Milli Qəhrəman Mübariz İbrahimov adına Hərbi Biliklər Olimpiadası keçirilib

Edumap.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə reallaşdırılan “Milli Qəhrəman Mübariz İbrahimov adına Hərbi Biliklər Olimpiadası” layihəsinin açılış mərasimi 4 Noyabr tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində baş tutmuşdur. Əsas məqsədi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və gənclərə hərbi biliklərin aşılanması olan layihənin rəhbəri Namiq Mirzəyev açılış mərasimində müharibə şəraitində olan ölkəmizin hər bir gənci üçün hərbi biliklərə yiyələnməyin önəminə diqqət çəkmişdir.

Daha sonra isə layihə iştirakçılarına layihənin gedişatı, onları gözləyən mərhələlər haqda ümumi məlumat verilmiş, iştirakçıların sualları cavablandırılmışdır.

10 noyabr tarixində onlayn qeydiyyatdan uğurla keçmiş iştirakçılar arasında layihənin birinci mərhələsiolan “Nəzəri Biliklər” mərhələsi baş tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş tutan və 60 dəqiqə davam edən yarışmada iştirakçılara ekspertlər tərəfindən hazırlanmış 50 sualdan ibarət sual kitabçaları təqdim olunmuşdur.
Nəticələrə əsasən ən yüksək bal toplamış 25 iştirakçı layihənin ikinci hissəsi olan Vizual biliklər” mərhələsinə keçid almışdır.

17 noyabrda baş tutan və “Vizual Biliklər” adlanan mərhələdə isə iştirakçılar hərbi mövzuda 25 şəkilli suala cavab tapmağa çalışaraq öz vizual biliklərini yarışdırmışdır. Cavabların yoxlanılmasından sonra ilk üçlük müəyyənləşmişdir.  

22 Noyabrda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində baş tutan bağlanış mərasimində isə yekun nəticələrə əsasən ilk üç yerin sahiblərinə diplom və mükafatlar, layihəni uğurla başa vurmuş digər iştirakçılara isə sertifikatlar təqdim edilmişdir.

Layihənin bağlanış mərasimində iştirakçı qismində çıxış edən Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin şagirdlərinə rəhbərlik edən, həmin məktəbin gənc müəllimi Əli İsmayılov çıxış edərək məktəblilər arasında da bu kimi layihələrə marağın böyük olduğunu, bu tipli layihələrin önəmini vurğulamış, belə layihələrin daha əhatəli mövzularda və daha tez-tez keçirilməsini arzuladığını səsləndirmişdir.

Bir cavab yazın

Back to top button