1 Oktyabr 14:53

“Məndə sığar iki cahan…” adlı internet müsabiqənin yekun sərgisi keçiriləcək

03 oktyabr 2019-cu il saat 16:00 Xətai Sənət Mərkəzində MDB iştirakçı dövlətlərinin gənc rəssamları arasında “Məndə sığar iki cahan…” adlı internet müsabiqənin yekun sərgisi keçiriləcək.

Sərgi-tədbirdə MDB iştirakçı dövlətlərinin gənc rəssamlarının əl işlərinin fotoları sərgilənir.

Nəzərinizə çatdırırıq ki, sərgiyə gələnlərə girişdə uduşlu biletlər təqdim olunacaq.

Giriş sərbəstdir!

MDB iştrakçı dövlətlərinin gənc rəssamları arasında “Məndə sığar iki cahan…” adlı internet müsabiqə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin əsas məqsədi mədəni müxtəliflik dəyərləri ideyasının təbliğ edilməsi, MDB məkanında gənc istedadların aşkar edilməsi və onların yaradıcılıqlarının inkişaf etdirilməsi, müsabiqə və regional sərgilərin keçirilməsi yolu ilə yaradıcı gənclərin geniş kütləsinə öz yaradıcılıqlarını nümayiş etdirmək imkanının verilməsi, vizual incəsənət və internet imkanlarından istifadə etməklə məşhur Azərbaycan filosofu və şairi İmaməddin Nəsiminin yaradıcılığına diqqətin artırılmasıdır.

Müsabiqədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Gürcüstan, Türkmənistan, Estoniya və Türkiyənin nümayəndələri fəal iştirak etmişlər. Müsabiqədə iştirak etmək üçün 2000-dən çox iştirakçı öz işini təqdim etmiş, onlardan 100 əsər münsiflər heyəti tərəfindən müsabiqənin yekunlarına həsr olunmuş sərgidə nümayiş etdirilmək üçün seçilmişdir. Münsiflər heyətinin seçiminə əsasən müsabiqənin 4 nominasiya üzrə (rəngkarlıq, qrafika, heykəltəraşlıq; foto; kompyuter qrafikası; instalyasiya) qalibləri də müəyyən edilmişdir. Müsabiqənin şərtlərinə əsasən qaliblərin Bakıya səfəri nəzərdə tutulmuşdur.

Qeyd edək ki, yekun sərginin açılışı və qaliblərin mükafatlandırma mərasimi 03 oktyabr 2019-cu il tarixdə saat 16.00-da Bakı şəhərində Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

Təşkilat Komitəsi

Bəyən və paylaş

Rəylər

rəy(lər)