20 İyun 20:11

Milli Azərbaycan Tarixi Muzeyində I Respublika Elmi Konfransı keçirilib

Edumap.az xəbər verir ki, 20 iyun 2017-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, qorunması və bərpası” mövzusunda I Respublika elmi konfransı keçirilib. İki tematik bölmədən ibarət olan konfransda 50-dən artıq məruzə (muzeylərdə elmi, fond və ekspozisiya işində milli dəyərlərin yeri, arxiv və kitabxana işinin təşkili, müasir cəmiyyətdə muzey, Yeni inkişaf yollarının axtarışı, arxiv və kitabxana fondlarında milli dəyərlərin mühafizəsi və qorunması, muzey, elm və təhsil: partnyorluq, təcrübə, perspektivlər, muzey, kitabxana və arxivlərdə bərpa və konservasiya işinin təşkili gənc nəslin tarixi yaddaşının formalaşmasında muzeylərin rolu) dinlənilmişdir.

Konfransda Milli Azərbaycan Tarixi Muzeyi ilə yanaşı AMEA Rəyasət Heyəti aparatı, Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin “İçərişəhər” tarixi muzeyi, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi, Azərbaycan Xalça Muzeyi, AMEA Memarlıq və İncəsənət İnstitutu,Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Hüseyn Cavidin Ev Muzeyi, Bülbülün Memorial Muzeyi, AMEA-nın Gəncə bölməsi, Beyləqan Tarix Diyarşünaslıq Muzeyi, Səttar Bəhlulzadənin ev-muzeyi və s. muzey, elmi tədqiqat İnstitutlarının mütəxəssisləri iştirak etmişlər.

Konfransı giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq qonaqları salamladı. O, öncə hər il mütəmadi keçirilən bu konfransın əhəmiyyətindən və onun tarix elminin inkişafında oynadığı rolundan danışdı. O, iştirakçılara elmi işlərində uğurlar diləyərək, onlara belə əhəmiyyətli tədbirlərdə fəal iştirak etmələrini arzuladı və konfransı açıq elan etdi.

Plenar iclasda t.ü.e.d. Nərgiz Əliyevanın “Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan kitab və dövri mətbuat xəzinəsi”, t.e.d. Zemfıra Hacıyevanın  “Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin Azərbaycan elminə töhfəsi”, k.t.e.d. Rəna Mirzəzadənin “Böyüməkdə olan nəsildə və gənclərdə vətənpərvərlik və tarixi yaddaşın formalaşmasında Torpaq muzeyinin rolu”, fil.ü.e.d. Xatirə Bəşirlinin “Müasir cəmiyyətin muzeyləri: yeni çağırışlar” adlı maraqlı məruzələri dinlənildi. Tədbirin ikinci hissəsində seksiyalardakı məruzələr dinlənilmiş və diskussiyalar aparılmışdır. Bu məruzələrdə Azərbaycan tarixi üçün aktual olan problemlərə toxunulmuş, gələcək nəsillərin yetişməsində muzeylərin əhəmiyyəti göstərilmişdir.

Konfrans iştirakçılarının çıxışları dinlənildi və məruzələr ətrafında müzakirələr aparıldı.

Sonda tədbirdən razı qalan qonaqlar konfrans təşkilatçılarına minnətdarlığını bildirdirərək, gələcəkdə bele tədbirlərin daha geniş miqyasda təşkil olunmasını arzu etdilər.

Muzey tərəfindən konfrans materiallarından ibarət kitab-toplu nəşr olunacaq.

Bəyən və paylaş