27 Oktyabr 21:33

“Miqrasofiya” / “Alberto Adrianonun sorağında” / “Simpozium” / Zeyqəm Əzizov

Sizi müasir sənətçilərin film və videolarına baxılması və müzakirə olunması üçün qeyri-rəsmi görüş yeri kimi nəzərdə tutulmuş YARAT Film Klubun növbəti sessiyasına dəvət edirik.

Bu dəfə biz Zeyqəm Əzizovun üç esse filminin nümayişinə ev sahibliyi edəcəyik. Bu esselər trilogiya şəklində bir araya gətirilir. Sənədli film 2000-ci ildə başlanan və bu günədək davam edən tədqiqat haqqındadır. Trilogiyanın əsas ideyası insanların qızğın hərəkətlərinin hərəkətdən təsvirə necə çevrildiyini əyani surətdə göstərməkdədir.

Tədbirdə həmçinin “Moscow Art Magazine” incəsənət jurnalının təsisçisi və baş redaktoru, kurator Viktor Misiano iştirak edəcək və filmin nümayişindən sonra sual-cavab sessiyası keçiriləcək.

“Miqrasofiya” (2000-ci il) – Bu film bilik sənayesinin inkişafından, onun qloballaşma prosesini necə stimullaşdırdığından və xalq hərəkətinə təsirindən (bu, “miqrasiya paradiqması” da adlandırılan və təsvirlərin müzakirəsi zamanı əsas mövzuya çevrilə bilər) bəhs edir. Öyrənmə işini və onun gündəlik həyata təsirini araşdıraraq, bu qısa film bizi orta məktəbdən (şagird partasından) ictimai internet klublarına (müəyyən hiper real teatr) qədər davam edən bir səyahətə aparır.

“Alberto Adrianonun sorağında” (2005-ci il) – Bu sənət əsəri 2000-ci il avqustun 23-də, çərşənbə günü Birləşmiş Krallığın “BBC News” televiziya kanalının Şərqi Almaniyanın Dessau şəhərciyində irqçilərin mozambikli mühacir Alberto Adrianonu öldürdüyü haqda yaydığı xəbərə münasibəti ifadə edir.

“Simpozium” (2011-ci il) – Bu film təsvirlərlə birləşdirilmiş “mühazirədən” ibarətdir. İranlı fotoqraf Reza Deqqətinin çəkdiyi bir fotodan bəhs edir. Bu foto təsvirlər Azərbaycanın Bakı şəhərində, tərk edilmiş neft mədənlərində oynayan uşaqları əks etdirir. O, bir meydançanın (neftlə dolu meydançanın) digər meydançanın (oyun meydançası) başlanğıcına necə çevrildiyini göstərir. Lakin bu təsvir həm də fotoqrafın özünün uşaqlığı ilə bağlıdır və uşaqlığın keçdiyi ərazi ilə təsvir vasitəsilə yaradılmış bir əlaqədir.

Zeyqəm Əzizov Azərbaycan əsilli Britaniya rəssamıdır. O, Azərbaycanda anadan olub, hazırda Londonda (Birləşmiş Krallıq) yaşayır və işləyir. Fransa, Britaniya və Avstriyada incəsənət və fəlsəfə üzrə təhsil alıb. Onun fəaliyyətinin əsasını təsvirlər vasitəsilə biliklərin çarpaz dövriyyəsi və müasir incəsənətdə fəlsəfi paradiqma məsələləridir. Zeyqəm Əzizov bu məsələləri videoların və kinofilmlərin, rəsm əsərlərinin və instalyasiyaların (bədii konstruksiyaların) timsalında tədqiq edir. Zeyqəm Əzizov “Moscow Art Magazine” incəsənət jurnalının daimi müəlliflərindəndir. Avstriyanın Klagenfurt Universitetində təsviri incəsənət haqqında mühazirələr oxuyan Zeyqəm Əzizov həmçinin bu universitetin KİV və Rabitə Elmi Şurasının üzvüdür.
Vaxt: 10 noyabr saat 19:00
YARAT Müasir İncəsənət Mərkəzi
Səbail rayonu, Bayıl qəsəbəsi (Dövlət Bayrağı meydanının yaxınlığında)
Giriş sərbəstdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)