MƏZUNİYYƏT CƏDVƏLİNİN HAZIRLANMASI

Mənə verilən çoxsaylı sualları və ilin sonunu olduğunu nəzərə alaraq, bu məqaləmdə məzuniyyətlərin növbəlilik cədvəlinin (bundan sonra məzuniyyət cədvəli) tərtib olunması məsələsinə toxunacam.

ARƏM-nin 133-cü maddəsinin 1-ci bəndində deyildiyi kimi, istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər.

Məzuniyyət qrafikini tərtib edərkən işçilərin rəyi ilə onlara əlverişli vaxtda məzuniyyətlərin verilməsi razılaşdırırılır. Əmək Məcəlləsinin 133-cü maddənin 3 və 4-cü bəndlərində deyilir ki:

… 3. Aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər:

  • 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara;
  • 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma;
  • hərbi qulluqçunun arvadına (ərinə);
  •  əlillərə;
  • müharibə veteranlarına;
  • Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə;
  • yaşı on səkkizdən aşağı olan işçilərə;
  • işləməklə yanaşı təhsil alan şəxslərə;
  • bu Məcəllənin 120-ci maddəsində göstərilən Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə.

4. Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir.

Yuxarıda qeyd edilən işçilərdən məzuniyyətə çıxmaq üçün uyğun vaxtın göstərildiyi ərizələr almaq yaxşı olar. Lakin nəzərə alın ki, istənilən işçi məzuniyyət cədvəlində göstərilən məzuniyyət vaxtını dəyişdirməklə əlaqədar müraciət edə bilər. Bu zaman yenidən ərizələrin alınması vacibdir.

Məzuniyyət cədvəlində əsas aşağıdakılar əks olunur:

İşçilərin siyahısı: məzuniyyət qrafikində əmək müqaviləsi əsasında fəaliyyət göstərən bütün işçilərin siyahısı əks etdirilməlidir.

Məzuniyyət günlərinin sayı: məzuniyyət cədvəlində İşçiyə düşən məzuniyyət günlərinin sayı göstərilir:

  • ödənişli əsas məzuniyyət günləri (məzuniyyət cədvəlinin tərtib edildiyi il üçün və əvvəlki il(lər)dən qalmış istifadə olunmamış əsas məzuniyyət günləri daxil olmaqla, əgər varsa);
  • qanunvericiliklə (maddə 115, 116, 117) müəyyən olunmuş əlavə məzuniyyət günləri;
  • kollektiv müqavilə (maddə 31.2.d), həmçinin 185-ci maddəyə əsasən verilmiş əlavə məzuniyyət günləri (əgər varsa);

Məzuniyyətin başlanması tarixi: Burada konkret tarix, ya da sadəcə işçinin məzuniyyətə çıxacağı ayı göstərmək olar. Əgər sadəcə ay göstərilmişdirsə, o zaman İşçi həmin ayda məzuniyyətə çıxarkən konkret tarix göstərilmiş ərizə ilə müraciət etməlidir. Əgər konkret tarix göstərilmişdirsə, İşçi də həmin göstərilən tarixdə məzuniyyətə çıxırsa, o zaman ərizəyə ehtiyac yoxdur.

Ərizə ən azı bir təqvim həftəsi əvvəlcədən yazılmalıdır, çünki ARƏM-nin 138-ci maddəsinin 2-ci bəndinə əsasən, məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. Həmçinin, 140-cı maddənin 5-ci bəndinə əsasən, İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Bu prosedurları həyata keçirmək üçün ərizənin heç olmasa bir təqvim həftəsi öncədən yazılması zəruridir.

Məzuniyyətin hissələrə bölünməsi (əgər varsa): ARƏM-nin 137-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın.

Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir. Bu zaman məzuniyyət cədvəlinə yeni sütun əlavə edirik. İşəgötürənin təşəbbüsü ilə məzuniyyət hissələrə bölünərək verilirsə, o zaman müvafiq xanalarda İşçilərin razılığını təsdiq edən imzalar olmalıdır.

Nəzərə alaq ki, hər bir İşəgötürən özünə uyğun şəkildə məzuniyyət cədvəli tərtib edə bilər.

ARƏM-nin 133-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir. Məzuniyyət cədvəlinin təsdiqlənməsi haqqında ayrıca əmr tərtib etməyə ehtiyac yoxdur. Çünki cədvəlin özündə müəssisə rəhbərinin imzası və möhürü olur, imza və möhür isə təsdiqi bildirir. Lakin müəssisə rəhbəri məzuniyyət cədvəlinin işçilərə çatdırlması ilə əlaqədar şöbə və struktur bölmələrin rəhbərlərinin konkret adlarını göstərməklə əmr verə bilər. Əmrin nümunəsi aşağıdaki kimi ola bilər:

Альтернативный текст для этого изображения не предоставлен

Əmrdə adı çəkilən şəxslərin hamısı əmrlə tanış edilməlidirlər. Eləcə də, təsdiqlənmiş məzuniyyət qrafiki ilə bütün işçilər tanış edilməlidir. Buna görə də cədvələ “Məzuniyyət qrafiki ilə tanış oldum (tarix, imza)” xanası da əlavə edilə bilər.

Təbii ki, İşəgötürən il ərzində baş verə biləcək işçilərin işdən azad olunması, bir vəzifədən başqa vəzifəyə keçirilməsi, məzuniyyətlərin vaxtının dəyişdirilməsi və məzuniyyətdən geri çağırılma kimi dəyişiklikləri əvvəlcədən nəzərə almaq iqtidarında deyil. Ona görə də məzuniyyət cədvəllərində müxtəlif dəyişikliklərin edilməsi qaçınılmaz haldır. Bu dəyişikliklər də yuxarıda göstərdiyiniz qaydalara uyğun olaraq həyata keçirilməlidir.

Bəs məzuniyyət cədvəli təsdiqləndikdən sonra yeni işçilər işə qəbul edilərsə, nə etmək lazımdır?

Bu halda, İşəgötürən mövcud məzuniyyət qrafikinə hər hansı dəyişikliklər etmək məcburiyyətində deyil. Çünki ARƏM-nin 131-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. Təbii ki, ehtiyc varsa, əsas məzuniyyət cədvəlinə əlavə kimi, yalnız yeni işçilər üçün məzuniyyət cədvəli də tərtib edilə bilər.

Məzuniyyət cədvəlinin saxlanma müddəti 1 ildir.

Məzuniyyət cədvəlinin olmamasına görə hər hansı bir cərimə nəzərdə tutulmur. Bir çox hallarda az sayda işçiləri olan müəssisələrin əksəriyyəti məzuniyyət cədvəlini tərtib etmirlər.

Sevinc Qarakişiyeva

Bir cavab yazın

Back to top button