Müəllim çatışmazlığı varmı?

Dünən “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda dəyişiklik edilib Dəyişikliyin sadə dildə izahı
  • Dəyişiklik, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verir.
  • Pedagoji Təhsili olmayan şəxslər imtahanlardan keçdikdən sonra, onlara Nazirlik tərəfindən pulsuz təlimlər keçiriləcək.
  • Hansı ixtisasların imtahanlarda iştirak edə biləcəyini, Nazirlik əvvəldən elan edəcək.
  • Digər dəyişiklik isə, zəruri hallarda ucqar yaşayış ərazilərindəki ümumi təhsil müəssisələrində ixtisaslı pedaqoji kadr çatışmadıqda, məzmun və mahiyyət etibarilə yaxın fənlərin müvafiq ixtisas müəllimi tərəfindən tədrisinə icazə verilməsidir.
  • Dəyişiklik olmadan əvvəl isə, kadr çatışmayan ərazilərdə Ümumi təhsil sistemində çalışan təhsilverənlərin təyin edilmiş keyfiyyət göstəricilərinə baxırdılar.
  Qərarın arxasında böyük ehtimalla işsizlərin sayının azaldılması və ucqar kənd yerlərində məktəblərin müəllimlərə olan təminatının ödənilməsi dayanır. 2021 – ci il Avqustun 4-də Təhsil naziri Emin Əmrullayev rəsmi feysbuk səhifəsində Azərbaycanda müəllim olmaq istəyənlərin sayının kəskin artmasına rəğmən, MİQ imtahanından keçən müəllimlərin bir hissəsinin ucaq ərazilərdəki vakant yerlərə getmədiklərini vurğulamışdı. Qərarın məktəblərdə kadr boşluğunu doldurmaq hissəsi ümidverici görünsə də, ətraflı analiz etdikdə sanki mənfi tərəfləri tərəzidə daha ağır gəlir. Ölkədə təhsil sahəsində olunan bu yeniliklərlə bağlı bizi bir neçə məsələ narahat edir. Bunlardan birincisi pedaqoji ixtisası olan kadrların işlə təmin olunmasıdır. Nəzərə alsaq ki, hər il təxmini 10 mindən çox pedaqoji təhsili olan tələbə məzun olur və illik müəllimlər üçün verilən vakansiya sayı təxmini 8 mindir, bu, hər il 2 min tələbənin işsiz qalması deməkdir. Bundan əlavə, bilirik ki, dəfələrlə müəyyən məktəblərdə direktorlar tərəfindən də vakant yerlərin gizlədilməsi faktı ilə bağlı tez-tez şikayətlər olur; direktorlar dərsləri rüşvət almaqla bəzi müəllimlərin və ya tanışlarının adlarına yaza bilir. Bütün bunları nəzərə alsaq, yeni qərarla ixtisası müəllimlik olmayan namizədlərin də müsabiqəyə cəlb olunması, pedaqoji ixtisaslı kadrların kariyeralarını təhlükə altında qoya bilər. Son dövrlərdə təhsilə ayrılan xüsusi diqqət sayəsində pedaqoji kadraların ixtisaslaşdırılması, bilik və bacarıqlarının artırılması diqqət mərkəzindədir. Ali məktəblərdə proqramlarının keyfiyyətinə nəzarətin gücləndirilməsi, Bakı şəhəri və bölgələrdə davamlı aparılan təlimlər, müəllimlərin diaqnostik və yaxın gələcəkdə nəzərdə tutulmuş sertifikasiya imtahanı, müəllimliyin bir peşə olaraq ciddi əmək və zaman tələb etdiyini göstərir. Bəs, “Pedaqoji təhsili olmadan, qısamüddətli təlimlərlə ixtisaslı müəllim yetişdirmək mümkün olacaqmı? Bunun üçün ayrılan zaman və vaxt sərfinə dəyərmi? Bu təlimlər namizədlərin fənn biliklərini, metodik, pedaqoji və psixoloji bacarıqlarının təkmilləşdirilməsi üçün kifayət edəcəkmi?” və sair kimi suallar verilən qərarın əsaslılığına bir qədər tərəddüd yaradır. Ümid edirik ki, tezliklə bununla bağlı daha ətraflı məlumat ala biləcək və gələcəkdə mənfi təsirləri mümkün qədər azaldıla biləcək.

Hazırladı: Rasim Abdurahmanov

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az