MEK-in Akademiklər zalında İranın Azərbaycandakı Səfirliyinin diplomatik guşəsi yaradılıb

Edumap.az xəbər verir ki, İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib. Ə.Farsi İran Səfirliyi adından Mərkəzi Elmi Kitabxanaya 250 adda müxtəlif səpkili kitab  hədiyyə edib.

Qonağı Mərkəzi Elmi Kitabxananın Akademiklər zalında qarşılayan MEK direktoru Leyla İmanova Mədəniyyət Mərkəzinin sədri Ə.Farsinin gəlişindən məmnunluğunu ifadə edib. O, bu addımı iki ölkə arasındakı dostluq münasibətlərinin və mədəni əlaqələrin inkişafına töhfə kimi dəyərləndirib. Ə.Farsiyə və İranın Azərbaycandakı Səfirliyinə təşəbbüsə görə minnətdarlığını bildirən MEK direktoru müəssisələr arasında bu kimi münasibətlərin, ədəbiyyat mübadilələrinin davamlı olacağına ümid etdiyini bildirib. Direktor əlavə edib ki, hədiyyə olunan kitablardan bir neçəsi MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil ediləcək.

İran Mədəniyyət Mərkəzinin sədri Əhməd Farsi də öz növbəsində səmimi münasibətə görə MEK rəhbərliyinə təşəkkür edib və ölkələr arasında əlaqələrin, xüsusilə ədəbiyyat mübadiləsinin əhəmiyyətindən danışıb. Bildirib ki, ölkələrimizin tarixi bir-birilə çox əlaqəlidir və Azərbaycan tarixini əks etdirən farsdilli və ərəbdilli mənbələrin bir çoxu İran kitabxanalarındadır: “İstərdik ki, bu qaynaqlar Azərbaycanın elm adamları, tədqiqatçıları üçün əlçatan olsun”. Ə.Farsi ölkələrarası mədəni-elmi mübadilələrin davamlılığı məqsədilə İran Mədəniyyət Mərkəzinin hər zaman Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlığa hazır olduğunu və əlaqələrin daha yüksək səviyyədə təşkili üçün çalışacaqlarını deyib.

Sonda İran Mədəniyyət Mərkəzinin MEK-ə hədiyyə etdiyi kitablar qonaqların iştirakı ilə kitabxananın  Akademiklər zalındakı diplomatik guşədə İran Səfirliyi üçün ayrılmış bölməyə yerləşdirilib və xatirə fotosu çəkilib.

Show More

Bir cavab yazın

Back to top button
Close