir.

Bakalavrların və digər ali təhsilli şəxslərin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbulunu tənzimləyən qaydalara əlavə edilmiş 1.6-cı bəndə əsasən, ali təhsil müəssisələrində və elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün ərizə verə bilməzlər.

Qaydaların 2.1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir:

“Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üzrə müsabiqədə iştirak etmək üçün bakalavrlar internet vasitəsilə TQDK-nın rəsmi saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalıdırlar. Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar “Bakalavrın elektron ərizəsi”ni internet vasitəsilə özləri təsdiq etməlidirlər.

Digər bakalavrlar ərizələrini aşağıdakı sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə təsdiq etdirməlidirlər:

2.1.1. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

2.1.2. bakalavr və ya digər ali təhsil haqqında diplomu və ona əlavəni (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla)).”

Qəbul qaydalarına görə, ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına müsabiqə yolu ilə qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Qaydaların 3.6-cı bəndinə edilən dəyişikliyə əsasən, ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üçün keçirilən müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

3.6.1. ümumi orta müvəffəqiyyət göstəricisi;

3.6.2. ixtisas üzrə testdən (yazı işindən) toplanılan bal;

3.6.3. ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;

3.6.4. xarici dil üzrə testdən toplanılan bal.

Qaydaların 5.1-ci bəndinə əsasən, təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavr tələb olunan sənədləri TQDK tərəfindən müəyyən edilən müddətdə qəbul olunduğu təhsil müəssisəsinə və ya elmi təşkilata təqdim etməklə qeydiyyatdan keçməlidir. Bakalavrın bu müddətdə təhsil müəssisəsində və ya elmi təşkilatda qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Qaydaların 5.1-ci bəndinə edilmiş əlavəyə görə, bu bakalavrların boş qalan yerlər üzrə keçirilən müsabiqədə iştirak etməsinə icazə verilmir.

Bakalavrların nəzərinə çatdırırıq ki, magistraturaya sənəd qəbulu 2016-cı ilin fevral ayında aparılacaq. Qəbul imtahanı bu il də iki mərhə­lədə keçiriləcək. İmtahanın birinci mərhələsinin 2016‑cı ilin mart ayında, ikinci mərhələsinin isə may ayında keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq. İmtahanın birinci mərhələsində məntiqi təfəkkür, xarici dil və informatika üzrə test bloklarına həm çoxseçimli, həm də açıq formalı test tapşırıqları daxil ediləcək. Bunlara aid nümunələr “Magistr” xüsusi buraxılışının 2-ci sayında verilə­cək.

Qəbul qaydalarına görə, imtahanın birinci mərhə­ləsindəki nəticələri TQDK tərəfindən müəyyənləşdirilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələdə iştirak etmək hü­qu­qu qazanacaqlar. Həmin mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri çoxseçimli və açıq formalı test tapşırıqlarının cavablandırılması, bəzi proqramlar üzrə isə yazı işlərinin yerinə yetirilməsi vasitəsilə yoxlanılacaq. Müsabiqə və yerləşdirmə bakalavrların topladıqları ümumi ballar (imtahanın iki mərhələsində toplanılan balların cəmi) əsasında həyata keçiriləcək.

“Magistr” jurnalının 1-ci sayında magistraturaya qəbul qaydaları ilə bərabər, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə izahlı test tapşırığı nümunələri təqdim edilir. Magistraturaya qəbul elanı, məntiq, informatika və xarici dillər üzrə model testlər, ixtisaslaşma seçiminə dair cədvəllər, ixtisaslaşmalar üzrə qəbul proqramları və digər materiallar isə jurnalın növbəti saylarında dərc olunacaq.

Bir cavab yazın

Back to top button