Müəllim şagirdə rəy verərkən nələri nəzərə almalıdır?

                       Müəllim şagirdə rəy verərkən nələri nəzərə almalıdır?

 

Rəy vermək davamlı öyrənmənin və qiymətləndirmənin vacib hissələrindən biridir. Davamlı və tez-tez verilən effektiv rəy şagirdlərə öz bilik və bacarıqları üzərində düşünməyə və öyrənmə strategiyalara dəyişikliklər edib daha yaxşı nəticələr əldə etməyə imkan verir.

Bəs rəyi düzgün formada vermək haqqında araşdırmalar nə deyir?

Müəllim tərəfindən verilmiş rəy həm şifahi, həm də yazılı formalarda ola bilər. Şagirdlərlə yanaşı, müəllimlər valideynlərə də il ərzində övladlarının bacarıqları haqqında rəy verirlər. Bu halda valideynə verilmiş rəy, şagirdin yaşından asılı olaraq dəyişir:kiçik yaşlı şagirdlər haqqında valideynlər yuxarı siniflərlə müqayisədə daha tez-tez məlumatlandırırlar. Araşdırmalar göstərir ki, rəyin bu forması da şagird nailiyyətində xüsusi rol oynayır.

Rəyi necə verməyə gəldikdə isə, doğru formada verilmiş rəylər aşağıdakı xüsusiyyətlərə malik olmalıdırlar:

  • Spesifik. Ümumi verilən rəylər şagird və tələbələrin fikirlərini qarışdırır və onlar tam olaraq nəyi doğru və nəyi yanlış etdiklərini bilmirlər və buna görə də, hansı bacarıqlarını inkişaf etdirməli, hansı bacarıqlarının isə yaxşı olduqları haqqında fikirləri olmur. Ümumi rəylər, “əla”, “yaxşı cavab verdin”, “üç alırsan”, “yaxşı hazırlaşmamısan” kimi bildirilir. Ümumi verilən rəyin başqa riskli cəhəti də var : Şagirdlər ümumi verilən rəyi adətən həmin performansa (şagirdin şeri əzbər demə forması, inşanı yazma şəkli, misalı həll forması və s.) verilən rəy kimi deyil, ümumi onların şəxsiyyətinə yönəlik fikir kimi qavrayırlar. Məsələn, şagird dərs haqqında fikirlərini dedikdən sonra və ya misalı həll etdikdən sonra “çox pis” sözünü eşidirsə, bunu özünün – bir insan olaraq pis, bacarıqsız biri olduğunu düşünür və motivasiyası sınır. Buna görə də, şagirdin tam olaraq nəyi düzgün etdiyini və nəyin üzərində daha çox çalışmalı olduğunu demək vacibdir və verilən rəyin onun etdiyi tapşırığa yönəldiyini uyğun cümlələrlə bildirmək vacibdir.
  • Zamanlama. Şagirdlərə rəyi müəllim onlar hər dəfə hansısa tapşırığı və ya ev tapşırığını yerinə yetirdikdən dərhal sonar verməlidir.
  • Hörmət. Burda, rəy bildirərkən nəzərdə tutulan “hörmət” anlayışı, müəllimin rəyi bildirərkən düzgün səs tonunu istifadə etməli olduğunu nəzərdə tutur: hansı səs tonu ilə verilməsindən asılı olaraq, verilən rəy fərqli təsirlərə malik olur. Sərt, tənqidi formada bildirilən fikir əks təsir verə bilər.
  • Düzgün formada verilən rəy şagirdləri daha çox çalışmağa motivə etməlidir. Şagirdin üzərində işləməli hissələri qeyd edərkən, həm də nələri yaxşı etdiklərini bildirmək onları həvəsləndirə bilər.
  • Bir cəhətə fokuslanmaq. Şagirdin performasında inkişaf etdirilməli bir neçə məqam ola bilər. Müəllim bunlardan ən vacibini (birini) seçərssə və onu inkişaf etdirməyi tapşırarsa, həmin bacarığın inkişafı daha sürətli olar.
  • İndividual yanaşma. Məktəb vaxtı “bu sinif zəif sinifdir” cümləsini çox eşidirdim və bəli, doğru deyirdilər, çalışan, oxuyan şagirdlərin sayı azaldıqca azalırdı və sonuda 9-cu sinifi bitirdikdən sonra özinamları sınan bir çox tələbə məktəbdən çıxdı. Nəzərə almaq lazımdır ki, hər bir şagirdin özünün fərqli xüsusiyyətləri və fərqli inkişaf ehtiyacları var. Şagirdlərə yazılı şəkildə və ya dərs bitdikdən sonra təkbətək danışmaq effektiv təsir edir: şagird onlara olan xüsusi diqqəti görür və bu, onları motivə edir. Bundan əlavə, o, özünü başqaları ilə yarışmaq və müqayisə etmək kimi stressli bir” yükün altında əzilmiş” hiss etmir.
  • Rubriklər. Əvvəlcədən hazırlanmış rubriklər şagirdlərə tapşırıqları hazırlayarkən nələrə diqqət etməli olduqlarına kömək edir.

 

Rubrik nümunəsi

Qeyd! Rubrik nümunəsi sıradakı linkdən götürülüb.

http://leylabayramova.blogspot.com/

Bəs siz rəyi necə bildirirsiz? Bizə bu barədə yazın.

 

İstinadlar

 

https://www.edutopia.org/blog/tips-providing-students-meaningful-feedback-marianne-stenger

https://www.teachthought.com/pedagogy/20-ways-to-provide-effective-feedback-for-learning/

https://www.education.vic.gov.au/school/teachers/teachingresources/practice/Pages/insight-feedback.aspx

 

Əminət Diqanayeva

ELTE Universiteti, Təhsilin İdarəedilməsi ixtisası, Magistrartura Tələbəsi

Qeyd: Əziz müəllimlər, təhsil sahəsində çalışanlar və çalışmaq istəyənlər. Edu Talks adlı səhifəmizi izləməyə dəvət edirik. Yalnız təhsilə aid paylaşımlar ilə tanış ola bilərsiniz. Edu Talks

Bir cavab yazın

Back to top button