“Məktəblinin dostu şagirdlərin gözü ilə” adlı sərgi keçiriləcək

Məktəblinin dostu” layihəsi çərçivəsində sərgi təşkil olunacaq. “Məktəblinin dostu şagirdlərin gözü ilə” adlanan sərgi Xətai Sənət Mərkəzinin dəstəyi ilə baş tutacaq. Sərgidə “Məktəblinin dostu” layihəsinin əhatə olunduğu 70 ümumtəhsil müəssisəsi iştirak edəcək. Məktəblilər çəkdikləri rəsm əsərlərini və hazırladıqları maketləri nümayiş etdirəcəklər. Layihənin 3 illiyinə həsr olunan sərgidə 3 yer uğrunda mübarizə aparılacaq. Qaliblər Xətai Sənət Mərkəzinin rəssamları tərəfindən müəyyənləşəcək. Qalib məktəblilər müxtəlif hədiyyələr və diplomlarla mükafatlandırılacaq. Mükafatlandırma mərasimi  28 dekabr 2019-cu il saat 15:00-da Xətai Sənət Mərkəzində reallaşacaq.

 

Qeyd edək ki, 2016-cı ilin dekabr ayından icrasına başlanılan “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilir. “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması nəzərdə tutulur.

 

Bir cavab yazın

Back to top button