18 İyun 13:00

Mahmud Rüstəmovun “UN/PUBLİSHED” adlı fərdi sərgisi keçiriləcək

21 iyun-10 iyul 2019-cu il tarixində Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin təşkilatçılığı ilə Mahmud Rüstəmovun “UN/PUBLİSHED” adlı fərdi sərgisi keçiriləcək.

Mahmud Aslan oğlu  Rüstəmov 13 iyun 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1982–1986-cı illərdə Ə.Əzimzadə adına Rəssamlıq məktəbində, 1986-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Heykəltəraşlıq” fakültəsində təhsil almışdır. 1995-1998-ci illərdə SSRİ Rəssamlıq Akademiyası nəzdində Yaradıcılıq Emalatxanalarının aspirantı olmuşdur. Mahmud Rüstəmov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Mahmud Rüstəmov 1985-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda, 1986-cı ildə Daş simpoziumu (Bakı, Azərbaycan), 1987, 1988-ci ildə Vəcihə Səmədova adına sərgi salonu, 1990-cı ildə Fransiyanın Avinyon şəhərində, 1995-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyində, 1996-cı ildə Bakı İncəsənət Mərkəzində, 1997-ci ildə Azərbaycan Respublika sarayında, 1998-ci ildə Vəcihə Səmədova adına sərgi salonu, 1998-ci ildə “Yeddinci mərtəbə” qalereyası, 1999, 2000, 2001-ci illərdə  Azərbaycan Milli İncəsənət Muzeyində, 2001-ci ildə Vəcihə Səmədova adına sərgi salonu, İran mərkəzinin sərgi salonunda, 2002-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda keçirilən sərgilərdə iştirak etmişdir.

Mahmud Rüstəmovun 1999-cu ildə Azərbaycanda İngiltərə konsulluğunun təşkilatçılığı ilə Franko-Alman mədəniyyət mərkəzində fərdi sərgisi keçirilmişdir.

2001-ci ildə “Qaradağ Sement” şirkətinin heykəltəraşlıq müsabiqəsində həvəsləndirici mükafata və Rəssamlar İttifaqının “2000-ci ilin Azərbaycanın ən yaxşı heykəltəraşı” adına layiq görülmüşdür.

Rəssam 2007-ci ildə “5+” sərgisi, “Göyqurşağının 7 rəngi”,  2008-ci ildə Berlində Azərbaycana həsr olunmuş sərgi, 2010-cu ildə Teymur Rüstəmov ilə birgə “Mövzular” adlı sərgilərin iştirakçısıdır. O, Aslan və Teymur Rüstəmovlar ilə birgə M.Cavadzadənin qəbr üstünü, Xocalı faciəsi abidəsi (Goranboy), 2011-ci ildə Müslüm Maqomayevin büstü (Rusiya, Astraxan), 2011-ci ildə Heydər Əliyevin büstünün (Milli Aviasiya Akademiyası) müəllifidir. 2006-cı ildə “Rüstəmovlar İncəsənət Evi” qalereyasının açılışı keçirilmişdir.

Mahmud Rüstəmov təsviri sənətdə heykəltəraşlıqla yanaşı eyni zamanda rəngkarlıq və  qrafika sahəsində də çalışmışdır. Heykəltəraşın “Qızılı xəttin sirri” və “Başlanğıc öncəsi yuxu” adlı işləri özünəməxsusdur. Mahmud Rüstəmov “Dördbucaqlı tısbağanın mahnısı” əsərini Türkiyədə yerləşən vadinin müasir interpritasiyası adlandırır. Mahmud Rüstəmovun əsərləri 2013-cü ildə Sotheby’s auksionunda, 2019-cu il 21 may tarixində 2 qrafika əsəri isə Bakıda keçirilmiş incəsənət əsərlərinin ilk auksionunda (“Auction Baku”da) satılmışdır.

Sərginin açılışı 21 iyun saat 19:00-da Muzey Mərkəzində IV mərtəbədə baş tutacaq.

Giriş sərbəstdir. Mətbuat nümayəndələri dəvətlidir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)