8 Dekabr 12:09

Mark Xidekel / Dayanaqlı Memarlıq

YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla “INTERARCH – 1983” Dünya Biennalesinin Qran-pri mükafatçısı doktor Mark Xidekel tərəfindən keçiriləcək “Dayanaqlı memarlıq” mühazirəsi barədə xəbər verir.

Mark Xidekel – məşhur memar, dizayner və rəssamdır. O, görkəmli suprematist, avanqard rəssamı və memarı Lazar Xidekelin oğludur və atasının yolunu davam etdirərək, suprematizm üslubunu inkişaf etdirir.
Xidekel bir çox beynəlxalq müsabiqədə iştirak edib və müxtəlif beynəlxalq mükafatlar qazanıb, o cümlədən 1983-cü ildə INTERARCH Dünya Biennalesinin Qran-pri mükafatı ilə təltif olunub. Parsons Dizayn Məktəbində ştatdankənar professor kimi dərs deyib və Amerika memarlığının əfsanəsi olan Filip Conson ilə praktiki memarlıq işində əməkdaşlıq edib.

İlk dəfə onun post-suprematist dəst-xətti 1994-cü ildə memarlıqda tətbiq olunmuşdu. Bu gün isə Xidekelin çəkdiyi layihə cizgiləri artıq ən müxtəlif sahələrdə öz təcəssümünü tapır – onun adını daşıyan şirkətin məhsulu kimi tətbiq olunurlar. Xidekel tez-tez beynəlxalq sərgilərə və memarlıq müsabiqələrinə qatılır; 1996-cı ildən etibarən o, Nyu-York ştatının Memar Qeydiyyatına malikdir. Orijinal görüntü ilə seçilən layihələrin müəllifi kimi tanınır, məsəlçün: “Vertical Highway” (“Şaquli şosse”) adlı yeni tipli çoxmərtəbə bina layihəsi; “Bridge-City” (“Körpü şəhərciyi”) – yaşayış, iş, ticarət və istirahət üçün nəzərdə tutulan, ətraf mühitlə ahəng yaradan, təbii fəlakət zamanı isə çoxsəviyyəli sipər olub qasırğanın yolunu kəsən yeni tipli memarlıq kompleksi; “Appolo-Soyuz” adlı kosmik şəhərsalma layihəsi və s.

Mühazirə Azərbaycan Memarlıq və İnşaat Universiteti (Bakı) ilə birlikdə təşkil olunur.

Mühazirə ingiliscə oxunacaq.

YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanının yaxınlığı)
Dekabrın 16-sı, 2015-ci il
Saat 19:00-da
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)