18 Fevral 14:10

Müəllimlər şagirdlərin işlək yaddaşı haqqında bunları bilməlidirlər

Müəllimlər şagirdlərin işlək yaddaşı haqqında bunları bilməlidirlər

İşlək yaddaş psixoloqlar tərəfindən qısamüddətli yaddaşa verilən digər addır. İşlək yaddaş dedikdə beyinin qısamüddət ərzində informasiyanı yadda saxlayıb həmin informasiyanı istifadə edə bilməsi nəzərdə tutulur. Buna nümunə üçün şifahi olaraq, qələm və ya kalkulyatordan istifadə etmədən riyazi toplama, çıxma, vurma və ya digər riyazi əməllərin yerinə yetirilməsini göstərmək olar. Bunu üçün ilkin olaraq verilən rəqəmləri yadda saxlamaq, sonra artıq öyrənmiş olduğumuz riyazi qaydaları yadımıza salamaq və son olaraq verilən misalı həll edib düzgün cavab tapmaq tələb olunur.

Riyazi hesablamalar işlək yaddaş üçün verilmiş nümunələrdən yalnız biridir. Digər nümünələrə daxildir:

-qələm , kağız axtararkən bizə deyilmiş telefon nömrəsini, PİN kodu və ya maşın nömrəsini yadda saxlamaq;

-getmək istədiyimiz ünvanı küçədə kimdənsə soruşduqdan sonra, istiqamətləri yadda saxlamaq;

-supermarketdə kassaya çatmazdan əvvəl səbətdəki aldığımız ərzaqların qiymətini şifahi olaraq hesablamaq və s.

Nümunələrdən göründüyü kimi, biz işlək yaddaşdan qələm, kağız olmayanda bir növ “qaralama” kimi istifadə edirik.

 

İşlək yaddaşın sərhədləri məhduddurmu?

Bəli, təəssüflər olsun ki, məhduddur və bir sıra hallarda bizi yanılda bilər. Aşağıda qısamüddətli yaddaşdan məlumatın silinməsinə və ya itməsinə təsir göstərən hallara nümunələr verilib.

-Diqqətin yayındırılması. Vəziyyətlə əlaqəli olmayan başqa bir fikrin yada düşməsi, ani telefon zəngi və sairə işlək yaddaşdan məlumatın itməsinə səbəb ola bilər.

-Yaddaşda həddindən çox informasiyanı saxlamağa çalışmaq. Məsələn, bir çoxumuz  789 və 831 ədədlərini şifahi olaraq vura bilmərik. Çünki, bu riyazi əməli yerinə yetirərkən yadda saxlamalı olduğumuz məlumatın həcmi çox böyükdür və bu bir çox insanın qısamüddətli yaddaşının yadda saxlama həcmini aşır.

İşlək yaddaşdan məlumat itirildikdə, onu geri qaytarmaq olmur. Ona görə də, etmək istədiyiniz riyazi hesablamanı və ya yadda saxlamalı olduğunuz informasiyanı yenidən başlamalısınız.

 

İşlək yaddaşın həcmi hər kəsdə eynidirmi?

Xeyr. Hər insanın işlək yaddaş tutumu fərqlidir və bu həm də fəaliyyət sahəsindən də asılı olaraq dəyişə bilər.

Qısamüddətli yaddaşın həcmi uşaqlıqda yaş artdıqca böyüyür. Yeniyetmələrlə müqayisədə kiçik yaşlı uşaqların işlək yaddaşlarının həcmi çox kiçikdir və yetişkin insanın qısamüddətli yaddaşı dörd yaşlı uşaqlarınkından iki dəfə böyük olur.

Eyni yaşlı uşaqların işlək yaddaş həcmi bir-birlərindən xeyli fərqlənə bilər. Araşdırmalar göstərir ki, uşaqlıqda işlək yaddaşı öz yaşıdlarından zəif olan uşaqlar böyüdükdən də sonra da yaddaşın həcminə görə öz yaşıdlarından geri qalır.

 

Qısamüddətli yaddaşın dərs öyrənmə zamanı əhəmiyyəti nədir?

Sinifdə keçirilən müxtəlif fənlərlə bağlı olan çalışmalar uşaqların qısamüddətli yaddaşı üzərində basqısı çoxdur. Məsələn, Azerbaycan dili dərslərində yazılan imlalar buna misal ola bilər. Şagirdlər müəllimin dediyi cümləni yadda saxlayıb eyni zamanda da hərf səhvi etmədən yazmalıdırlar. Qısamüddətli yaddaşında problem olan şagirdlər bu tipli çalışmaları yerinə yetirərkən daha çox çətinlik yaşayırlar. Nəticə olaraq, onlar verilən tapşırığı  tam və düzgün şəkildə yerinə yetirə bilmir və bu da onların öyrənmə sürətini zəiflədir. Bu tipli şagirdlər müəllimlərin verdiyi uzun təlimatları unudurlar və tapşırığı yerinə yetirə bilmirlər. Bu, əksərən şagirdin diqqətli olmaması ilə əlaqələndirilir, halbuki, bu onların sadəcə deyilənləri unutmalarının nəticəsidir. Sinifdə müəllimlər tərəfindən gündəlikdə və ya dərslə bağlı verilən təlimatları bir çox şagirdlər asanlıqla yadda saxlasalar da, işlək yaddaşları zəif olan tələbələr üçün bu həmişə çətindir.

Bəzi şagirdlərin qısamüddətli yaddaşlarının zəif olmasının nə ilə bağlı olduğu hələ tam olaraq məlum deyil. Dəqiq olan odur ki, bu, onların ailədəki problemləri, maddi vəziyyətləri və sairə ilə qəti şəkildə əlaqəli deyil. Problemin irsi olduğu güman olunur.

Sinifdə işlək yaddaşı zəif olan şagirdlərə müəllimlər necə dəstək ola bilərlər?

Baxmayaraq ki, qısamüddətli yaddaşın inkişaf etdirilməsinə dair tam olaraq heç bir metod kəşf edilməyib, müəllimlər dərs zamanı həmin şagirdlərə müxtəlif formalarda dəstək ola bilərlər. Hər bir halda, hansı metodun istifadə olunmasından asılı olmayaraq, məqsəd dərsdə nəzərdə tutulan tapşırığın uğurla yerinə yetirilməsi olmalıdır.

1. İlkin olaraq işlək yaddaşdakı problem aşkarlanmalıdır. Bu problemlər özünü aşağıdakı formalarda göstərir.

-verilən təlimata şagirdin tam əməl etməməsi, əgər cümlə yazırsa, cümləni və cümlədəki sözləri yarımçıq yazması;

-tapşırığı ümümiyyətlə yerinə yetirməməsi;

-dərs danışarkən cümlədəki sözləri buraxması.

Əgər bu hallar yaşanarsa, verilən təlimatı daha sadə bir şəkildə verərək işlək yaddaşın yükünü azaltmaq məsləhətdir. Məsələn, imla yazarkən cümlələri hissə hissə və təkrar demək, riyazi hesablamaları hissələrə bölüb yerinə yetirmək.

2. Şagirdə nəzarət etmək, dərs zamanı fəaliyyətini izləmək. Bunlara daxildir:

-şagirdin yaddaşının çox yükləndiyinə dair əlamətləri aşkarlamaq;

-şagirdə birbaşa sual vermək: şagirddən nə etdiyini və nə edəcəyinə aid detallı suallar vermək.

 

Şagird vacib məlumatı unutduğu halda:

-məlumatı uyğun şəkildə təkrarlayın;

-tapşırığı kiçik hissələrə bölərək izah edin ki, qısamüddətli yaddaş çox yüklənməsin;

-şagirdə lazım olduqca yenidən sual verə biləcəyini deyərək həvəsləndirin.

 

3. Vacib olan məlumatları dəfələrlə təkrar edin.

 

4. Qısamüddətli yaddaşlarında problem olan şagirdlər adətən informasiyanı unutduqlarını anlayırlar, lakin bunu necə aradan qaldıracaqlarını bilmirlər. Belə hallarda müəllimin vəzifəsi onlara məlumatları yadda saxlamaq üçün müxtəlif vasitələr göstərməkdir. Bunlara daxildir:

-vacib məlumatı dəfələrkə təkrarlamaq (oxuyaraq, şifahi öz-özünə deyərək);

-vacib olan məlumatların yazılaraq, rəsmini çəkərək və sair formalarda qeyd etmək.

-unutduğunu düşündükdə hər zaman sual verərək müəllimdən soruşmaq.

Əminət Diqanayeva

ELTE Universiteti, Education Science ixtisası. Magistrartura Tələbəsi

Bəyən və paylaş